alm. eisberq – buz dağı
Buzlağın kənarından qopub dəniz və ya okeanda üzən böyük buz parçası.
Ən iri A.-lər Antarktida və Qrenlandiyanın şelf buzlaqlarından qopur. Antarktida materikinin sahəsinin 98%-i, Qrenlandiya adasının sahəsinin təqribən 85%-i belə buzlaqlarla örtülüdür. A.-in qət etdiyi məsafə onun ölçüsündən asılıdır. Qrenlandiyadan (60-70° şm.e.) ayrılan A.-lər su cərəyanları vasitəsilə Nyufaundlend adasına qədər (48° şm.e.) gəlib çatır. Antarktida ətrafında A.-lərin iki dreyf zonası var: şərqdən qərbə atmosfer sirkulyasiyası ilə əlaqədar sahilyanı dreyf zonası və dayanıqlı şərq cərəyanı ilə əlaqədar şərq dreyf zonası. Şərqi Antarktidada tərkibindəki şirin suyun həcmi 4165 km³-ə çatan on minlərlə A. müşahidə edilib. Buzun və dəniz suyunun sıxlığından asılı olaraq A.-lərin kütləsinin təqribən 5/6 hissəsi su altında qalır. Onlar gəmilər üçün böyük təhlükə törədir. 1912-ci il aprelin 14-də Liverpuldan Nyu-Yorka gedən nəhəng sərnişin gəmisi “Titanik” məhz A.-lə toqquşma nəticəsində məhv olmuşdu.
Coğrafiya terminləri lüğəti