yun. atmos – buxar + yun. sphaira – kürə
1. Səma cisminin qazlardan ibarət örtüyü.
Planetlərarası boşluqla A. arasında əksər hallarda kəskin fərq və sərhəd olmur, odur ki “örtük” dedikdə məhz səma cisminə cazibə qüvvəsi ilə bağlı olan və onunla birlikdə hərəkət edən qaz kütləsi nəzərdə tutulur. Bir çox planetlərin, o cümlədən “qaz nəhəngləri”nin A.-i var. Onlar müxtəlif tərkibə və qalınlığa malikdir. Yer planetinin A.-i həm Yerin öz oxu ətrafında, həm də Günəş ətrafında fırlanmasında iştirak edir. O, 78% azotdan, 21% oksigendən, 1% digər elementlərdən ibarətdir, planetin kütləsinin təqribən milyonda birini təşkil edir. Yer A.-inin alt sərhədi okean səthi hesab olunur, üst sərhədi isə elmi ədəbiyyatda şərti olaraq ekzosferlə müəyyənləşdirilir, lakin müxtəlif hündürlüklərlə məhdudlaşdırılır: 1000 km, 1300 km, 3000 km və s. Belə ki, A. planetlərarası boşluğa tədricən keçir, bu səbəbdən onun yuxarı sərhədini dəqiq təyin etmək çətindir; məsələn, Beynəlxalq Aviasiya Federasiyası ilə NASA tamamilə fərqli meyardan çıxış edir və A.-in son həddi kimi aerodinamik aviasiyanın qeyri-mümkün olduğu səddi əsas götürür (müvafiq olaraq 100 km və 122 km). Yuxarı qalxdıqca A. seyrəkləşir, onun təzyiqi, temperaturu, digər fiziki-kimyəvi xassələri dəyişir, sərbəstləşmiş elektronlar “örtük”dən qoparaq kainata uçur. A. şaquli istiqamətdə 5 təbəqəyə bölünür: troposfer, stratosfer, mezosfer, termosfer (ionosfer), ekzosfer.
2. Təzyiqin sistemdənkənar ölçü vahidi.
1 A. 760 mm civə sütununun təzyiqinə, 1,0334 kq/sm2-ə, 101325 paskala bərabərdir.
Coğrafiya terminləri lüğəti