azar sözünün dilimizdə iki mənası var: 1. Od, atəş, oda xidmət göstərən mələk, atəşgah. 2. Yeganə igid, nadir adam. Azər şəxs adı sözün birinci mənası ilə əlaqədar olub, od, alov, atəş mənasındadır.
Qədim atəşpərəstliyə görə, Azər Günəşin və odun vəkili bir mələkdir. Adın mənşəyi haqqında bu gün də müxtəlif fikirlər mövcuddur. Dilçilikdə mübahisə doğuran adlardan olan Azər antroponiminin araşdırmalarda Az etnik tayfasının adından olub, böyük, qüdrətli kişi anlamını verdiyi barədə məlumatlara da rast gəlinir. Bir çox mənbələrdə hətta Azərbaycan xalqının adı kimi izah olunur. İranda Günəş təqvimində ilin doqquzuncu, payızın üçüncü ayının (22 noyabr – 21 dekabr) adıdır. Digər mənbələrdə yeganə, igid, nadir adam kimi də izah olunur. İslam dini ilə əlaqədar tədqiqatlarda Azər şəxs adının “Quran”da Həzrət İbrahimin atasının ismi ilə əlaqədar olması barədə məlumatlar mövcuddur. Din tədqiqatçıları Azər adında birindən “Quran”da bəhs edildiyini qeyd edirlər. Həqiqətən də “Əl-Ənam” surəsində Azər (vurğu sözün birinci hecasına düşür) adına rast gəlinir, lakin ayədən də məlum olur ki, bu şəxs Həzrət İbrahimin atası deyildir. Hərçənd “Quran”da bu mövzuda “əb” (ata) sözü işlədilmişdir. Qeyd etmək lazımdır ki, mənbə dildə fars dilində də, Azərbaycan dilində də Azər adı tələffüz edilərkən vurğu ikinci hecaya düşür (a səsi uzun tələffüz edilir). Bu gün Azərbaycanda, İrandan fərqli olaraq (demək olar ki, fars dilində bu ada təsadüf edilmir), Azər antroponimi nəinki populyarlığını saxlamaqda davam edir, həm də törəmələrinə də təsadüf edilir. Məsələn, Azərçin, Azərə, Azərin və s. İranda Azər yalnız qadın adı olsa da, bizdə kişi adı kimi daha çox işlənir. Çox nadir hallarda da olsa, Azərbaycanda Azər adını daşıyan qadınlara rast gəlinir. Bir məsələni də qeyd etmək lazımdır ki, Azərbaycan dilində XX əsrin iyirminci illərinə qədər Azər şəxs adı deyil, təxəllüs olmuşdur. Müəyyən dövrlərdə Azərbaycan ədəbiyyatı tarixində elə də bir zirvə qazanmamış bir neçə şair Azər təxəllüsü ilə şeirlər yazmışdır. Azərbaycan 1920-ci ildə öz müstəqilliyini əldə etdilkdən sonra Azər adı sanki xalqın varlığına, müstəqilliyinə bir alqış olaraq yayılmağa başlayır. Qeyd etmək yerinə düşərdi ki, Azərbaycan Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadə də öz oğlan övladına bu adı vermişdi. H.Cavidin “Azər” poeması da bu dövrün məhsuludur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti