Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ŞİRİN

fars. çirin sözü əslində ağızda şəkər, qənd, bal və s. kimi xoş tam verən, dadlı, ləzzətli mənasındadır.

Lakin sözün səfalı, zövq verən, ürəyə yatan, xoşagəlimli, əziz, fərəhli, məsud, mehriban və s. məcazi mənaları da vardır. Adətən Şirin qadın adı ilə bağlı bəhs edənlər onu tarixi şəxsiyyət kimi göstərmişlər. N.Gəncəvinin “Xosrov və Şirin” əsərindəki Xosrov kimi, Şirin obrazının da prototipi olduğunu qeyd etmişlər. Lakin bəzi tarix kitablarında, salnamələrdə rast gəlinən Şirin heç də əsərdəki qəhrəmanın prototipi deyildir. Şirin adı qədim əsatirlərdə, əfsanələrdə mövcud olmuşdur. Qonşu xalqlar arasında da məşhurlaşmış, sonralar N.Gəncəvinin əsərində tarixi hökmdar surəti Xosrovla əlaqələndirilmişdir. Xosrov adından istifadə əslində, bir növ, ədəbi priyom olmuşdur. Şirin surətinin daha canlı, hərtərəfli alınması üçün şair Xosrovdan bədii vasitə kimi istifadə etmişdir. Bir sözlə, əsərdəki Şirin tarixi şəxsiyyət olmayıb, xalq yaradıcılığı nümunələrindən gələn bir inci kimi, dahi sənətkarın sevimli Afaqına (bax: ad – AFAQ) bənzətdiyi idealıdır. Nizami özü də bu barədə poemada qeyd etmişdir. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Şirin adı xoşagələn, ürəyəyayımlı, məsud mənalarını ifadə edir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti