ərəb. umm/ümm sözü ilə əlaqədardır. Məlum olduğu kimi, dilimizin antroponimik vahidlər sistemində İslam dinində müqəddəs sayılanların, seçilmişlərin adlarından, onların ailə üzvlərinin adlarından, eyni zamanda ləqəblərindən, künyələrindən olan kifayət qədər kişi və qadın adı yer almışdır.
İslam dini ilə bağlı mənbələrdə Ümmülhəsən, Ümmülhüseyn, Ümmülmöhsin, Ümmuləimmə, Ümmüəbiha və Ümmülmöminin Məhəmməd Peyğəmbərin qızı Fatimənin (bax: ad – FATİMƏ) künyələri kimi qeyd olunmuşdur. Göründüyü kimi, Ümmül də Fatimənin künyələrindən formalaşmış (qısaldılmış, yaxud ixtisar edilmiş forma da demək olar) qadın adıdır. Adın təhrif edilmiş forması olan Ümbül də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir. Artıq Ümmül də, Ümbül də məişətimizdə köhnəlmiş qadın adları sırasındadır. Bu gün adın daşıyıcılarına əhalinin yaşlı təbəqəsi arasında təsadüf etmək olur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti