Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏLİİSA ərəb.

mürəkkəb adların tərkibində işlənən Əli İsa adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Əliisa (bax: ad – ƏLİ; İSA) kişi adı İslam dinində müqəddəs sayılan şəxslərin – Həzrət Əlinin və İsa Peyğəmbərin adlarından yaranmış antroponimdir. Dilimizin fonetik qanunlarına əsasən, iki sözün birləşməsindən (birinci söz saitlə bitib, ikinci söz saitlə başlayarsa) əmələ gələn adlarda yanaşı gələn saitlərdən birinin düşməsi nəticəsində Əliisa adı bu gün Əlisa formasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏLİMƏHƏMMƏD ərəb.

mürəkkəb adların tərkibində işlənən Əli ilə Mahammad adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar şəxs adları sırasında olan Əliməhəmməd (bax: ad – ƏLİ; MƏHƏMMƏD) kişi adı müsəlman aləmində müqəddəs hesab edilən iki şəxsin – peyğəmbərin və Xilafətin dördüncü xəlifəsi Əlinin adı ilə əlaqədardır. Adın təhrif olunmuş forması Əliməmməd də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün ad, əsasən, Əliməmməd biçimindədir. Adın daşıyıcılarından biri də tarixi şəxsiyyətlərdən olan İrəvan xanı Əliməhəmməd xan olmuşdur. İrəvan xanlığının tarixində Əliməhəmməd xanın hakimiyyəti 1784-1805-i illərə təsadüf edir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏLİMƏRDAN ərəb.

mürəkkəb adların tərkibində işlənən Əli və fars. Mardan adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Əlimərdan (bax: ad – ƏLİ; MƏRDAN) kişi adı mərd insanlardan, mərd kişilərdən olan Əli mənalarını ifadə edir.

Adın daşıyıcılarından siyasi və dövlət xadimi, publisist alim Əlimərdan bəy Topçubaşov (1862-1934) Azərbaycan Demokratik hökumətində Xarici İşlər naziri, Azərbaycan parlamentinin üzvü olmuş, ilk iclasda sədr seçilmişdir. İki qardaş xalq arasında əlaqələr yaratmaq tapşırığı ilə Türkiyədə olan Əlimərdan bəy Versal sülh konfransında iştirak etmək üçün göndərilən Azərbaycan nümayəndə heyətinə başçılıq etmək tapşırığını alan kimi İstanbuldan birbaşa Fransaya yola düşmüşdür. 1920-ci ildə Azərbaycanda kommunist rejimi qurulduqdan sonra vətənə qayıtmamışdır. Parisdə mühacir həyatı yaşayarkən müntəzəm olaraq nəşr etdirdiyi kitablarda dünya ictimaiyyətinə bolşevik Rusiyasının Azərbaycan xalqına qarşı müstəmləkə siyasəti yürütdüyünü çatdırmışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏLİNAĞI ərəb.

mürəkkəb adların tərkibində işlənən Əli Nağı adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar şəxs adları sırasında olan, Xilafətin dördüncü xəlifəsi Əlinin və şiəlikdə X imam Nağının adlarının birləşməsindən yaranmış Əlinağı (bax: ad – ƏLİ; NAĞI) kişi adı pak, saf Əli anlamındadır. Adın təhrif olunmuş forması Ənnağı da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. XX əsrdə, əsasən, Ənnağı şəklində mövcud olan ad bu gün artıq Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olub, yalnız soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏLİPƏNAH ərəb.

mürəkkəb adların tərkibində işlənən Əli Panah adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Əlipənah (bax: ad – ƏLİ; PƏNAH) kişi adı Əliyə sığınan, Əliyə pənah gətirən anlamındadır. Adın məşhur daşıyıcılarından Əlipənah Şıxbaba oğlu vaxtilə daşoyma sənətinin el ustası, el sənətkarı kimi ad qoymuşdur. Bakı ətrafında bir neçə məscidin memarlığında daşoyma işlərində iştirak etmişdir. Bunlardan günümüzə gəlib çatmış, üstündəki ərəbcə kitabəsində “Usta Əlipənah” adı olan Buzovna məscidini, Nardarandakı Cümə məscidinin memarlığı və daşoyma işlərini göstərmək olar.

Azərbaycan şəxs adlarının izahlı lüğəti