Reklam
Reklam

Məsəllər, deyimlər

BİR GÖZÜ ALA DAĞA BAXIR, BİR GÖZÜ QARA DAĞA...

►Konkret qərar verə bilməyən, dəqiq və sabit mövqeyi olmayan, tez-tez fikrini dəyişən, hərdəmxəyal adamlarla bağlı işlədilən ifadə.

İfadə rənglər haqqında qədim xalq təsəvvürlərindən qaynaqlanır.

Qәdim zamanlarda adamlar cәhәtlәri rәnglәrin adı ilә ifadә edərdilәr. Bir sıra dağ, çay vә s. adlarını nәzәrdәn keçirdikdә mәlum olur ki, onlarda «ağ» vә «qara» sözlәri müxtəlif cәhәtlәri әks etdirir: Ağsu–Qarasu, Ağ çay–Qara çay, Ağ (ala) dağ–Qara dağ vә s. Güman ki, yuxarıdakı ifadәdә «ağ» әvәzinә «ala» işlәnmәsi ritm, ahәng mәqsәdilә baş vermiş bir hadisәdir.

«Ala dağ–Qara dağ» ifadələrinə «Kitabi-Dədə Qorqud» toponimlərində də rast gəlmək olar – dastanda «Ala dağ–Qara dağ», «Ala dərə–Qara dərə» kimi ifadələr yer alıb.

«Bir gözü Ala dağa baxır, bir gözü Qara dağa» deyimində də bir-birinə əks olan rənglərin «ala» ilə «qara»nın qarşılaşdırılması, əslində, təzad yaratmaqla ifadə olunan fikri daha da gücləndirmək məqsədi güdür.

Müasir danışıq dilindә «Bir gözü şimala baxır, bir gözü cәnuba», «Bir gözü şәrqә baxır, bir gözü qәrbә» ifadәlәri dә işlәdilir vә hər biri qəti qərara gələ bilməməyi, tərəddüd etməyi bildirir.

Ana dilimizdə bəzi məqamlarda bu ifadə kimdəsə çəpgözlüyü bildirmək məqsədilə də işlədilir.

Məsəllər, deyimlər

BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ!

►Baş tutmuş hər hansı istək və niyyətin keçici deyil, uzunmüddətli olacağına dərin inamı göstərmək məqsədilə işlədilən ifadə.

İfadə Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə (1884–1955) tərəfindən parlamentin ilk iclasında səslənmişdir.

Bütün Şərq-müsəlman aləmində ilk demoktatik dövlət kimi meydana çıxmış Azərbaycan Cümhuriyyəti tarixin keşməkeşli dövründə iki ilə yaxın ömür sürmüşdür. Bu müddətdə bir sıra demokratik təsisatlar qurulmuş, o cümlədən ölkədəki bütün partiyaların təmsil olunduğu parlament – Məclisi-Məbusan fəaliyyət göstərmişdir.

Parlamentin ilk iclasının keçirildiyi gün (7 dekabr 1918-ci il) paytaxtda böyük bir təntənə və ruh yüksəkliyi hökm sürürdü, məclisin toplaşdığı bina başdan-başa milli bayraqlarla bəzədilmişdi.

Milli Şuranın sədri M.Ə.Rəsulzadə parlamentin açılışında parlaq nitq söyləmişdir. Üzeyir Hacıbəyli bu münasibətlə «Azərbaycan» qəzetində yazdığı «Təəssürat» məqaləsində (9 dekabr 1918, №60) göstərir ki, Məhəmməd Əmin nitqi-iftitahisində bu üç rəngin: «Türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə – bu bayraq endirilməz!» – dedikdə bütün məclis ayağa qalxıb əl çala-çala bayraqları salamlarkən təəssürati-fövqəladəmdən başımın tükləri biz-biz durdu».

Cümhuriyyət banisi göstərilən ifadəni tam şəkildə və inamla Azərbaycanın müstəqilliyi Paris sülh konfransında tanındıqdan sonra parlamentin bu münasibətlə 1920-ci ilin 14 yanvarında keçirilən xüsusi iclasındakı çıxışında səsləndirmişdir. M.Ə.Rəsulzadə bu məşhur ifadəni cümhuriyyətin süqutundan sonrakı yazı və nitqlərində, o cümlədən 1953-cü ildə «Amerikanın səsi» radiosu ilə çıxışında da səsləndirmişdir. Həmin məşhur çıxışda deyilir:

– Ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: «Bir kərə yüksələn bayraq bir daha enməz!»

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən (18 oktyabr 1991) və cəmiyyətdə istiqlal düşüncəsi dərinləşdikdən sonra bu ifadə daha geniş yayılmışdır.

Məsəllər, deyimlər

BİRGÜNLÜK XƏLİFƏ

►Müvəqqәti, çox qısa vaxtda hakimiyyәt sürәn, vəzifə başında çox az müddətdə olan adamlar haqqında işlәdilən ifadə.

İfadənin «Min bir gecә» nağılları ilә әlaqədar yarandığı güman olunur.

Bəzən bu ifadәnin təsirini daha da qüvvәtlәndirmәk mәqsədilә «birsaatlıq xәlifə» də deyilir. Tәdqiqatçılar ifadəni həm tarixi həqiqətlə, həm də məşhur «Min bir gecә» nağılları ilә әlaqəlәndirirlәr. Bu nağılların birində deyilir ki, Bağdadda Əbu Həsən adlı yoxsul bir gənc varmış. Ağır ömür sürən bu oğlan daim dövlətlənib varlanmaq, hətta xəlifə belə olmaq ümidi ilə yaşayırmış.

Bir gün tacir qiyafəsində şəhəri gəzən xəlifə Harun ər-Rəşid təsadüfən onun evinə qonaq gəlir. Ev yiyəsi söhbət əsnasında, heç olmasa, bir saat, bir gün xəlifəlik etmək arzusunda olduğunu söyləyir. Bu söz Harun ər-Rəşidi çox maraqlandırır. Xörək yeyərkən o, şərabın içərisinə bihuşdarı töküb oğlanı yatırdır, sonra öz adamlarını çağırıb onu saraya apartdırır. Bir gün xəlifəlik etdikdən sonra oğlanı yenə huşsuz vəziyyətdə öz evinə qaytarır. Sabahı gün oğlan yuxudan oyanıb röyada öz arzusuna çatdığını zənn edir.

Tarixi gerçəkliyə gəlincə, mәlumdur ki, IX әsrdən başlayaraq Abbasi xәlifәləri yalnız xüsusi qoşun qüvvәlәrinin köməyi ilә taxta sahib olur və hökmranlıq edirdilər. Artıq qvardiya vasitәsilə Abbasilərdәn birini hakimiyyәtdәn salıb başqasını taxta oturtmaq adi bir hala çevrilmişdi. Abbasi xәlifәlәrindən cәmi bir gün hakimiyyәt sürәn xəlifә İbn әl-Mutazz olmuşdu. O, xәlifə Müqtәdirə qarşı yönәlmış saray çevrilişi nəticәsində (17 dekabr 908-ci il) hakimiyyәti ələ almış və həmin gün dә başqa bir çevriliş nəticәsindә öldürülmüşdü.

Bu məsələyə M.F.Axundzadənin «Aldanmış kəvakib» əsərində daha konkret şəkildə toxunulur. Şah Abbas münəccimlərin və ruhanilərin məsləhəti ilə gözlənilən təhlükədən sovuşmaq üçün taxtdan əl çəkib üç günlüyə Yusif Sərracı şah elan edir.

Məsəllər, deyimlər

BİRLİKDƏ BİR PUD DUZ YEMƏK

►Bir şәxsi uzun müddәt ərzində yaxşıca tanımaq, dostluq və yoldaşlıq etmək, hər xasiyyətinə dərindən bələd olmaq.

İfadə qədim rəvayətlərdən və müqəddəs kitablardan qaynaqlanmışdır.

Qədim zamanlarda duz çox dәyәrli, qiymәtli bir nemət hesab olunurdu, hәtta bәzәn qızıl qiymәtinә satılırdı. Duz bəşər övladına çox qədimlərdən məlumdur. İnsanın onunla tanışlığının tarixi yeddi min ildən çoxdur. Xalq adәtlәrindәn biri – qonşunun pay göndәrdiyi qaba duz qoyulub qaytarılması da bununla әlaqәdardır. Danışıq dilindәki «duz günü» ifadәsi dә, güman ki, duzun tәsәrrüfat vә mәişәt әhәmiyyәtini göstәrir.

Qədim yunan şairi Homer duzu müqəddəs substansiya, yəni bütün cisimlərin və hadisələrin ilk əsasını təşkil edən maddə adlandırırdı. Yunan və Roma mütəfəkkirləri duzu yüksək qiymətləndirir və yazırdılar ki, bu maddə çörəkdən savayı bütün qidaları əvəz edə bilər. Onu «Tanrı sovqatı» adlandırırdılar. Qədim Romada hər gələn qonağa dostluq nişanəsi kimi duz hədiyyə edirdilər.

Xristianlıqda duz uzunömürlülük, sarsılmazlıq və müdrikliklə əlaqələndirilir. Katolik kilsəsində körpəni xaç suyuna salarkən ağzına duz da qoyurdular. İslam dinində çörək Allah sovqatı sayıldığından onun duza batırılıb yeyilməsi çörəyin qorunması, bu isə Tanrı və onun təbəələri arasında birliyin olması deməkdir. Bundan başqa, islam aləmində duzun dəyişməzliyini əsas tutaraq sazişləri duzla təsdiqləyirdilər.

Hind əsgərləri komandirləri qarşısında duza and içirdilər. Qədim və müasir yəhudilərdə duz Allah ilə İsrail arasında sarsılmaz əlaqə rəmzi sayılır.

Dilimizdə «duz-çörək kəsmək», «duz-çörəklə qarşılamaq», «duz-çörəyi saxlamaq», «duz-çörəyi tapdalamamaq» kimi ifadələr də işlədilir.

Məsəllər, deyimlər

BİR-SIFIR (1:0) BALOĞLANIN XEYRİNƏ

►Ona hiylə gəlməyə çalışan birisinə heç də aldanmadığını, ehtiyat tədbiri gördüyünü, hazırlıqlı olduğunu bildirmək məqsədilə işlədilən ifadə.

İfadə rejissor Rauf Kazımovskinin çəkdiyi «Bəşir Səfəroğlu» sənədli filmindən (1969) qaynaqlanaraq yayılmışdır.

Həmin filmdə göstərilən epizodlardan birində böyük aktyorun oynadığı Baloğlan obrazı içki düşkünü kimi təqdim olunur. Həyat yoldaşı onu bu vərdişdən çəkindirməyə çalışsa da, məqsədinə nail ola bilmir. Sonuncu dəfə öz həyat yoldaşı Baloğlanı ən munis sözlərlə dilə tutur, içkini tərgitməyi və bunun təsdiqi kimi şüşədəki arağı boşaltmağa razı salır.

Baloğlan, həqiqətən, bu addımı atır və şüşədəki arağa «əlvida» deyərək onu yerə boşaldır. Xanımı isə ona təsəlli verərək bildirir ki, şüşədəki arağın yerə tökülməsinə çox təəssüflənməsin. Çünki o, işdə olanda həmin şüşədəki arağı özü boşaldaraq əvəzinə su töküb. Baloğlan isə qəhqəhə çəkib «qürurla» bildirir ki, o özü səhər işə gedəndə həmin şüşədəki arağı içərək içərisinə su doldurmuşdu. Ona görə də 1:0 Baloğlanın xeyrinə.

Bu gün kimsə ona pislik etməyə çalışan birisinə heç də aldanmadığını, əvvəlcədən ehtiyat tədbiri gördüyünü, bu işə hazırlıqlı olduğunu və daha çox özünün qalib gəldiyini bildirmək məqsədilə «1:0 Baloğlanın xeyrinə» ifadəsini işlədir.

Məsəllər, deyimlər

BİŞMİŞ TOYUĞUN GÜLMƏYİ GƏLİR

►Mənasız, cəfəng bir şey, yaxud yalan danışıq haqqında işlədilən ifadə.

Bu ifadə Ziyaəddin Nəxşəbinin Şərq ölkələrində geniş yayılmış «Tutinamə»sində təsvir olunan bir hekayətlə əlaqədardır.

Həmin hekayətə görə: «Girman əmirinin bir süfrə dostu var idi ki, güləndə ağzından qızılgül tökülürdü. Bir gün bu əmirin çox hörmətli qonaqları gəlir və əmir öz həmsüfrə dostunun qabiliyyətini onların qarşısında nümayiş etdirmək istəyir. Dostunun dalınca adam göndərir. Əmirin yanına getməkdə olan dostu arvadının əxlaqı ilə bağlı yolda kifir bir zəncinin dediyi sözdən çox məyus olur, kədərlənir və əmirin məclisində nə qədər çalışırsa, gülə bilmir. Bundan qəzəblənən əmir onu zindana salır.

Bu əmirin arvadı da qulluqçulardan birinin məşuqəsi imiş. Həmin gecə əmirin arvadı öz oynaşı ilə görüşür. Həbsxananın pəncərəsindən onları görən əmirin süfrə dostu qəhqəhə çəkib gülür. O saat ətrafa qızılgüllər səpələnir.

Səhəri gün əmirlə arvadının oturduğu yerə bağban bir dəstə nərgiz gülü gətirir. Əmirin arvadı o dəqiqə üzünü yana çevirib başdan-ayağa çadraya bürünür və deyir: «Nərgiz gülü adam gözünə oxşayır, mən isə istəmirəm ki, əmirin gözündən başqa bir göz məni görsün, əmirin gözündən qeyri bir göz mənə baxsın».

Onların süfrəsinə çoxlu bişmiş toyuq qoyulmuşdu. Bu sözlər deyilən kimi toyuqlar gülməyə başlayır. Arvad əmirin yaxasından yapışır ki, toyuqların gülməsinin səbəbini desin. Bu əhvalat ətrafa yayılır. Bişmiş toyuqların nə üçün güldüyünü heç kəs izah edə bilmir.

Əmirin süfrə dostu da bunu eşidir və əmirə xəbər göndərir ki, bu hadisənin səbəbini deyə bilər. Əmir köhnə dostunu yanına gətirtdirir. O da gülməməyinin səbəbini, həbsxananın pəncərəsindən gördüklərini əmirə danışır və bişmiş toyuqların nə üçün güldüyünü ona başa salır».

Məsəllər, deyimlər