Reklam
Reklam

Məsəllər, deyimlər

QOYUN SÜRÜSÜ

►Öz ağlı ilә deyil, başqalarına baxıb kor-koranə hәrəkәt edən, öz haqqını qoruya bilməyən fərdləri və ya insan qruplarını səciyyələndirmək üçün işlədilən ifadə.

İfadә Fransa yazıçısı Fransua Rablenin (1494–1553) «Qarqantua vә Pantaqruel» romanından qaynaqlanaraq yayılmışdır.

Romanda tәsvir olunur ki, Panurq gәmidә bir sürü qoç aparan Hinduşka adlı tacirlə rastlaşır, sözləri düz gəlmir və onunla söyüşür. Tacirin kobud davranışını bağışlamayan Panurq tacirin ən kök qoçlarından birini çox baha qiymətə alıb dənizə atır. Qalan bütün qoyunlar da bunun dalınca dənizə tullanır və beləliklə, sürünün hamısı dəryada qərq olur.

Bu əhvalat qədim Avropa nağıllarında da vardır. Əsərdə həddindən artıq qorxaq, ağlağan, çığırğan adam kimi təsvir olunan Panurqun adı qədim yunan mifologiyasındakı meşə allahı Panla əlaqədardır. Yarıinsan, yarıheyvan şəklində keçidırnaqlı, uzunsaqqalı və buynuzlu təsəvvür edilən Pan daim çaxnaşma törədir ki, «panika» sözü də buradandır.

Üzeyir Hacıbəylinin «Ha fikir edirəm, başa düşmürəm!» felyetonunda deyilir: «Ay Filankəs... yadındadırmı ki, sən məni ələ salıb söyləyirdin ki, bəli, şəhərimizdə camaat öz xeyir və şərini anlayıbdır, öz dost və düşmənini tanıyır və mən də sənə deyirdim ki, balam, vallah, inanma, onlar hələ qoyun sürüsüdür».

Məsəllər, deyimlər

QURBANƏLİ BƏYİN QONAQLIĞI

►Söz verib vədindən qaçan yalançı və lovğa adamları, dil pəhləvanlarının davranışını səciyyələndirmək üçün işlədilən ifadə.

İfadə Mirzə Cəlilin məşhur «Qurbanəli bəy» (1907) hekayəsindən sonra yayılmağa başlamışdır.

Mövzusu Azərbaycan mülkədarlarının həyatından alınmış bu hekayənin baş qəhrəmanı «Qapazlı» kəndinin mülkədarı Qurbanəli bəydir. Yazıçı onun lovğa təbiətini, mənəvi yoxsulluğunu və nadanlığını pristavın arvadının ad günü münasibətilə keçirilən ziyafətdəki hərəkətləri ilə, o cümlədən pristava dediyi «Naçalnik ağa, sən bizim başımızın sahibisən... Qurban sənə mənim canım, nə qədər ki mən sağam, nökərəm sənə» cümləsi ilə açır.

Qurbanəli bəy içkinin təsirindən tamam keflənərək ağaları və xanımları öz evinə qonaq çağırır. Amma sonra bunu unudaraq heç kəsə heç nə demədən sərxoş halda yıxılıb yatır. Səhəri gün qonaqların təşrif gətirdiyini biləndə vəziyyətdən çıxmaq üçün qaçıb tövlədə, at axurunda gizlənir və bu hərəkəti ilə daha gülünc vəziyyətə düşür. Qonaqlar dünən onun təriflədiyi atlarına baxmaq üçün tövləyə girib Qurbanəli bəyin axurda gizləndiyini görürlər.

Bu günün özündə də verdiyi sözdən qaçan adamı Qurbanəli bəyə, onun davranışını isə «Qurbanəli bəyin qonaqlığı»na oxşadırlar.

Məsəllər, deyimlər

QUŞ DİLİ

►Anlaşılmaz, mürəkkəb cümlələr və qәliz ibarәrlә dolu dil, danışıq tərzi haqqında işlədilən ifadə.

İfadə e.ә. 965–928-ci illәrdә hökmdarlıq etmiş Süleyman peyğәmbәr (Süleyman ibn Davud) haqqında dolaşan әfsanәlәrdən qaynaqlanır.

Həmin əfsanələrdə deyilir ki, Süleyman həm də bütün heyvanların vә quşların dilini bilirmiş, lazım gәldikdә onları sәslәyib öz hüzuruna gәtirәrmiş. Bu barәdә «Quran»ın «Qarışqalar» surәsində də məlumat verilir.

Şərqin görkəmli mütəfəkkiri Fәridәddin Әttarın bu əfsanə ilә әlaqәdar «Mәntiq-üt teyr» («Quşların nitqi») adlı fәlsәfi poeması mәşhurdur. Sufizm görüşləri və rәvayәtlәri әsasında yazılmış bu әsәrin iştirakçıları quşlar (һüd-һüd, tutu, tovuz, bülbül, qumru, turac, göyәrçin, şonqar vә s.) olub öz «quş dillərində» danışırdı. Buradakı «quş dili» ifadəsi həqiqi mәnadan әlavә, bir dә (әsasәn) rәmzi, sufi təriqətinə xas bir dil mәnasını da bildirir. Odur ki sufizmdәn xәbәrdar olmayanlar üçün bu dil müәmmalı, sirli, anlaşılmaz bir dil olaraq qalır. Sonralar, ümumiyyәtlә, anlaşılmaz, qәliz ibarәlәrlә dolu dilә tәdricәn «quş dili» demәyә başlamışlar.

«Kitabi-Dәdә Qorqud» dastanında «quzğun dili» ifadәsi işlənir: «On altı min ip üzәngili, keçə börkli, azğın dinli, quzğun dilli kafir (Qazanın önünә) çıxa gəldi».

«Quş dili» hәm dә sәciyyәvi bir arqo növüdür. Sözlərin hər hecasına müəyyən səsin artırılması ilə ünsiyyət saxlanmasına quş dili deyilir. Hər hansı bir səs (hərf) müəyyən quşun səsini//dilini işarə üçün sözlərə əlavə edilmiş olur. Odur ki ümumi «quş dili» әvәzinә daһa konkret «qarğa dili», «quzğun dili», «leylək dili» vә s. işlәdilir.

Məsəllər, deyimlər