►Hər şeyin asanlıqla əldə edildiyini düşünən, heç nəyə ciddi əhəmiyyət verməyən düşüncəsiz adamlar haqqında işlədilən ifadə.
Keçmiş zamanlarda ömründə ilk dəfə şəhərə gəlmiş bir çoban bazarda satılan şeylərə tamaşa edirdi. Dünyanın ən ləzzətli yeməli və ən gözəl geyməli şeylərini qabağına düzüb mat-mat baxan «səfeh adamlara» təəccüblənir, onların bu qəribə hərəkətinə ürəkdən gülürdü. Nəhayət, ləpə satılan yerdə satıcının kor olduğunu zənn edib barmaqlarını dükançının gözlərinə soxmaq istəyir. Dükançı diksinib çobandan soruşur:
− A kişi, dəli olmamısan ki, gözümü niyə çıxarırsan?
Çoban təəccüblə ona baxıb deyir:
− Bəs sən kor deyilsən?
Dükançı əsəbi halda cavab verir:
− Kor niyə oluram, lap yaxşı görürəm.
Çoban gülümsəyə-gülümsəyə soruşur:
− İndi ki kor deyilsən, ətrafında olanları yaxşı görürsən, bəs bu ləzzətli şeylərdən niyə yemirsən?
Dükançı əhvalatı başa düşüb deyir:
− Axı mayama zərər edər!
Çoban bunu eşidən kimi ovcunu ləbləbi-kişmişlə doldurub yeməyə başlayır və etinasız vəziyyət alaraq:
− Razıyam, qoy mənim mayama zərər eləsin, – deyir.
Məsəllər, deyimlər