►Adətən, uğursuz olacağı əvvəlcədən bilinən səfərə çıxan lovğa, təkəbbürlü, öz imkanlarını lazım olduğundan artıq qiymətləndirən adamlar haqqında kinayə ilə işlədilən ifadə.
İfadə Avropada diplomat və sərkərdə kimi məşhur olmuş Malbrukun adı ilə bağlı yaranmışdır.
Əslində, ifadə XVIII əsrdə ingilis hersoqu Con Çörçil Malboro (fransızlarda: Malbruk) haqqında yazılmış bir fransız mahnısının ilk sətridir. Mahnıda qadının öz müharibəyə getmiş ərini gözləməsindən bəhs edilir. Vaxt keçir və nəhayət, poçtalyon Malbrukun öldürülməsi haqqında xəbər gətirir. Poçtalyon həm də qadına təsəlli vermək üçün zabitlərin öz komandirlərini son mənzilə necə yola salmasından danışır, zabitlərin onun zirehini, qalxanını, uzun qılıncını necə aparmalarından bəhs edir.
1812-ci ildə Vətən müharibəsi zamanı Malbruk haqqında mahnı rus dilinə tərcümə olundu və Rusiyada çox məşhurlaşdı. Lakin rus variantında mahnının mətni çox dəyişdirilmişdi: orada döyüşdə deyil, qorxudan ölən sərkərdədən danışılırdı, təbii ki, bu variant Napoleona qarşı yönəlmişdi.
Getdikcə «Malbruk səfərə hazırlaşır» ifadəsi məcazi məna aldı: ya lovğa, öz imkanlarını lazım olduğundan artıq qiymətləndirən adam haqqında, ya da harasa getməyə, haranısa «fəth etməyə» hazırlaşan, amma bunun uğursuz olacağını əvvəlcədən bilən insana münasibətdə kinayə ilə işlədilir.
Məsəllər, deyimlər►Uzaq və əzab-əziyyətli yola çıxmağa, perspektivli bir işə başlamağa münasibətdə işlədilən ifadə.
Lüğəti mənasına görə uzaq mәsafәyә qaçışı bildirən ifadə 25 әsr әvvәl baş vermiş yunan-İran müharibәsi zamanı bir döyüşçünün qeyri-adi şücaəti ilə əlaqәdar yaranmışdır.
O dövrdə Yunanıstan bir sıra kiçik şәhәr-dövlәtlәrdәn ibarәt idi. Qüdrәtli İran hökmdarı Dara hәmin şәhәrlәrә qoşun yeritmiş, elçilәr göndәrәrәk onların tabe olmalarını tәlәb etmişdi. Afinada vә Spartada Daranın elçilәrini quyuya tullamışdılar. Bunu eşidәn İran ordusu Marafon çölündә Ellada qoşunları ilә döyüşə başlamışdı. E.ә. 490-cı ildә baş vermiş hәmin döyüşdә sayca iranlılardan az olan, qat-qat pis silahlanan yunanlar qәlәbә çalmışdılar.
Yunan qoşununda cәld qaçmaq qabiliyyәti ilә fәrqlәnәn Fidippid adlı döyüşçü nәfәs dәrmәdәn 42,5 kilometr qaçıb Afinanın mәrkәzi şәhәr meydançasına çataraq sevinclә «qәlәbә» deyә qışqırmış, sonra ürəyi partlamışdı. Sən demə, döyüş әrәfәsindә Fidippid müttәfiqlәrdәn kömәk istəmək üçün Afinadan Spartaya vә oradan da geriyə, özü dә üstündəki silahlarını çıxarmadan qaçmalı olmuşdu. Әsasәn, dağ aşırımlarından ibarәt bu yolda o, təxminən 200 km mәsafә qәt etmişdi. Afinaya qayıdandan sonra isә iranlılara qarşı әlbәyaxa döyüşlәrdә iştirak etmәli olmuşdu.
Fidippidin sonuncu qaçışını xatirәlәrdә әbәdilәşdirmәk üçün «Marafon qaçışı» ifadəsi yarandı. Afinanın şimal-şәrqindә olan düzәnlikdә isə sonralar Marafon şәhәri salınmışdı.
Məsəllər, deyimlər►Tәәccüblәnmәk, heyrətlənmək, bir söz deyә bilməmәk, quruyub qalmaq.
İfadә bəzi türk dillәrindә işlənən «qutu uçmaq» birləşməsindən yaranmışdır.
Bir sıra türk dillәrindә «qutu uçmaq» ifadәsi «qorxmaq», «canı çıxmaq – ölmәk» mәnalarında işlәdilir. Mәnanı qüvvәtlәndirmәk mәqsәdilә «qut» sözünә hәmqafiyә «mat» ünsürü sonradan bu tәrkibә әlavə edilmişdir. Xalq dilinə mәxsus belә әlavәlәr, adәtәn, mәnanı şiddәtlәndirmәk, intensivlik yaratmaq mәqsәdi güdür.
Çox müxtәlif vә hәtta omonim mәnalarda işlənәn «qutu qurumaq» ifadəsinin bir mәnası da ruh, can, hәyat qüvvәsi, nәfәs, boğaz demәkdir. Buradan da mәlum olur ki, həmin ifadә əvvəlcə boğazı qurumağı, nitqi batmağı bildirmişdir; məsələn, Molla Pənah Vaqifin bir şeirindә «Qutun qurur, nitqin batar, ağlarsan» deyilir.
Müasir dilimizdə bu deyim insanın gördüyü, rast gəldiyi, yaxud eşitdiyi bir şeydən hədsiz dərəcədə heyrətlənməyini, çox təəccüblənməyini ifadə edir.
Məsəllər, deyimlər►İnsana istehlakçı münasibəti, hər hansı insanın əməyindən öz məqsədi üçün istifadə edib sonra ona «daha gərək deyilsən» deyərək taleyin ümidinə buraxmağı bildirən ifadə.
İfadə böyük alman ədibi Fridrix Şillerin (1759–1805) «Genuyada Fiesko qəsdi. Respublika faciəsi» pyesindən (1783) qaynaqlanaraq yayılmışdır.
Həmin pyes 1547-ci ildə Genuyada baş vermiş real hadisələr əsasında yazılmışdır. Bu məşhur ifadə həmin pyesin personajlarından olan mavr Muley Həsənin dilindən səslənir. O, həyatını təhlükəyə ataraq respublikaçıların Genuya hakimi A.Doryaya qarşı qiyamında qraf Fieskoya kömək edir. Sonra qraf Fiesko öz qoçaqlığı ilə ona dəstək olmuş mavra işarə verir ki, artıq sən mənə lazım deyilsən. Beləliklə, artıq adama çevrildiyini görən igid mavr özü şəhəri tərk edir.
Tarixi məlumatlara görə, ərəb işğalından sonra Pireney yarımadasında islamı qəbul etmiş əhali mavr adlandırılırdı. Kordova xilafəti dövründə onların sayı xeyli çox idi. 1492-ci ildə mavrlara məxsus quru torpaqlar işğal edildikdən sonra həmin əhali xristianlığı qəbul etmədi, ona görə də müsəlman mavrlar ölkədən qovuldu.
Bədii əsərlərdə və tarixə aid araşdırmalarda mavrların döyüş şücaəti, hərbi bacarıqları və sədaqəti ayrıca vurğulanır.
Məsəllər, deyimlər►İkiüzlü, satqın, riyakar və yaramaz adam haqqında işlədilən ifadə.
İfadə Firdovsinin ölməz «Şahnamә» əsərindən qaynaqlanır.
Firdovsinin ölmәz əsәrindә göstәrilir ki, Mazandaran ölkәsindә hakim olan Ağ div onun üstünә gedәn Keykavusu öz qoşunu ilә birlikdә kor etmişdi. Ağ divi yalnız Rüstәm-Zal tәkbәtәk döyüşdә mәğlub edә bilmişdi. Rüstәmin gәlmәsinә qәdәr isә Mazandaran vә onun әtrafında külli miqdarda insan Ağ divin әlindә hәlak olmuşdu, bunları basdıran da yox idi. Basdırılmayan meyitlәr әtrafdakı çaqqallara yem olurdu. Odur ki Mazandaran çaqqalı әn iyrәnc, murdar çaqqal hesab olunur.
Özlüyündə «çaqqal» sözünün mәcazi mәnası bir çox mənfi keyfiyyәtlәri (qorxaqlıq, murdarlıq, ikiüzlülük, satqınlıq) tәcәssüm etdirәn varlıq demәkdirsə, bu keyfiyyәtlәr «Mazandaran çaqqalı» ifadәsindә daha da şiddәtlәndirilmiş olur. İfadә dilimizdә, adətәn, «hamıya it hürәr, bizә Mazandaran çaqqalı», «Mazandaranda çaqqal az idi, biri dә gәmiylә gәldi» (bu ifadə eşşəyə də aid edilir) deyimlərinin tәrkibindә işlәdilir.
Məsəllər, deyimlər►Bir işin ilk baxışda görünməyən tərəfi, mənfi cəhəti barədə işlədilən ifadə.
İfadə XVI əsrdə Avropada din xadimləri əleyhinə başlanmış açıq etiraz hərəkatı ilə bağlı yaranmışdır.
1511-ci ildә Erazm Rotterdamskinin «Axmaqlığın mәdhi» әsәri nәşr olundu. Burada xristian dini vә Roma papası әlә salınırdı. Bundan sonra üzәrindә papanın şәkli hәkk olunmuş jeton medallar buraxılmağa başladı. Lakin bu medalları tәrsinә tutanda (yuxarı hissәsini aşağı çevirәndә) papanın şәkli deyil, şeytanın surәti görünürdü. Bundan sonra xalq arasında «medalın tərs üzü» ifadəsi populyarlaşmağa və mənfi mənada işlənməyə başladı.
Müasir dilimizdə bu ifadə «bir medalın iki üzü», «medalın görünməyən tərəfi» və s. şəkillərdə də işlədilir.
Məsəllər, deyimlər►Təkəbbürlü, yersiz nəsihətlər verən və bəzən də qınayıcı danışıq tərzi haqqında deyilən ifadə.
İfadə Homerin məşhur poemasından qaynaqlanır.
Poemada nəql olunur ki, Mentor – qədim yunan qəhrəmanı Odisseyin dostu idi. Onun ağıl və fərasətindən xəbərdar olduğuna görə Odissey Troya müharibəsinə gedərkən oğlu Telemaxın tərbiyəsini məhz Mentora tapşırmışdı. Sonradan bir müəllim, ustad, hami və müdrik insan kimi şöhrət qazanmış Mentorun adı ilə bu ifadə yayılmışdı.
Gündəlik danışıqda «mentor» sözü, adətən, «idarəçi», «rəhbər» sözünün sinonimi kimi qəbul edilir. Bəzən mənasız, zəhlətökən və həddən artıq xırdaçı, yersiz məsləhətləri ilə canı boğaza yığan adamlara münasibətdə də bu ifadə işlədilir.
Ümumiyyətlə, birisinin hissolunacaq dərəcədə təkəbbürlü, ağılöyrədən, nəsihətamiz danışıq tərzinə, öyüd-nəsihət intonasiyasına münasibət bildirərkən bu ifadədən istifadə olunur.
Məsəllər, deyimlər►Sevgiyə və xoşbəxtliyə nail ola bilməyən uğursuz, bəxtsiz və talesiz qadınların belə vəziyyətə düşməsinin səbəbini izah etmək üçün işlədilən ifadə.
İfadə dünya kino ulduzu olan Merilin Monronun (1926–1962) adı ilə bağlıdır.
M.Monro zəngin, uğurlu, cazibədar qadın olmuşdur. Kişilər onu dəli kimi sevir, hər zaman böyük kütlə halında pərəstişkarları olurdular. Amma bütün bunlara baxmayaraq M.Monro çox bədbəxt idi. Onu daim «mən uğursuz, bədbəxt, sevgiyə və xoşbəxtliyə layiq olmayan qadınam» kimi fikirlər təqib edirdi. M.Monro ləyaqətli kişiləri rədd edir, amma ona dəyər verməyən kişilərə aşiq olurdu. O, mənasız intriqaları sevirdi, kişilərin apardığı mübarizələri izləməkdən həzz alırdı, amma zamanla bütün layiqli namizədlər onun şıltaqlıqlarından yorulub bezirdilər. Beləliklə, tez, ya gec o tək qalır, depressiyaya düşür, çoxlu sakitləşdirici dərmanlar və narkotik qəbul edirdi. Bu dərmanlara və stressə görə o, 36 yaşında dünyasını dəyişdi.
M.Monro sindromunun səbəbi nədir? Mütəxəssislərin fikrincə, bütün qadın kompleksləri hələ uşaqlıqdan toplanır. Erkən uşaqlıq illərində normal inkişaf üçün uşaq gərək valideynlərinin sevgi və qayğısını görsün, amma valideynlər övladlarına az diqqət göstərirlərsə, o zaman gələcəkdə həmin uşaq bu sevginin yerini başqa şeylərlə və daha çox əyləncələrlə doldurmağa çalışır. M.Monro kimi qadınlar asanlıqla kişiləri özlərinə aşiq edirlər, amma üstünlüyü onlara qarşı soyuq və laqeyd olanlara verirlər. Bu vəziyyət heç zaman xoşbəxt ailə vəd etmir. Belə olduqda isə qadın, adətən, özünü günahlandırır. Elə bu zaman da özünə qarşı inamsızlıq, ətrafı üçün lazımsızlıq kimi fikirlər yaranır.
Psixoloqlara görə, Merilin Monro sindromuna qalib gəlmək çox çətindir.
Məsəllər, deyimlər►Kimisə mənasız, nəticəsiz və ya qorxulu bir işə təhrik edərkən icrası mümkün olmayan şərtlər qoyduqda işlədilən ifadə.
İfadə M.F.Axundzadənin «Hekayəti-Molla İbrahimxəlil kimyagər» məzhəkəsindəki əhvalatla əlaqədar yaranıb yayılmışdır.
Əsərdə göstərilir ki, fırıldaqçı «kimyagər» İbrahimxəlil Xaçmaz dağlarında «misi qızıla çevirməkdə» şöhrət taparaq sadəlövh adamların var-yoxunu əlindən alır. Onun toruna düşmüş insanlar misi qızıla çevirə bilməyib «kimyagərin» yanına gəlir və bu möcüzənin baş tutmadığından şikayətlənirlər. Lakin «kimyagər» «misin qızıla çevrilmədiyinin günahını» bir hiylə ilə mis sahiblərinin boynuna qoymağa çalışaraq mis qızıla çevrilənə qədər meymunu yada salmamalarını onlara tapşırır. Amma adamlar bundan sonra meymunu nəinki tamam unutmur, əksinə, hətta meymunun eybəcər surəti onların gözləri qarşısından çəkilmir.
Belə mürəkkəb psixoloji təsirin labüd nəticəsini əvvəlcədən bilən İbrahimxəlil, beləliklə, misin qızıla çevrilməməsinin günahını meymunu yadlarından çıxarmağı bacarmayan sadəlövh insanların boynuna qoyur.
Məsəllər, deyimlər►Zahirən əzəmətli, güclü görünən, əslində isə zəif və içiboş olan bir şey haqqında istehza ilə deyilən ifadə.
Bu ifadənin tarixi XVI əsr İspaniyasına gedib çıxır.
Dövrün ən despot hökmdarlarından olan qorxunc və qəddar II Filipp 1588-ci ildə onun iradəsi ilə hesablaşmayan İngiltərənin üzərinə 160 gəmidən ibarət nəhəng donanma göndərir. O, döyüş qabiliyyətinə və qələbəsinə əmin olduğu donanmaya qürurla «Məğlubedilməz armada» («armada» ispanca «donanma» deməkdir) adı da vermişdi.
Əbəs yerə demirlər ki, sən saydığını say, gör fələk nə sayır. Hadisələrin gedişi tezliklə İspaniya kralını məyus etdi: bir tərəfdən ingilis donanması, digər tərəfdən fırtınalar onun bütün armadasını məhv etdi və bununla da İspaniyanın həmin dövrdə olan dəniz hökmranlığına son qoyuldu.
Bundan sonra zahirən əzəmətli, nəhəng görünən, əslində isə zəif olan bir şeyə rişxəndlə «məğlubedilməz armada» deyirlər.
Məsəllər, deyimlər►Nəyinsə möhkəmliyinin, həqiqiliyinin, dəyərinin və s.-nin sınanılmasına xidmət edən hər hansı hərəkət və hadisəni səciyyələndirən ifadə.
İfadə orta əsrlərdə zərgərlik sənətinin inkişafı ilə bağlı yayılmışdır.
Zərgərlik sahəsində qızıl, gümüş və platin məhsullarının əyarını müəyyənləşdirmək üçün istifadə olunan silisiumlu daşa, yaxud süni daşa məhək daşı deyilir. Qızıl-gümüşün həqiqi dəyərini bilmək üçün məhək daşına tədqiq olunan metalın xəttini və etalon nümunəsinin xəttini çəkirlər. Bu xətləri müqayisə edərək metalın keyfiyyəti və əyarını müəyyənləşdirirlər.
Məhək daşı – parıldayan, qiymətli hesab edilən əşyaların, əsasən də qızılın həqiqi və ya saxta olduğunu aşkarlayan maddədir. Yəni məhz məhək daşı ilə «təmasda» olduqda istənilən saxta metalın «paxırı» tezliklə üzə çıxır.
Məsəllər, deyimlər►Əxlaqi baxımdan hər hansı yolverilməz davranışa həyasızcasına bəraət qazandırmaq məqsədilə işlədilən ifadə.
İfadə orta əsrlərin fırtınalı siyasi hadisələrindən və əsərlərində bu hadisələrin təhlilini vermiş siyasi xadim N.Makiavellidən qaynaqlanır.
Tarixən bir çox avtoritar rejimlər öz məqsədlərini reallaşdırmaq, xüsusən hakimiyyətlərini qorumaq üçün atdıqları ləyaqətsiz və qəddar davranışa, əxlaqsız vasitələrdən istifadəyə bəraət qazandırmağa çalışmışlar. İfadənin müəllifi italyan yazıçı və siyasi xadim N.Makiavelli belə davranışların çox şahidi olmuşdur. Böyük filosof ilk dəfə «Hökmdar» əsərində (1532) bu ifadəni işlətmişdir.
Eyni fikrə filosof C.Hobbsun (1588–1679) «Vətəndaş haqqında...» kitabında rast gəlmək olar. O yazırdı ki, özünü qorumaq iqtidarında olan hər kəs bunun üçün mümkün bütün vasitələrdən istifadə etməlidir. Sonralar bu fikirlər yezuitlərin davranışlarının əxlaqi əsaslarına çevrildi.
Məsəllər, deyimlər►Kiməsə hədsiz sədaqətini sübut edərkən öz mənfəətini də yaddan çıxarmamağı eyhamla bildirən ifadə.
Məsəl Molla Nəsrəddinin bir lətifəsindən qaynaqlanır.
Bir gün Molla Nəsrəddin Teymurləngin qonağı olur. Mollanın hazırcavablığını sınamaq istəyən əmir süfrəyə gətirilən badımcandan hazırlanmış xörəkləri, ümumiyyətlə, bu tərəvəzi gah tərifləyir, gah da pisləyir.
Teymurləng:
– Dünyada ən sevdiyim şey badımcandır!
Molla Nəsrəddin:
– Mənim də badımcandan xoşum gəlir, qibleyi-aləm!
Teymurləng:
– Amma xörəyi o qədər də yeməli olmur. İllərlə yeməsəm, yadıma düşməz.
Molla Nəsrəddin:
– Mənim də, qibleyi-aləm!
Bu minvalla Molla həmsöhbətinin hər sözü ilə razılaşır. Teymur dözməyib Mollaya deyir:
– Ay Molla, sən nə qəribə adamsan?! Mən bu badımcan haqqında nə dedimsə, sən təsdiq etdin. Dedim: xoşuma gəlir, dedin: mənim də. Dedim: xoşuma gəlmir, dedin: mənim də. Bu nə olan şeydir?
Özünü itirməyən Molla deyir:
– Qibleyi-aləm, mən sənə qulluq edib donluğu səndən alıram. Badımcana qulluq etmirəm ki…
Məsəllər, deyimlər►«Əlverişli şәraitdә, imkan yaradıldıqda istənilən әn çәtin işi dә yerinә yetirmәk mümkündür» mәnasında işlәdilən ifadə.
İfadә Qәdim Yunanıstanın әn böyük mühəndis və riyaziyyatçısı Arximedin (e.ә. 287–212) dilindәn yayılmışdır.
Bioqraflarının yazdığına görә, Arximed uzun müddәt ling qanunları üzәrindә çalışmış, xeyli müşahidə və eksperimentlər apararaq həmin qanunları kәşf etdikdәn sonra bu məşhur sözlәri demişdir.
Dilimizdә hәmin ifadә sabit deyil, yəni situasiya və kontekstdən asılı olaraq «istinad nöqtәsi» ilə yanaşı, «məşhur nöqtə», «Arximed nöqtəsi» və s. şəkillərdə də işlәdilə bilir.
Məsəllər, deyimlər►Birinin digərini başqalarının yanında təhqir etməsinə rəğmən yenə də heç nə olmamış kimi onunla münasibət qurmaq istədiyi məqamda deyilən ifadə.
Məsəl «O olmasın, bu olsun» filmindən (1956) qaynaqlanaraq geniş yayılmışdır.
Rüstəm bəy qızı Gülnazı tacir Məşədi İbada verməsi ilə əlaqədar ziyafət düzəldir. Axşam yeməyində şəhərin tanınmış adamları Rüstəm bəyin evinə toplaşırlar. Yeyib-içib əyləndikdən sonra sərxoş qonaqlar bir qədər kənarda əyləşib içki süfrəsinə qatılmayan Məşədi İbadı ələ salırlar. Fransada oxumuş Həsən bəy ayaq üstə güclə dura-dura insanın meymundan əmələ gəlməsi nəzəriyyəsini məclis əhlinə izah edir. Sonda məsələni Məşədi İbadın üzərinə gətirir:
– Pardon... bizim hamımızın meymuna bənzərliyi var, amma Məşədi İbad əsl oranqutandı!
Qonaqlar qəhqəhə çəkib gülürlər. Məclis iştirakçıları sərxoş halda bir az da əyləndikdən sonra, nəhayət, vidalaşmaq üçün ev sahibi Rüstəm bəylə və onun kürəkəni olacaq Məşədi İbadla sağollaşırlar. Bu məqamda həmin «fransız» Həsən bəy əl uzadanda Məşədi İbad əsəbi halda:
– Mürtəd oğlu mürtəd, mənə meymun deməyin bəs deyil, hələ mənimlə əl də tutursan?! – deyib ona bir şapalaq vurur.
Məsəllər, deyimlər