Reklam
Reklam

Məsəllər, deyimlər

MEYMUNU YADINA SALMA!

►Kimisə mənasız, nəticəsiz və ya qorxulu bir işə təhrik edərkən icrası mümkün olmayan şərtlər qoyduqda işlədilən ifadə.

İfadə M.F.Axundzadənin «Hekayəti-Molla İbrahimxəlil kimyagər» məzhəkəsindəki əhvalatla əlaqədar yaranıb yayılmışdır.

Əsərdə göstərilir ki, fırıldaqçı «kimyagər» İbrahimxəlil Xaçmaz dağlarında «misi qızıla çevirməkdə» şöhrət taparaq sadəlövh adamların var-yoxunu əlindən alır. Onun toruna düşmüş insanlar misi qızıla çevirə bilməyib «kimyagərin» yanına gəlir və bu möcüzənin baş tutmadığından şikayətlənirlər. Lakin «kimyagər» «misin qızıla çevrilmədiyinin günahını» bir hiylə ilə mis sahiblərinin boynuna qoymağa çalışaraq mis qızıla çevrilənə qədər meymunu yada salmamalarını onlara tapşırır. Amma adamlar bundan sonra meymunu nəinki tamam unutmur, əksinə, hətta meymunun eybəcər surəti onların gözləri qarşısından çəkilmir.

Belə mürəkkəb psixoloji təsirin labüd nəticəsini əvvəlcədən bilən İbrahimxəlil, beləliklə, misin qızıla çevrilməməsinin günahını meymunu yadlarından çıxarmağı bacarmayan sadəlövh insanların boynuna qoyur.

Məsəllər, deyimlər