Reklam
Reklam

Məsəllər, deyimlər

MARAFON QAÇIŞI

►Uzaq və əzab-əziyyətli yola çıxmağa, perspektivli bir işə başlamağa münasibətdə işlədilən ifadə.

Lüğəti mənasına görə uzaq mәsafәyә qaçışı bildirən ifadə 25 әsr әvvәl baş vermiş yunan-İran müharibәsi zamanı bir döyüşçünün qeyri-adi şücaəti ilə əlaqәdar yaranmışdır.

O dövrdə Yunanıstan bir sıra kiçik şәhәr-dövlәtlәrdәn ibarәt idi. Qüdrәtli İran hökmdarı Dara hәmin şәhәrlәrә qoşun yeritmiş, elçilәr göndәrәrәk onların tabe olmalarını tәlәb etmişdi. Afinada vә Spartada Daranın elçilәrini quyuya tullamışdılar. Bunu eşidәn İran ordusu Marafon çölündә Ellada qoşunları ilә döyüşə başlamışdı. E.ә. 490-cı ildә baş vermiş hәmin döyüşdә sayca iranlılardan az olan, qat-qat pis silahlanan yunanlar qәlәbә çalmışdılar.

Yunan qoşununda cәld qaçmaq qabiliyyәti ilә fәrqlәnәn Fidippid adlı döyüşçü nәfәs dәrmәdәn 42,5 kilometr qaçıb Afinanın mәrkәzi şәhәr meydançasına çataraq sevinclә «qәlәbә» deyә qışqırmış, sonra ürəyi partlamışdı. Sən demə, döyüş әrәfәsindә Fidippid müttәfiqlәrdәn kömәk istəmək üçün Afinadan Spartaya vә oradan da geriyə, özü dә üstündəki silahlarını çıxarmadan qaçmalı olmuşdu. Әsasәn, dağ aşırımlarından ibarәt bu yolda o, təxminən 200 km mәsafә qәt etmişdi. Afinaya qayıdandan sonra isә iranlılara qarşı әlbәyaxa döyüşlәrdә iştirak etmәli olmuşdu.

Fidippidin sonuncu qaçışını xatirәlәrdә әbәdilәşdirmәk üçün «Marafon qaçışı» ifadəsi yarandı. Afinanın şimal-şәrqindә olan düzәnlikdә isə sonralar Marafon şәhәri salınmışdı.

Məsəllər, deyimlər