Reklam
Reklam

Məsəllər, deyimlər

GENERAL OLMAĞI ARZULAMAYAN ƏSGƏR YAXŞI ƏSGƏR DEYİL

►Bir işə yeni başlayan adamı öz sahəsində böyük nailiyyətlər qazanacağına inandırmaq, ruhlandırmaq üçün işlədilən ifadə.

İfadəni uzun illər rus sərkərdəsi A.Suvorovun (1730–1800) adına yazıblar, əslində isə aforizm imperator Napoleonun (1769–1821) dilindən çıxıb.

Fransa tarixçisi E.Blaz 1837-ci ildə işıq üzü görmüş «İmperiya dövründə hərbi həyat» kitabında aforizmin Napoleona məxsus olduğunu təsdiqləyir.

Yazıçı K.Remyuza (1780–1821) öz «Memuarlar»ında təsvir ki, 1806-cı ildə Yena yaxınlığındakı döyüşdən sonra bir əsgərin məktubu əldən-ələ gəzirdi; həmin məktubda aşağıdakı sözlər vardı: «Şübhə yoxdur ki, əsgəri ruhlandıran onun başqaları kimi marşal, knyaz, yaxud hersoq ola biləcəyi haqqında fikirdir». Tədqiqatçılar belə fikirləşirlər ki, bu aforizm Napoleona fransız ordusunda silklər arasındakı qeyri-bərabərliyi aradan qaldırmağa kömək edib. Onun ordusu Avropada cismani cəzaların qadağan olunduğu və adi əsgərin marşal rütbəsinə qədər yüksələ biləcəyi yeganə ordu idi.

Rusiyada isə həmin illərdə səhvə yol vermiş əsgəri bəzən ölənədək döyürdülər, zabit rütbələri yalnız zadəganlara verilirdi. Bu səbəbdən də həmin ifadənin XVIII əsr Rusiyasında yarana biləcəyi inandırıcı görünmür.

A.Suvorovun həqiqətən bu ifadəni işlətdiyinə dair heç bir sübut yoxdur, onun müasirlərindən heç kim bunu təsdiqləmir. Rus mənbələrində həmin aforizmə ilk dəfə yazıçı Aleksandr Poqosskinin 1855-ci ildə yazdığı «Əsgər qeydləri» kitabında rast gəlinir. Poqosski yazır: «General olmağı arzulamayan əsgər yaxşı əsgər deyil, amma gələcək taleyi barədə çox düşünən əsgər ondan da pisdir».

Məsəllər, deyimlər

GƏMİLƏRİ YANDIRMAQ

►Geriyə yol qoymamaq, arxaya çəkilməyə qəti imkan verməmək, yalnız irəli gedərək döyüşmək və qələbə çalmaq əzmini nümayiş etdirmək.

İfadə böyük ərəb sərkərdəsi Tariq ibn Ziyadla bağlı tarixi hadisədən qaynaqlanaraq yayılmışdır.

İfadənin yaranması ilə bağlı müxtəlif mülahizələr var. Onlardan ən qədimi Troya müharibəsi ilə bağlıdır. Qədim yunan tarixçisi Plutarxın yazdığına görə, Troya süqut etdikdən sonra əhali şəhəri tərk edir. Bunu görən Troya qadınları sahildəki gəmiləri yandırırlar ki, kişilər sonadək mübarizə aparsınlar.

Şərqdə isə bu ifadə ərəb xilafətinin hərbi yürüşlərindən sonra geniş yayılmışdır.

VIII əsrdə islam dininin Avropaya da yayılması üçün hərbi yürüşlər başlanmışdı.  711-ci ildə məşhur sərkərdə Tariq ibn Ziyadın başçılığı ilə ərəb ordusu Cəbəlüttariq boğazını (bu boğaz Tariqin adı ilə adlanıb) keçərək İspaniya torpaqlarına çıxır. Ordu sahilə çıxan kimi ibn Ziyad əsgərlərin geri qaçmaması üçün hamının gözü qarşısında bütün gəmiləri yandırmağı əmr edir. Sərkərdə ordu qarşısındakı çıxışında bildirir ki, bu «müqəddəs» məqsəd üçün ölənədək döyüşmək lazım gələcək: «Arxanızda düşmən kimi dəniz, önünüzdə dəniz kimi düşmən! Sonadək döyüşməkdən başqa yol qalmamışdır».

Tarixdə torpaq uğrunda sonadək döyüşmək və qələbə çalmaq məqsədilə gəmiləri yandırmaq faktları az olmamışdır; məsələn, normanların başçısı Fateh Vilhelm İngiltərə sahillərinə qoşun çıxararkən (1066), həmçinin Meksikanı fəth etmiş (1519) ispaniyalı Fernando Kartes də dənizdən quruya çıxarkən gəmiləri yandırmaq əmri vermişlər.

Oxşar olaylardan qaynaqlanmış və dilimizdə işlənən «körpüləri yandırmaq» ifadəsindən fərqli olaraq «gəmiləri yandırmaq» deyimi bir işdə qələbəyə nail olmaq üçün irəli getməkdən savayı yolun qalmadığını bildirir.

Məsəllər, deyimlər

GÖZ DƏYMƏK

►Pis gözə, bəd nəzərə gəlmək, şər qüvvələrə, uğursuzluğa tuş olmaq.

İfadə tarixən formalaşmış xalq inanclarından qaynaqlanır.

Bir sıra xalqlarda «pis göz» («bәd nәzәr») ilә bağlı olan təsəvvürlər geniş yayılmışdır. Qәdim insanların fikrincә, bizim bu maddi, tәbii dünyamızdan әlavә, bir dә tәbiәtdәn xaricdә, real olmayan alәm dә var imiş. Bu mövhumi alәmdә ölülәrin ruhları, cinlәr, pәrilәr yaşayırmış. Guya bәzi adamların, xüsusilә cadugәrlәrin gözündә pis ruhlar yerlәşdiyindәn onların baxışı, nәzәri çox zәrәrlidir.

Hәlә «Avesta»da göstәrilir ki, bәzi adamlar pis göz sahiblәridir vә onların gözlәri xәstәlik gәtirir. Bu inam bir çox xalqlarda da vardır. Guya nәinki insanın, habelә ilanın, şirin, pişiyin, itin dә gözlәri bәdbәxtlik, bәla gәtirmә qabiliyyәtinә malikdir. İndi dә bir çox xalqlar inanırlar ki, gözdәymәdən adamlar vә heyvanlar xәstәlәnir, ağaclar, güllәr quruyur vә s. Hindistanda geniş yayılmış inama görә, bәd nәzәr sahibi kimә baxsa, o şәxs hökmәn arıqlayıb ölәcәkdir. İtaliyada isə bәd nәzәr sahiblәrini xüsusi gözlükdә gəzmәyә mәcbur edirdilәr.

Bir çox xalqlarda uşağı bәd nәzәrdәn qorumaq üçün boynundan hәmail asır, paltarına gözmuncuğu tikirlәr vә s.

Әslindә, elm sübut edir ki, gözün müsbәt vә ya mәnfi xüsusiyyәti yoxdur, yəni gözlə, baxışla kiməsə zərər vurmaq ağlabatan deyil, sadəcə insanlar tarixən «bədnəzər», «gözə gəlmək», «göz dəymək» kimi məsələlərlə məşğul olmaqla özlərini psixoloji cəhətdən rahatlandırmağa çalışmışlar.

Məsəllər, deyimlər

GÖZ YAĞI

►İnsan üçün ən əziz olan bir şeyi, canı, varlığı bildirmək məqsədilə işlədilən ifadə.

Dildə geniş işlənən bu ifadə sırf tibbi mülahizələrlə bağlı yaranmışdır.

Müasir oftalmologiya gözdә yağın miqdarca çox az olduğunu təsdiq edir. Göz alması әtrafında olan göz yaşı mayesi isə, bir növ, әrinmiş yağa bәnzәyir. Orqanizm üçün çox vacib sayılan bu maye olmasa, göz öz funksiyasını yerinə yetirə bilməz və qısa müddətdə sıradan çıxa bilәr. Gözü qurban vermәk («gözünün yağını yedirmәk vә ya әritmәk») kor olmağa razılıq vermәk demәkdir.

Şərqin qüdrətli həkimi İbn Sinadan bәhs edәn «Böyük loğman» adlı kitabda (V.Voskoboynikov) göz yağı ilə bağlı maraqlı bir epizod var. Orada İbn Sina bir xәstәsinә deyir: «Sәnin gözündә katarakt xəstəliyi başlayır. Katarakt ilkin mәrhәlәdә müalicә oluna bilir. Sәnin kimi bir neçә xәstәm olub, hamısının da müalicәsi uğurla keçib. Sәnә göz yağı yazıram. O, hind yağı, başqa cür deyilәrsә, şah yağı adlanır. Onu qәdim hind hәkimi Çәraki tәtbiq edib. Yaxşı bir әczaçıya müraciət et. O sənә hәmin yağı hazırlayar».

Bədii nümunələr göstərir ki, bu ifadənin sinonimi kimi «göz(ün) qarası» ifadәsi dә işlədilir; məsələn, ana az qalır ki, gözünün yağını oğluna yedirtsin», yaxud «filankəs gözünün qarasını övladlarına yedizdirir» və s.

Bu ifadə dilimizdə müəyyən sözlərə qoşularaq «gözünün yağını əritmək», «gözünün yağını yedirmək» tərkiblərində işlənir.

Məsəllər, deyimlər