►Zərərverən bir hadisədən nəticə çıxarmağa, ibrət götürməyə, başqasının səhvini təkrarlamamağa çağırış məqsədilə işlədilən ifadə.
Məsəl aşağıdakı alleqorik əhvalatla bağlı yaranmışdır.
Qurd, tülkü, şir birlikdə ov etmək qərarına gəlirlər. Onların işi yaxşı gətirir. Keçi, maral, bir də dovşan ovlayırlar. Bir çəmənlikdə ovu bölməyə hazırlaşırlar.
– Ovu sən böl, – deyə şir qurda müraciət edir. Sonra da əlavə edir: – Ancaq insafla böl.
– Yaxşı, – deyə qurd razılaşır. – Mən belə məsləhət görürəm ki, keçini sənə verək, dovşanı tülküyə, maralı isə mən götürüm.
Şir bunu eşitcək hirslənib ağır pəncəsi ilə qurdun başına bir qapaz vurur. Zərbənin ağırlığından qurdun gözləri yerindən pırtlayıb çıxır.
– İndi isə sən böl, – deyə şir tülküyə müraciət edir. – Ancaq insafla böl.
Tülkü qorxa-qorxa deyir:
– Baş üstə, mənim hökmdarım. Qoy keçi səhər yeməyin olsun, dovşan naharına, maral isə şamına qalsın.
Şir bu bölgüdən çox məmnun qalıb deyir:
– Əhsən! Bax bu oldu düz. Sən payı belə insafla bölməyi kimdən öyrəndin?
Tülkü quyruğunu bulayaraq deyir:
– Ey mənim hökmdarım, mən bunu sənin qabağındakı gözü çıxmış qurd qardaşımdan öyrəndim.
Məsəllər, deyimlər