►İşi yoluna düşmüş adama kefi durularkən istehza ilə deyilən ifadə.
İfadə Molla Nəsrəddinin bir lətifəsindən qaynaqlanır.
Mollanın baqqala borcu varmış. Nə qədər çalışsa da, borcu ödəyə bilmir. Baqqal gözləməkdən bezib başlayır hər gün Mollanın qapısına gəlib hay-küy salmağa, borcunu qaytarmasını tələb etməyə. Molla görür ki, baqqal əl çəkən deyil, düşünüb bir fənd fikirləşib evinin qabağına qaratikan kolları basdırır.
Axşam baqqalın gəldiyini görən Molla arvadını öyrədib özü pəncərənin arxasında gizlənir. Baqqal gəlib qapıda dayanıb qışqıraraq borcunu tələb etməyə başlayır. Bu zaman Mollanın arvadı deyir:
– Ərim pulun yolunu tapıb. Bax bu qaratikanları görürsən?
Baqqal soruşur:
– Görürəm, qaratikandan mənə nə?..
Arvad deyir:
– Buradan hər səhər-axşam qoyun sürüsü keçir. Biz də bu tikanları buraya əkmişik ki, qoyunlar buradan keçəndə yunları ilişsin bunlara. Sonra biz hər gün o yunları yığacağıq. Mən darayıb əyirəcəm, corab toxuyacağam. Molla da aparıb satacaq, sənin pulunu düzəldib verəcəyik.
Baqqal özünü saxlaya bilməyib arvadın bu sadəlövh sözlərinə ucadan gülür. Baqqalın gülüşünü eşidən Molla tez başını pəncərədən çıxarır ki:
– Hə!.. Görürsən işin düzəlib, gülürsən…
Məsəllər, deyimlər