Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

bağlama

1) Bax: qıfılbənd.

2) Meyxana deyişmələri zamanı tərəflərdən birinin qafiyəyə uyğun şeir qoşa bilməməsi, məğ­lub olması.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

bahariyyə

Klassik ədəbiyyatda baharı təsvir edən lirik şeirlər; poemada baharın tərənnümü.

Bahariyyə qəzəl, qəsidə, məsnəvi kimi janrlarda işlənə bilər. Qətran Təbrizinin bahara aid şeirləri Şərq poeziyasında bahariyyənin ilk nümunəsi hesab olunur. Şah İsmayıl Xətainin “Dəhnamə” əsərinin baş­lan­ğıcındakı 62 beytdən ibarət parça bahariyyənin ən gözəl nümunələrindən biridir:

Qış getdi, yenə bahar gəldi,

Gül bitdi və laləzar gəldi.

Quşlar hamısı fəğanə düşdü,

Eşq odu yenə bu canə düşdü.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

baş cümlə

Tabeli mürəkkəb cümlənin qrammatik cəhətdən müstəqil olan tərkib hissəsi.

Baş cümlə tabeli mürəkkəb cümlənin qurulması üçün zəmin yaradır. Onun mürəkkəb cümlədə yeri sabit deyil: budaq cümlədən əvvəl və ya sonra gələ bilər; məs.: Hamı bilirdi ki (baş cümlə), zəhmət çə­kil­məsə, nəticə çox pis olacaq (budaq cümlə). Kim ki tənbəllik edir (budaq cümlə), istədiyinə nail olmur (baş cümlə).

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

başlanğıc

Süjetin əsasını təşkil edən konfliktin başlandığı hissə.

Başlanğıc təhkiyəyə məntiqi ardıcıllıq və aydınlıq verir. Lakin başlanğıc hazırlıqsız, gözlənilməz mahiyyətdə də ola bilər. Belə hallarda əsər ekspozisiyasız başlanır və baş­lanğıc hadisələrin inkişafına xüsusi kəskinlik verir. F.M.Dos­toyevskinin bir çox əsərlərində belə başlanğıclar vardır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

bədii ədəbiyyat

Həyatı obrazlı şəkildə əks etdirən şifahi və yazılı söz sənəti.

Bədii ədəbiyyatın kökləri mifologiya ilə bağlıdır. Mahnının mərasim tamaşalarından, sözün mu­si­qi­dən ayrılması, şifahi şəkildə mövcud olan mənzum, ya mən­sur əsərin mətn şəkli alması, sonra isə daha mürəkkəb təhkiyə formalarına düşməsi bədii ədəbiyyatın təkamül yoludur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti