Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ABUTURAB ərəb.

əbu-Turab sözündəndir.

Abuturab (bax: ad – ABU; TU- RAB) əslində Turabın atası mənasındadır.Lakin Abuturab kişi adı sözün mənası ilə əlaqədar olmarıb, İslam dini ilə əlaqədar şəxsiyyətlərdən olan Həzrət Əlinin ləqəbindən yaranmışdır.Adın təhrif olunmuş forması Abturab da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Məişətimizdə Abuturab adı bu gün yalnız Abturab formasında mövcuddur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ABUZƏR  ərəb.

əbuzərr sözü dilimizdə kimə isə sahib, yiyə, dayaq duran mənasındadır.

Bəzi lüğətlərdə fars dilindəki abe (bax: AB) və zər (bax: ZƏR) sözlərinin birləşməsindən əmələ gəlmiş olduğu barədə mülahizələrə də rast gəlinir, qızıl suyu mənasında olduğu göstərilir. Abuzər şəxs adı sahib, dayaq duran mənası ilə əlaqədardır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ADƏM qədim yəhudi mənş.

adəm bəşər, insan, adam, torpaq mənasındadır.

İslamda olduğu kimi, digər dinlərdə də ilk insanın adındandır. “Quran”da adı çəkilən peyğəmbərlərdəndir. Dini etiqadlara görə, Tanrının yaratdığı, Yer üzünə gələn ilk insan, insan soyunun başlanğıcı və ilk peyğəmbərin adıdır. Bu səbəbdən də bütün dinlərdə Adəmadam, insan, həmçinin təmiz, xoşniyyətli mənasındadır. Mənbələrdə sözün qədim yəhudi dilindəki qırmızı rəng mənasını ifadə etməsi ilə bağlı məlumatlara da rast gəlinir (insan dərisinin qırmızı olması ilə, həmçinin Tanrının ilk insanı yaratdığı gilin rəngi ilə əlaqədar). Dinindən asılı olmayaraq bütün xalqlarda belə bir inam vardır ki, Tanrı Adəmi torpaqdan (gildən, yaxud palçıqdan), Həvvanı isə onun qabırğasından yaradaraq Cənnətə buraxmışdır. Allahın əmrindən çıxan Adəm və Həvva cəzalandırılmışlar, daha dəqiq, Cənnətdən qovulmuşlar. Qeyd etmək lazımdır ki, Adəm antroponimi xristianlarda xüsusi əhəmiyyət daşıyır (yəhudilər nədənsə bu adı əsas ad olaraq övladlarına vermirlər). İngilisdilli ölkələrdə isə Adəm (Adam formasındadır) kişi adı hələ orta əsrlərdən etibarən (XIX əsrin sonlarında qısa fasilə istisna olmaqla) oğlan uşaqlarına verilən geniş yayılmış adlardan idi. İngiltərədə XIII əsrdən populyarlaşmışdır. Adam Vilyam Şekspirin məşhur “As You Like It” (1599) komediyasındakı əsas surətlərdən olan qulluqçunun, Corc Eliotun “Adam Bede” əsərindəki əsas iştirakçılardan birinin adıdır. Avropada adın məşhur daşıyıcıları şotlandiyalı iqtisadçı və filosof Adam Smith (1723-1790), britaniyalı populyar müğənni Adam Faith (Terence Nelhams, 1940-2003) və başqalarını göstərmək olar. Şotlandiyada Adəm adının kiçiltmə forması Adie də işlənir. Nadir hallarda rast gəlinən qadın adı olan Adamina bu addan törəmədir. İtalyan Adamo, ispan Adan və fin Aatami bu adın başqa dillərdə olan variantlarından sayılır. Adamnana irland adıdır, mənası “balaca Adəm” deməkdir. XX əsrin 60-cı illərindən Avropa ölkələrində Adəm adı bir qədər də populyarlaşmışdır. Azərbaycanda Adəm kişi adı XX əsrin ortalarından müşahidəediləcək dərəcədə azalmış şəxs adlarındandır. Soyad kimi formalaşmamışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ADI azərb.

adı (III şəxs məns. ş. ad) sözündəndir.

Məlum olduğu kimi, ad insan doğulan zaman ona verilən xüsusi isim olmaqla yanaşı, şöhrət (ad qazanmaq), rəsmi rütbə, ünvan, eləcə də əsas (səbəb) mənalarını ifadə edir. Adı vahidi birbaşa dəqiqləşdirmə, qüvvətləndirmə funksiyasını ifadə edir. Əminliklə demək olar ki, Azərbaycan antroponimikasında bu gün müstəqil ad kimi mövcud olmayıb, bir çox mürəkkəb adların komponenti kimi çıxış edən Adı antroponimi yalnız soyadlarda yaşayan kişi adları sırasındadır. Adıyev soyadını daşıyan insanlara günümüzdə də təsadüf edilir. Adı sözü ilə başlayan antroponimlər “Koroğlu” dastanında əsl şəxs adı funksiyasını yerinə yetirən ləqəb kimi işlənmişdir. Məsələn, Adıbəlli (yəni adı məlum, burada qəhrə- manın igidliyi ilə ad çıxardığına işarə olunur). Məişətimizdə Adıgözəl, Adışirin antroponimləri ilə yanaşı, bir çox şəxs adları lüğətlərinə düşməyən Adıgül, Adıbala və s. kişi adları da mövcuddur. Qeyd etmək lazımdır ki, Adıgözəl, Adışirin, Adıbəy və s. kimi mürəkkəb kişi adları təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmə modelindədir. Birləşmələrin birinci tərəfi mənsubiyyət şəkilçili ad ismidir. Çox zaman birinci tərəfin əlamətini ifadə edən ikinci tərəf isə əsasən sifətlərlə ifadə olunur. Həmin birləşmələr daxili semantik əlaqənin möhkəmliyi nəticəsində sonradan bir mürəkkəb vahidə çevrilə bilmişdir. Müasir Azərbaycan dilində ad sözü ilə əlaqədar ad qazanmaq, ad eləmək, ad çıxarmaq, ad qoymaq, ad batırmaq və s. kimi ümumişlək ifadələr də mövcuddur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ADIBÖYÜK azərb.

Adı Böyük adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Adıböyük (bax: ad – ADI; BÖYÜK) şəxs adı ali, şərəfli adı olan, adına layiq bir kimsə mənasındadır. Hər bir adın aid olduğu şəxsi ömür boyu müşayiət etməsini əsas götürən valideynlər övladlarına Adıböyük adı verərkən onun da hər zaman mənəvi cəhətdən böyük olmasını arzu edirlər.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ADIGÖZƏL azərb.

Adı Gözəl adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Adıgözəl (bax: ad – ADI; GÖZƏL) kişi adı adı gözəl olan mənasındadır. Xalqımızın belə inanclarından biri də belədir ki, adı gözəl olanın özü də gözəl olar. Məlumdur ki, hər bir kəsə ad yaxınları, əzizləri, valideynləri tərəfindən verilir, övlad isə həyat fəaliyyətində özü ad qazanır. Adıgözəl adını verməklə gələcəkdə oğulun adına layiq olacağı arzu edilir, yəni övlada gələcək həyatında gözəl ad çıxarması, adını gözəlləşdirməsi arzusu, niyyətilə verilən addır. Adıgözəl şəxs adının əsası olan adı gözəl ifadəsinin folklorumuzda işlənmə tarixi qədimdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti