adı (III şəxs məns. ş. ad) sözündəndir.
Məlum olduğu kimi, ad insan doğulan zaman ona verilən xüsusi isim olmaqla yanaşı, şöhrət (ad qazanmaq), rəsmi rütbə, ünvan, eləcə də əsas (səbəb) mənalarını ifadə edir. Adı vahidi birbaşa dəqiqləşdirmə, qüvvətləndirmə funksiyasını ifadə edir. Əminliklə demək olar ki, Azərbaycan antroponimikasında bu gün müstəqil ad kimi mövcud olmayıb, bir çox mürəkkəb adların komponenti kimi çıxış edən Adı antroponimi yalnız soyadlarda yaşayan kişi adları sırasındadır. Adıyev soyadını daşıyan insanlara günümüzdə də təsadüf edilir. Adı sözü ilə başlayan antroponimlər “Koroğlu” dastanında əsl şəxs adı funksiyasını yerinə yetirən ləqəb kimi işlənmişdir. Məsələn, Adıbəlli (yəni adı məlum, burada qəhrə- manın igidliyi ilə ad çıxardığına işarə olunur). Məişətimizdə Adıgözəl, Adışirin antroponimləri ilə yanaşı, bir çox şəxs adları lüğətlərinə düşməyən Adıgül, Adıbala və s. kişi adları da mövcuddur. Qeyd etmək lazımdır ki, Adıgözəl, Adışirin, Adıbəy və s. kimi mürəkkəb kişi adları təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmə modelindədir. Birləşmələrin birinci tərəfi mənsubiyyət şəkilçili ad ismidir. Çox zaman birinci tərəfin əlamətini ifadə edən ikinci tərəf isə əsasən sifətlərlə ifadə olunur. Həmin birləşmələr daxili semantik əlaqənin möhkəmliyi nəticəsində sonradan bir mürəkkəb vahidə çevrilə bilmişdir. Müasir Azərbaycan dilində ad sözü ilə əlaqədar ad qazanmaq, ad eləmək, ad çıxarmaq, ad qoymaq, ad batırmaq və s. kimi ümumişlək ifadələr də mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti