acar sözü qeyrətli, bacarıqlı, gözütox; tutduğunu buraxmayan, hücum edən mənasındadır.
Qədim türk adlarındandır. Azərbaycan antroponimikasında xalq, tayfa, nəsil adları ilə əlaqədar yaranan şəxs adları sırasındadır. Acar Cənubi Qafqazda yaşayan xalqlardan birinin adındandır. Acarlar tarixən gürcülərin müsəlman olan hissəsi olub, əsasən dağlarda yaşamış etnoqrafik qrupdur. Dil və mədəniyyət baxımından gürcülərin Türkiyədə yaşayan subetnik qrupu olan lazlara və çveneburlara daha yaxındır. Bu gün də əksəriyyəti Cənubi Qafqazda, kompakt şəkildə Gürcüstan Respublikasının daxilində muxtar vilayətdə – Acarıstanda yaşayır. Bəzi mənbələrdə Acar şəxs adının həmin xalqa mənsub olan (adam) anlamını ifadə etdiyi göstərilir. Bu gün bu şəxs adını daşıyan şəxslər Azərbaycanda çox az, həm də yaşlı nəslin nümayəndələridir, lakin Acar adı digər türk xalqları arasında geniş yayılmış adlardandır. Azərbaycan antroponimikasında tərkibində Acar adının iştirak etdiyi mürəkkəb kişi adları da mövcuddur. Qeyd etmək lazımdır ki, Türkiyə türklərinin, eləcə də digər türk xalqlarının şəxs adları lüğətlərində bu qəbildən olan antroponimlərin sayı kifayət qədərdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti