Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏHMƏDXAN ərəb.

mürəkkəb adların tərkibində işlənən Əhməd və azərb. arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Əhmədxan (bax: ad – ƏHMƏD; XAN) kişi adı Əhməd xan anlamındadır. Azərbaycan ərazisində Əhmədxan adı ilə əlaqədar yer adları da məlumdur. Şamaxı bölgəsində dağ adıdır. Dağın adı keçmişdə Əhmədxan yaylağı (Əhmədxan adlı birisinin yaylaq yeri) olmuşdur. Dağda Əhmədxan çadırı deyilən yer də mövcuddur. Azərbaycan musiqisi tarixində özünəməxsus izlər qoymuş görkəmli musiqiçi, tarzən Əhmədxan Bakıxanovun adı xalq arasında bu gün də ehtiramla xatırlanır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏHMƏDİYYƏ ərəb.

ahmadiyya sözündəndir, dilimizdə İslam dininə aid, müsəlman olan, İslam anlamlarını ifadə edir.

 

Əhmədiyyə (bax: ad – ƏHMƏD) kişi adı müsəlman olan (adam), tərifə layiq olmaqla əlaqədardır. Adın daşıyıcılarından İkinci Dünya müharibəsinin iştirakçısı, partizan dəstələrində qəhrəmanlıqla döyüşmüş, Fransa Müqavimət hərəkatının görkəmli nümayəndələrindən biri Əhmədiyyə Cəbrayılov (1920-1994) “Armed Mişel”, “Ryus Armed”, “Хаrqo” və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmişdir. Fransanın bir sıra orden və medalları ilə, o cümlədən Fəxri Legion ordeni ilə təltif olunmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏJDƏR ərəb.

ajdar (əslində ejdarha) sözündəndir. Azərbaycan dilinə tərcümədə əjdaha deməkdir.

Əjdaha sözünü eşidən kimi gözlərimiz qarşısında çox kiçik yaşlarından nağıllardan, dastanlardan tanıdığımız ilanabənzər, lakin dörd ayağı, həm də qanadları olan, ağzından od püskürən, həmişə insanların istifadə etdiyi suların qarşısını kəsib onlara zülm edən, bəzən də bir neçə başı olan mifik obraz canlanır. Vahiməli, heybətli, qüvvətli, qorxmaz kimi məcazi mənaları da vardır. Əjdər kişi adı da sözün məcazi mənaları ilə əlaqədardır. Azərbaycan ərazisində mifik obrazın adı ilə əlaqədar bir sıra toponimlər də mifik obrazın adı ilə adlandırılmışdır. Məsələn, Şərur bölgəsində Əjdaha dağı, Qubadlı və Kəlbəcər bölgəsində görkəminə görə mifik varlığa bənzədilərək Əjdaha qayası adlandırılan qaya mövcuddur. Laçın bölgəsində adı mifik zoonim əsasında formalaşmış Əjdaha yalı, Əjdaha kahası adlanan coğrafi obyektlər də vardır.

Adın məşhur daşıyıcılarından biri də Hacı Əjdər bəy Aşurbəyovdur (1858-1923). Xeyriyyəçi iş adamı həm də “Göy məscid “ kimi tanınan möhtəşəm binanın əsasını qoyanlardan biri olmuşdur. Bu səbəbdən məscid uzun müddət “Əjdər bəy məscidi” adlanmışdır. Neft mədənlərinin sahibi Əjdər bəy on ildən çox Bakı Şəhər Dumasının üzvü olmuş, şəhərin ictimai-siyasi həyatında fəal iştirak etmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏLƏKBƏR ərəb.

mürəkkəb adların tərkibində işlənən Əli Əkbar adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Əliəkbər (bax: ad – ƏLİ; ƏKBƏR) kişi adı ən ali, ən böyük, çox ali olan anlamlarındadır.

Dilimizin fonetik qanunlarına əsasən, iki sözün birləşməsindən (birinci söz saitlə bitib, ikinci söz saitlə başlayarsa) əmələ gələn adlarda yanaşı gələn saitlərdən birinin düşməsi nəticəsində Əliəkbər adı bu gün Ələkbər formasındadır. Adın təhrif olunmuş Ələkpər forması da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti