Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏJDƏR ərəb.

ajdar (əslində ejdarha) sözündəndir. Azərbaycan dilinə tərcümədə əjdaha deməkdir.

Əjdaha sözünü eşidən kimi gözlərimiz qarşısında çox kiçik yaşlarından nağıllardan, dastanlardan tanıdığımız ilanabənzər, lakin dörd ayağı, həm də qanadları olan, ağzından od püskürən, həmişə insanların istifadə etdiyi suların qarşısını kəsib onlara zülm edən, bəzən də bir neçə başı olan mifik obraz canlanır. Vahiməli, heybətli, qüvvətli, qorxmaz kimi məcazi mənaları da vardır. Əjdər kişi adı da sözün məcazi mənaları ilə əlaqədardır. Azərbaycan ərazisində mifik obrazın adı ilə əlaqədar bir sıra toponimlər də mifik obrazın adı ilə adlandırılmışdır. Məsələn, Şərur bölgəsində Əjdaha dağı, Qubadlı və Kəlbəcər bölgəsində görkəminə görə mifik varlığa bənzədilərək Əjdaha qayası adlandırılan qaya mövcuddur. Laçın bölgəsində adı mifik zoonim əsasında formalaşmış Əjdaha yalı, Əjdaha kahası adlanan coğrafi obyektlər də vardır.

Adın məşhur daşıyıcılarından biri də Hacı Əjdər bəy Aşurbəyovdur (1858-1923). Xeyriyyəçi iş adamı həm də “Göy məscid “ kimi tanınan möhtəşəm binanın əsasını qoyanlardan biri olmuşdur. Bu səbəbdən məscid uzun müddət “Əjdər bəy məscidi” adlanmışdır. Neft mədənlərinin sahibi Əjdər bəy on ildən çox Bakı Şəhər Dumasının üzvü olmuş, şəhərin ictimai-siyasi həyatında fəal iştirak etmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti