Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

CAĞATAY türk.

cağatay/cığatay sözünün dilimizdə bir neçə mənası var: 1. Döyüşçü; 2. İgid, cəsur, qoçaq adam; 3. Dəvə, at kimi qüvvətli olan gənc.

Bəzi mənbələrdə qədim türklərin dini inanclarına əsasən qəbilə və tayfa başçılarını qoruyan ruh, Tanrı, tanrılar anlamını ifadə edən cığı/cıvı sözü ilə tay (burda: iki hissəyə bölünmüş tərəflərdən biri) sözünün birləşməsindən yarandığını göstərirlər. Lakin bir çox mənbələrdə Cağatay/Cığatay antroponiminin Kəngərli türk tayfasının bir qolunu təşkil edən Cığatay tayfasının adından yaranmış etnonim olduğu göstərilir. Antroponimin digər izahları da mövcuddur. Məlumdur ki, özbəklərin qədim dilindən və ədəbiyyatından söhbət gedərkən cığatay dili, cığatay ədəbiyyatı ifadələri işlədilir. Məşhur özbək şairi Əlişir Nəvai də cığatay dilində yazıb-yaratmışdır. Mənbələrdə həmin dil və ədəbiyyatın adının məşhur tatar-monqol hökmdarı Çingiz xanın ikinci oğlu Cığatayın (əslində Cağatay) adı ilə əlaqədar olduğu qeyd edilir. Çünki vaxtilə indiki Özbəkistan da daxil olmaqla, Cığatayın payına düşən ərazi Cığatay ulusu adlanırdı. Cığatay şəxs adının birinci hissəsi, “cığat” (cıqıt®cikit®cigit) müasir dilimizdəki ”igid” anlamını ifadə edir. Ay isə “ər”, kişi döyüşçü mənasındadır. Azərbaycan antroponimikasında Ay hissəciyinə Tokay (bax: ad – TO- KAY), Xasay (bax: ad – XASAY), Qaçay (bax: ad – QAÇAY) və bu kimi kişi adlarında da təsadüf edirik. Cağatay/Cığatay Tanrının himayə göstərdiyi döyüşçü, igid, cəsur mənasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

CAHANBAĞIŞ fars.

Cahan və azərb. Bağıç adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Cahanbağış (bax: ad – CAHAN; BAĞIŞ) kişi adı dünyanı bağışlayan, cahanı hədiyyə edən mənasındadır. Adın təhrif olunmuş forması Cahanbaxış da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

CAHANDAR fars.

Cahan adı və dar sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Dilimizə hərfi tərcümədə cahana malik, cahanı fəth edən, padşah, cahanı idarə etmək qabiliyyətinə malik, cahanı idarə edə bilən anlamındadr. Cahandar (bax: ad – CAHAN; DAR) kişi adı cahanı idarə edə bilən anlamını ifadə edir.

Bu gün məişətimizdə bu ada çox nadir hallarda təsadüf edilir. Azərbaycanın görkəmli yazıçısı İ.Şıxlının “Dəli Kür” əsərinin qəhrəmanı Cahandar ağa həddən artıq çox sevilən ədəbi qəhrəmanlardan olsa da, son illərdə məişətimizdə unudulmaqda olan şəxs adlarındandır. Nədənsə son əlli-altmış ildə yeni doğulan oğlan övladlara bu ad çox az verilmişdir. Bu gün Cahandar adı məişətimizdə unudulmaqda olan şəxs adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

CAHANGİR fars.

Cahan adı və gereftan feilinin (tutmaq, fəth etmək, zəbt et- mək) birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Cahangir (bax: ad – CAHAN) kişi adı dünyanı, cahanı fəth edən, dünyanı, aləmi tutan, istila edən, istilaçı kimi tanınan, dünyanı istila edən kimi tanınan mənalarını ifadə edir. Cahangir sözünün həm də çox məşhur, cahanşümul, dünyaca məşhur mənaları da vardır.

Şərqdə bu qəbildən olan adlar az deyildir. Məsələn, Şərq xalqlarının tarixində Böyük moğol hökmdarı Şahcahanın oğlu Məhəmməd 1658-ci ildə taxta çıxması ilə əlaqədar özünə Aləmgir, yəni aləmi fəth edən təxəllüsünü götürmüşdü ki, təxəllüs məna cəhətdən cahangir sözü ilə üst-üstə düşür. Şərq tarixində cahangirlik iddiasında olan hökmdar kimi qalan Aləmgir hakimiyyət uğrunda mübarizədə doğma atasını belə həbsə atdırıb dustaq edərək üç qardaşını öldürmüşdü. Cahangir adı XXI əsrdə məişətimizdə müşahidəediləcək dərəcədə azalmış şəxs adlarındandır. Adın daşıyıcılarından Cahangir Cahangirov (1921-1992) Azərbaycanın Xalq Artisti, bəstəkar, xormeyster, müəllim, eləcə də məşhur “Füzuli” kantatasının müəllifidir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti