Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

CAĞATAY türk.

cağatay/cığatay sözünün dilimizdə bir neçə mənası var: 1. Döyüşçü; 2. İgid, cəsur, qoçaq adam; 3. Dəvə, at kimi qüvvətli olan gənc.

Bəzi mənbələrdə qədim türklərin dini inanclarına əsasən qəbilə və tayfa başçılarını qoruyan ruh, Tanrı, tanrılar anlamını ifadə edən cığı/cıvı sözü ilə tay (burda: iki hissəyə bölünmüş tərəflərdən biri) sözünün birləşməsindən yarandığını göstərirlər. Lakin bir çox mənbələrdə Cağatay/Cığatay antroponiminin Kəngərli türk tayfasının bir qolunu təşkil edən Cığatay tayfasının adından yaranmış etnonim olduğu göstərilir. Antroponimin digər izahları da mövcuddur. Məlumdur ki, özbəklərin qədim dilindən və ədəbiyyatından söhbət gedərkən cığatay dili, cığatay ədəbiyyatı ifadələri işlədilir. Məşhur özbək şairi Əlişir Nəvai də cığatay dilində yazıb-yaratmışdır. Mənbələrdə həmin dil və ədəbiyyatın adının məşhur tatar-monqol hökmdarı Çingiz xanın ikinci oğlu Cığatayın (əslində Cağatay) adı ilə əlaqədar olduğu qeyd edilir. Çünki vaxtilə indiki Özbəkistan da daxil olmaqla, Cığatayın payına düşən ərazi Cığatay ulusu adlanırdı. Cığatay şəxs adının birinci hissəsi, “cığat” (cıqıt®cikit®cigit) müasir dilimizdəki ”igid” anlamını ifadə edir. Ay isə “ər”, kişi döyüşçü mənasındadır. Azərbaycan antroponimikasında Ay hissəciyinə Tokay (bax: ad – TO- KAY), Xasay (bax: ad – XASAY), Qaçay (bax: ad – QAÇAY) və bu kimi kişi adlarında da təsadüf edirik. Cağatay/Cığatay Tanrının himayə göstərdiyi döyüşçü, igid, cəsur mənasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti