Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

CAHANGİR fars.

Cahan adı və gereftan feilinin (tutmaq, fəth etmək, zəbt et- mək) birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Cahangir (bax: ad – CAHAN) kişi adı dünyanı, cahanı fəth edən, dünyanı, aləmi tutan, istila edən, istilaçı kimi tanınan, dünyanı istila edən kimi tanınan mənalarını ifadə edir. Cahangir sözünün həm də çox məşhur, cahanşümul, dünyaca məşhur mənaları da vardır.

Şərqdə bu qəbildən olan adlar az deyildir. Məsələn, Şərq xalqlarının tarixində Böyük moğol hökmdarı Şahcahanın oğlu Məhəmməd 1658-ci ildə taxta çıxması ilə əlaqədar özünə Aləmgir, yəni aləmi fəth edən təxəllüsünü götürmüşdü ki, təxəllüs məna cəhətdən cahangir sözü ilə üst-üstə düşür. Şərq tarixində cahangirlik iddiasında olan hökmdar kimi qalan Aləmgir hakimiyyət uğrunda mübarizədə doğma atasını belə həbsə atdırıb dustaq edərək üç qardaşını öldürmüşdü. Cahangir adı XXI əsrdə məişətimizdə müşahidəediləcək dərəcədə azalmış şəxs adlarındandır. Adın daşıyıcılarından Cahangir Cahangirov (1921-1992) Azərbaycanın Xalq Artisti, bəstəkar, xormeyster, müəllim, eləcə də məşhur “Füzuli” kantatasının müəllifidir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti