►Hər hansı işdə kiminsə öz üzərinə hədsiz çox vəzifə götürdüyünü, öz rolunu qabartmaq üçün bir adamın bir neçə vəzifə icra etdiyini bildirən ifadə.
Dilimizə ruscadan keçmiş bu ifadə teatrda aktyorun monotamaşalarda birdəfəyə bir neçə rolu ifa etməsi təcrübəsindən qaynaqlanır.
İlk monotamaşalar XX əsrin 20-ci illərində ideologiyanın müəyyən çərçivəyə saldığı sovet teatrında mövcud olmuşdur. Hətta 1927-ci ildə qeyri-rəsmi adı «Sovremennik» olan ayrıca bir teatr da fəaliyyət göstərmişdir. Həmin teatrın truppası cəmi bir aktyordan ibarət idi. Monotamaşa janrının əsasını məşhur rus aktyoru və rejissoru Vladimir Yaxontov (1899–1945) qoymuşdu.
«Bir aktyorun teatrı» ifadəsi məcazi mənada bir müəssisə və ya təşkilatın uğurlu fəaliyyət göstərməsinin bir adamdan asılı olduğunu vurğulamaq üçün də işlədilir.
Məsəllər, deyimlər►Özü haqqında yüksək fikirdə olan və eyiblərini görə bilməyən adamın zarafatla işlətdiyi ifadə.
İfadә Üzeyir Hacıbәylinin «O olmasın, bu olsun» operettasından və eyniadlı filmdən sonra geniş yayılmışdır.
Әsәrin qәhrәmanı cahil və xəsis Mәşәdi İbad «nişanlısı» Gülnazla görüşə hazırlaşarkən güzgü qarşısında dayanıb məftunluqla özünə baxaraq deyir: «Türkdә bir mәsәl var, deyərlәr ki, hәr gözәlin bir eybi olar. Qonaqlar bu evdə olanda mәn o biri otaqda sәһәrdәn bәri fikirdә idim ki, ayә, mənim eybim nədir? İndi bilmişәm ki, mənim bir eybim varsa, o da eyibsizliyimdir. Hərçənd bu çox incə mәtlәbdir, amma bütün məsələ bundadır. Vәssalam...»
Məsəllər, deyimlər►Mümkün olmayan işlə məşğul olmaq, eyni vaxtda bir-biri ilə uyuşmayan iki işi görməyə can atmaq.
Xalq arasında kifayət qədər işlək olan bu ifadənin dilimizdə yayılması barədə maraqlı fərziyyə vardır.
Prof. M.Adilov dilimizdәki bu frazeoloji ifadəni Rudәkinin beytlərindən birinin dilimizə yanlış tərcüməsi ilə əlaqələndirir. O qeyd edir ki, həmin misrada işlənən «xәrbuzә» (yemiş) sözu dilimizə səһvən «qarpız» kimi tәrcümә olunmuş və sonralar yazıda və şifahi dildə bu şəkildə də geniş yayılmışdır.
Müəllifin bu ehtimalını ağlabatan hesab etməklə yanaşı, onu deyək ki, ta qədimdən el arasında xalq yaradıcılığında bostan məhsulları, o cümlədən qarpızla bağlı ifadələr işlədilmişdir. «Başı qarpız kimi partlamaq», «Başın yaxşı başdır, heyif ki, qarpıza işləyir» və s. ifadələr bu qəbildəndir.
Məsəllər, deyimlər►Boşboğaz, sicilləmə yazan müәlliflәrlә bağlı istehza ilə işlədilən ifadə.
İfadə böyük satirik şairimiz M.Ə.Sabirin yaradıcılığından qaynaqlanır.
Şairin ömrünün sonlarında – 1911-ci ildә yazdığı taziyanәsindә deyilir:
Molla Ərәszadәnin... vay, yenə mabədi var,
Yazdığının yox sonu, «ənənə» mabədi var.
Gündə çıxan qəzetinin bircәsi boş keçməyir,
Bir gecəlik mətləbin bir sənə mabədi var.
Digər klassiklərimizin yaradıcılığında da bu ifadəyə rast gəlinir; məsələn, Hüseyn Cavid 1913-cü ildə «İqbal» qəzetinə yazdığı bir məktubda Sabirin bu kəlamlarını misal gətirib və bir şeydən uzun-uzadı yazmağı tənqid edib. «Bir gecəlik mətləbin bir sənə mabədi var» ifadəsi 1956-cı ildә nәşr olunmuş «Atalar sözlәri» kitabına da daxil edilib.
Prof. M.Adilova görə, bu deyimin sintaksis, intonasiya tərzi baxımından el arasında məşhur olan «Hər zülmət gecənin bir işıqlı sabahı var» zərbi-məsəlindən törədiyi ehtimalı da var.
Məsəllər, deyimlər►Konkret qərar verə bilməyən, dəqiq və sabit mövqeyi olmayan, tez-tez fikrini dəyişən, hərdəmxəyal adamlarla bağlı işlədilən ifadə.
İfadə rənglər haqqında qədim xalq təsəvvürlərindən qaynaqlanır.
Qәdim zamanlarda adamlar cәhәtlәri rәnglәrin adı ilә ifadә edərdilәr. Bir sıra dağ, çay vә s. adlarını nәzәrdәn keçirdikdә mәlum olur ki, onlarda «ağ» vә «qara» sözlәri müxtəlif cәhәtlәri әks etdirir: Ağsu–Qarasu, Ağ çay–Qara çay, Ağ (ala) dağ–Qara dağ vә s. Güman ki, yuxarıdakı ifadәdә «ağ» әvәzinә «ala» işlәnmәsi ritm, ahәng mәqsәdilә baş vermiş bir hadisәdir.
«Ala dağ–Qara dağ» ifadələrinə «Kitabi-Dədə Qorqud» toponimlərində də rast gəlmək olar – dastanda «Ala dağ–Qara dağ», «Ala dərə–Qara dərə» kimi ifadələr yer alıb.
«Bir gözü Ala dağa baxır, bir gözü Qara dağa» deyimində də bir-birinə əks olan rənglərin «ala» ilə «qara»nın qarşılaşdırılması, əslində, təzad yaratmaqla ifadə olunan fikri daha da gücləndirmək məqsədi güdür.
Müasir danışıq dilindә «Bir gözü şimala baxır, bir gözü cәnuba», «Bir gözü şәrqә baxır, bir gözü qәrbә» ifadәlәri dә işlәdilir vә hər biri qəti qərara gələ bilməməyi, tərəddüd etməyi bildirir.
Ana dilimizdə bəzi məqamlarda bu ifadə kimdəsə çəpgözlüyü bildirmək məqsədilə də işlədilir.
Məsəllər, deyimlər►Eyni vaxtda müsbət nəticələnən iki işi görmək, yaxud bir hərəkətlə iki məqsədin həyata keçməsinə nail olmaq.
İfadə yalan və şişirdilmiş əhvalatları ilə məşhur olan ovçuların dilindən yaranaraq yayılmışdır.
Əslində isə bir güllə ilə iki dovşan vurmaq mümkün deyil. Qoşalülə tüfənglə atəş açan ovçu eyni vaxtda iki dovşanı ancaq xəyalən öldürə bilər. Bu baxımdan el arasında reallığa yaxın olan «iki dovşan dalınca qaçan birindən də olar» ifadəsi çox ibrətamizdir. Yəni bu ifadə «iki işi eyni vaxtda yaxşı görmək mümkün deyil» mənasını qabardır.
Reallıq budur ki, «iki dovşanı vurmaq» ifadəsi getdikcə populyarlaşmış və tədricən bir işi həll edərkən bundan ikiqat mənfəət götürmək məqamında işlənməyə başlamışdır.
Məsəllər, deyimlər►Baş tutmuş hər hansı istək və niyyətin keçici deyil, uzunmüddətli olacağına dərin inamı göstərmək məqsədilə işlədilən ifadə.
İfadə Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə (1884–1955) tərəfindən parlamentin ilk iclasında səslənmişdir.
Bütün Şərq-müsəlman aləmində ilk demoktatik dövlət kimi meydana çıxmış Azərbaycan Cümhuriyyəti tarixin keşməkeşli dövründə iki ilə yaxın ömür sürmüşdür. Bu müddətdə bir sıra demokratik təsisatlar qurulmuş, o cümlədən ölkədəki bütün partiyaların təmsil olunduğu parlament – Məclisi-Məbusan fəaliyyət göstərmişdir.
Parlamentin ilk iclasının keçirildiyi gün (7 dekabr 1918-ci il) paytaxtda böyük bir təntənə və ruh yüksəkliyi hökm sürürdü, məclisin toplaşdığı bina başdan-başa milli bayraqlarla bəzədilmişdi.
Milli Şuranın sədri M.Ə.Rəsulzadə parlamentin açılışında parlaq nitq söyləmişdir. Üzeyir Hacıbəyli bu münasibətlə «Azərbaycan» qəzetində yazdığı «Təəssürat» məqaləsində (9 dekabr 1918, №60) göstərir ki, Məhəmməd Əmin nitqi-iftitahisində bu üç rəngin: «Türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə – bu bayraq endirilməz!» – dedikdə bütün məclis ayağa qalxıb əl çala-çala bayraqları salamlarkən təəssürati-fövqəladəmdən başımın tükləri biz-biz durdu».
Cümhuriyyət banisi göstərilən ifadəni tam şəkildə və inamla Azərbaycanın müstəqilliyi Paris sülh konfransında tanındıqdan sonra parlamentin bu münasibətlə 1920-ci ilin 14 yanvarında keçirilən xüsusi iclasındakı çıxışında səsləndirmişdir. M.Ə.Rəsulzadə bu məşhur ifadəni cümhuriyyətin süqutundan sonrakı yazı və nitqlərində, o cümlədən 1953-cü ildə «Amerikanın səsi» radiosu ilə çıxışında da səsləndirmişdir. Həmin məşhur çıxışda deyilir:
– Ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: «Bir kərə yüksələn bayraq bir daha enməz!»
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən (18 oktyabr 1991) və cəmiyyətdə istiqlal düşüncəsi dərinləşdikdən sonra bu ifadə daha geniş yayılmışdır.
Məsəllər, deyimlər►Tez bir zamanda evlәnmәk arzusunu bildirən ifadə.
İfadә Ü.Hacıbәylinin «Arşın mal alan» operettasından və eyniadlı məşhur filmdən (1945) qaynaqlanır.
Qoca vә xәsis mülkədar Soltan bәy evlənmək arzusu ilә yaşayır. Rastına çıxan hər dul qadına da bu niyyətlə baxır. Onun tacir Əsgərin xalası Cahan arvadla görüşündə belə bir dialoq var:
«Cahan: – Buy, dedim ərim on iki ildir ki, ölübdür...
Soltan bəy: – Axı burası var ki, mən də dulam...
Cahan: – Nə olar, Allahın əmridir. Tək sənin başında görünməyib ki...
Soltan bəy: – Orasını bilirəm... Bura bax, gəl biz ikimiz bir iş edək.
Cahan: – Nə iş?
Soltan bəy: – Belə iş ki, nə sən dul olasan, nə də mən...
Cahan: – Nə sayaq eləyək?
Soltan bəy: – O sayaq ki, bir nəfər molla, üç manat pul, bir kəllə qənd, vəssalam-şüttamam».
İndi kimsə toy, nişan və ya evlənmək məsələsinə işarə edərkən bu ifadəni işlədir.
Məsəllər, deyimlər►Boran və çovğunun güclü, yağan qarın aramsız olduğunu bildirən ifadə.
İfadә Azərbaycan xalq dastanı olan «Әsli vә Kərəm»də yer almış bir qoşmadan qaynaqlanır.
Dastanda nəql olunur ki, Kәrәm öz lәlәsi Sofi ilə birlikdә Әslini axtara-axtara gedib Әrzuruma çıxır. Burada ara verməyən güclü çovğun və şiddətli borandan çox әziyyәt çәkirlər. Bu yerdə Sofinin dilindәn verilən bir qoşmada deyilir:
Әrzurumun gədiyinə varanda
Onda gördüm birəm-birəm qar gəlir.
Dedim, Kərəm, gәl bu yoldan qayıdaq,
Gördüm xan oğludur, ona ar gəlir.
Təbii ki, burada əsas məsələ «birəm-birəm» ifadəsi ilə bağlıdır. Yəni burada «bir» sözünün təkrarı, әslindә, «birәr-birәr» olmalıdır, lakin danışıq dilindә dissimilyasiya qanununun tәsiri ilə «birəm-birəm» şәklini almışdır.
Artıq dildə işləklik qazanmış «birəm-birəm» ifadəsinə müxtәlif yerlәrdə «birәr-birәr», «birən-birәn», «bürəm-bürәm», «burum-burum» (qar gәlir) şәklindә dә tәsadüf edilir; məsələn, elə adıçəkilən dastanda Kәrəmin dilindәn verilən başqa bir qoşmada «onda gördüm burum-burum qar gəlir» ifadəsi işlədilir.
Məsəllər, deyimlər►Çox böyük məharәt göstәrmək, mümkünsüz bir işi bacarmaq, qeyri-adi qabiliyyәti ilə başqasına üstün gәlmək; һәr hansı işdә başqalarını çox incə şəkildə aldada bilmək.
İfadә eyniməzmunlu mәşhur rus xalq məsəlindən və yazıçı N.S.Leskovun «Solaxay» («Levşa») һekayәsindәn qaynaqlanır.
Adıçəkilən hekayənin mәzmunu da, әslindә, ruslarla bağlı bir əhvalatla əlaqədardır: ingilislər rus çarını һeyrətә salmaq mәqsədilə poladdan olduqca kiçik ölçüdə birә düzəldib Tulaya göndәrirlər. Çar buna necə cavab vermək barədə buradakı sənәtkarlarla məsləhətləşir. Hamı bu məsələdə ümidini qeyri-adi qabiliyyəti olan, solaxay usta Levşaya (solaxay) bağlayır. Levşa isə, həqiqətən, yüksək məharət göstərərək hәmin polad birәni nallayıb geriyә göndərir.
Göründüyü kimi, az qala adi gözlə görünməyən polad birə fiqurunu nallamaqla rus ustaları mümkünsüz bir işi reallaşdırmış, bununla da öz mәһarәtlərini, bacarıqlarını, bu növ incə işlərdə ingilislәrdən daha üstün olduqlarını bütün dünyaya nümayiş etdirmişlər. Ona görə indi də ağlasığmaz və çox incə bir işi görməkdən söhbət getdikdə «birәni nallamaq» ifadəsi işlədilir.
Məsəllər, deyimlər►Müvəqqәti, çox qısa vaxtda hakimiyyәt sürәn, vəzifə başında çox az müddətdə olan adamlar haqqında işlәdilən ifadə.
İfadənin «Min bir gecә» nağılları ilә әlaqədar yarandığı güman olunur.
Bəzən bu ifadәnin təsirini daha da qüvvәtlәndirmәk mәqsədilә «birsaatlıq xәlifə» də deyilir. Tәdqiqatçılar ifadəni həm tarixi həqiqətlə, həm də məşhur «Min bir gecә» nağılları ilә әlaqəlәndirirlәr. Bu nağılların birində deyilir ki, Bağdadda Əbu Həsən adlı yoxsul bir gənc varmış. Ağır ömür sürən bu oğlan daim dövlətlənib varlanmaq, hətta xəlifə belə olmaq ümidi ilə yaşayırmış.
Bir gün tacir qiyafəsində şəhəri gəzən xəlifə Harun ər-Rəşid təsadüfən onun evinə qonaq gəlir. Ev yiyəsi söhbət əsnasında, heç olmasa, bir saat, bir gün xəlifəlik etmək arzusunda olduğunu söyləyir. Bu söz Harun ər-Rəşidi çox maraqlandırır. Xörək yeyərkən o, şərabın içərisinə bihuşdarı töküb oğlanı yatırdır, sonra öz adamlarını çağırıb onu saraya apartdırır. Bir gün xəlifəlik etdikdən sonra oğlanı yenə huşsuz vəziyyətdə öz evinə qaytarır. Sabahı gün oğlan yuxudan oyanıb röyada öz arzusuna çatdığını zənn edir.
Tarixi gerçəkliyə gəlincə, mәlumdur ki, IX әsrdən başlayaraq Abbasi xәlifәləri yalnız xüsusi qoşun qüvvәlәrinin köməyi ilә taxta sahib olur və hökmranlıq edirdilər. Artıq qvardiya vasitәsilə Abbasilərdәn birini hakimiyyәtdәn salıb başqasını taxta oturtmaq adi bir hala çevrilmişdi. Abbasi xәlifәlәrindən cәmi bir gün hakimiyyәt sürәn xəlifә İbn әl-Mutazz olmuşdu. O, xәlifə Müqtәdirə qarşı yönәlmış saray çevrilişi nəticәsində (17 dekabr 908-ci il) hakimiyyәti ələ almış və həmin gün dә başqa bir çevriliş nəticәsindә öldürülmüşdü.
Bu məsələyə M.F.Axundzadənin «Aldanmış kəvakib» əsərində daha konkret şəkildə toxunulur. Şah Abbas münəccimlərin və ruhanilərin məsləhəti ilə gözlənilən təhlükədən sovuşmaq üçün taxtdan əl çəkib üç günlüyə Yusif Sərracı şah elan edir.
Məsəllər, deyimlər►Bir şeyi (xəbəri, malı və s.-ni) vasitəçi olmadan, birbaşa, əsas mənbədən, orijinaldan almağın vacibliyini bildirən ifadə.
İfadə ticarətlə, sövdələşmə, alış-verişlə bağlı meydana gəlmişdir.
Adətən, ticarət sahəsində əldən-ələ keçən mallar bahalaşır və keyfiyyətini qismən itirirdi. Ona görə də əsl ticarətçilər, elə alıcılar da vasitəçilərdən deyil, əsl istehsalçıdan alınan mallara üstünlük verirdilər. Belə yanaşma həm yeni əlaqələrin, həm də yeni iqtisadi münasibətlərin yaranmasına gətirib çıxarırdı. Müxtəlif fərziyyələrə görə, «birinci əldən» ifadəsi fransız dilindən alman dilinə keçmiş, daha sonra ingilis dili vasitəsilə geniş yayılmışdır.
Biznes fəaliyyətinin genişləndiyi bizim günlərdə də alış-verişlə məşğul olanlar arasında «birinci əldən» ifadəsi tez-tez işlənir.
Məsəllər, deyimlər►Bir şәxsi uzun müddәt ərzində yaxşıca tanımaq, dostluq və yoldaşlıq etmək, hər xasiyyətinə dərindən bələd olmaq.
İfadə qədim rəvayətlərdən və müqəddəs kitablardan qaynaqlanmışdır.
Qədim zamanlarda duz çox dәyәrli, qiymәtli bir nemət hesab olunurdu, hәtta bәzәn qızıl qiymәtinә satılırdı. Duz bəşər övladına çox qədimlərdən məlumdur. İnsanın onunla tanışlığının tarixi yeddi min ildən çoxdur. Xalq adәtlәrindәn biri – qonşunun pay göndәrdiyi qaba duz qoyulub qaytarılması da bununla әlaqәdardır. Danışıq dilindәki «duz günü» ifadәsi dә, güman ki, duzun tәsәrrüfat vә mәişәt әhәmiyyәtini göstәrir.
Qədim yunan şairi Homer duzu müqəddəs substansiya, yəni bütün cisimlərin və hadisələrin ilk əsasını təşkil edən maddə adlandırırdı. Yunan və Roma mütəfəkkirləri duzu yüksək qiymətləndirir və yazırdılar ki, bu maddə çörəkdən savayı bütün qidaları əvəz edə bilər. Onu «Tanrı sovqatı» adlandırırdılar. Qədim Romada hər gələn qonağa dostluq nişanəsi kimi duz hədiyyə edirdilər.
Xristianlıqda duz uzunömürlülük, sarsılmazlıq və müdrikliklə əlaqələndirilir. Katolik kilsəsində körpəni xaç suyuna salarkən ağzına duz da qoyurdular. İslam dinində çörək Allah sovqatı sayıldığından onun duza batırılıb yeyilməsi çörəyin qorunması, bu isə Tanrı və onun təbəələri arasında birliyin olması deməkdir. Bundan başqa, islam aləmində duzun dəyişməzliyini əsas tutaraq sazişləri duzla təsdiqləyirdilər.
Hind əsgərləri komandirləri qarşısında duza and içirdilər. Qədim və müasir yəhudilərdə duz Allah ilə İsrail arasında sarsılmaz əlaqə rəmzi sayılır.
Dilimizdə «duz-çörək kəsmək», «duz-çörəklə qarşılamaq», «duz-çörəyi saxlamaq», «duz-çörəyi tapdalamamaq» kimi ifadələr də işlədilir.
Məsəllər, deyimlər►Ona hiylə gəlməyə çalışan birisinə heç də aldanmadığını, ehtiyat tədbiri gördüyünü, hazırlıqlı olduğunu bildirmək məqsədilə işlədilən ifadə.
İfadə rejissor Rauf Kazımovskinin çəkdiyi «Bəşir Səfəroğlu» sənədli filmindən (1969) qaynaqlanaraq yayılmışdır.
Həmin filmdə göstərilən epizodlardan birində böyük aktyorun oynadığı Baloğlan obrazı içki düşkünü kimi təqdim olunur. Həyat yoldaşı onu bu vərdişdən çəkindirməyə çalışsa da, məqsədinə nail ola bilmir. Sonuncu dəfə öz həyat yoldaşı Baloğlanı ən munis sözlərlə dilə tutur, içkini tərgitməyi və bunun təsdiqi kimi şüşədəki arağı boşaltmağa razı salır.
Baloğlan, həqiqətən, bu addımı atır və şüşədəki arağa «əlvida» deyərək onu yerə boşaldır. Xanımı isə ona təsəlli verərək bildirir ki, şüşədəki arağın yerə tökülməsinə çox təəssüflənməsin. Çünki o, işdə olanda həmin şüşədəki arağı özü boşaldaraq əvəzinə su töküb. Baloğlan isə qəhqəhə çəkib «qürurla» bildirir ki, o özü səhər işə gedəndə həmin şüşədəki arağı içərək içərisinə su doldurmuşdu. Ona görə də 1:0 Baloğlanın xeyrinə.
Bu gün kimsə ona pislik etməyə çalışan birisinə heç də aldanmadığını, əvvəlcədən ehtiyat tədbiri gördüyünü, bu işə hazırlıqlı olduğunu və daha çox özünün qalib gəldiyini bildirmək məqsədilə «1:0 Baloğlanın xeyrinə» ifadəsini işlədir.
Məsəllər, deyimlər►Mənasız, cəfəng bir şey, yaxud yalan danışıq haqqında işlədilən ifadə.
Bu ifadə Ziyaəddin Nəxşəbinin Şərq ölkələrində geniş yayılmış «Tutinamə»sində təsvir olunan bir hekayətlə əlaqədardır.
Həmin hekayətə görə: «Girman əmirinin bir süfrə dostu var idi ki, güləndə ağzından qızılgül tökülürdü. Bir gün bu əmirin çox hörmətli qonaqları gəlir və əmir öz həmsüfrə dostunun qabiliyyətini onların qarşısında nümayiş etdirmək istəyir. Dostunun dalınca adam göndərir. Əmirin yanına getməkdə olan dostu arvadının əxlaqı ilə bağlı yolda kifir bir zəncinin dediyi sözdən çox məyus olur, kədərlənir və əmirin məclisində nə qədər çalışırsa, gülə bilmir. Bundan qəzəblənən əmir onu zindana salır.
Bu əmirin arvadı da qulluqçulardan birinin məşuqəsi imiş. Həmin gecə əmirin arvadı öz oynaşı ilə görüşür. Həbsxananın pəncərəsindən onları görən əmirin süfrə dostu qəhqəhə çəkib gülür. O saat ətrafa qızılgüllər səpələnir.
Səhəri gün əmirlə arvadının oturduğu yerə bağban bir dəstə nərgiz gülü gətirir. Əmirin arvadı o dəqiqə üzünü yana çevirib başdan-ayağa çadraya bürünür və deyir: «Nərgiz gülü adam gözünə oxşayır, mən isə istəmirəm ki, əmirin gözündən başqa bir göz məni görsün, əmirin gözündən qeyri bir göz mənə baxsın».
Onların süfrəsinə çoxlu bişmiş toyuq qoyulmuşdu. Bu sözlər deyilən kimi toyuqlar gülməyə başlayır. Arvad əmirin yaxasından yapışır ki, toyuqların gülməsinin səbəbini desin. Bu əhvalat ətrafa yayılır. Bişmiş toyuqların nə üçün güldüyünü heç kəs izah edə bilmir.
Əmirin süfrə dostu da bunu eşidir və əmirə xəbər göndərir ki, bu hadisənin səbəbini deyə bilər. Əmir köhnə dostunu yanına gətirtdirir. O da gülməməyinin səbəbini, həbsxananın pəncərəsindən gördüklərini əmirə danışır və bişmiş toyuqların nə üçün güldüyünü ona başa salır».
Məsəllər, deyimlər