Reklam
Reklam

Məsəllər, deyimlər

İCTİMAİ RƏY

►İctimai həyatda, cəmiyyətdə baş verən hadisə və proseslərə insanların münasibətini gizli, yaxud açıq şəkildə əks etdirən ifadə.

İfadə Amerika yazıçısı, jurnalisti və siyasi təhlilçisi Uolter Lipmanın (1889–1974) ötən əsrin 20-ci illərində çap olunmuş «İctimai rəy» (1921) adlı məşhur kitabından sonra geniş yayılmışdır.

Uşaqlıqdan qeyri-adi istedadı ilə diqqəti cəlb edən, 17 yaşında Harvard universitetinə daxil olub artıq 20 yaşında fəlsəfə üzrə elmi dərəcə almış U.Lipman həmin əsərində Platonun «Dövlət» traktatından uyğun epiqraf və istinadlar gətirməklə cəmiyyətdəki reallığı bilmək üçün ictimai rəyi əvəzsiz vasitə hesab edir. U.Lipmanın fikrincə, hər kəsin ictimai həyatın bir və ya bir neçə fraqmentini yaxşı bilməsi, hətta dar bir sahə üzrə yaxşı ekspert olması mümkündür, amma hamının hər şeyi yaxşı bilməsi mümkünsüzdür. Ona görə də bir şey barədə ən yaxşı bilgini və qiyməti ictimai rəy verir. Çünki ictimai rəydə həyat hadisələrinə, hökumətin, partiyaların, müxtəlif təsisatların fəaliyyətinə, ictimai çəkisi olan ayrı-ayrı şəxslərə insanların gerçək münasibəti öz əksini tapır.

Bəzi məlumatlara görə, «ictimai rəy» anlayışı ilk dəfə XVIII əsrdə yayılmışdır. İlk istifadə edən şəxs M. de Monten olmuşdur. Bütün hallarda müasir cəmiyyətlərdə artıq ictimai şüur forması kimi qəbul edilən ictimai rəy müəyyən hadisə, proses və ya problemlə bağlı ortaya çıxan xalq inamıdır, geniş mənada müəyyən bir zaman çərçivəsində xalqı maraqlandıran ümumi fikir və ya ortaq bir nəticədir.

Bu fenomenin əhəmiyyətini anlayan hakimiyyət qurumları, siyasi partiya və müxtəlif təşkilatlar tez-tez rəy sorğuları keçirməklə bu və ya başqa məsələ barədə cəmiyyətdəki ictimai rəyi öyrənməyə çalışırlar. Həmin sorğunun nəticələrindən sosioloqlar, politoloqlar və idarəçilər geniş istifadə edirlər.

Məsəllər, deyimlər

İKİNCİ NƏFƏS

►Hər hansı yavaşıma və ya fasilədən sonra gələn təzə enerjini və gücü, fəaliyyətə sövq edən yeni təkanı bildirən ifadə.

İfadə idmançılar, yaxud idmanla sıx əlaqəsi olanlar arasında yaranaraq yayılıb.

Təbii ki, məşq və ya yarış zamanı hər bir idmançı yorğunluq hiss edir. Xüsusilə bu, qaçış idmanı ilə məşğul olanlara aiddir, çünki onlar yorğunluğu hər metrdən bir daha çox hiss edirlər. Bir neçə dövrdən sonra insanda normal nəfəsalma çətinləşir, hava çatışmazlığı özünü göstərir. Bu halda onların çoxunda dayanıb nəfəsini dərmək ehtiyacı yaranır. Lakin əsl peşəkarlar heç vaxt dayanmırlar, çünki onlarda oksigen ehtiyatı və nəfəs düzgün tənzimlənir, bunun nəticəsində isə «ikinci nəfəs» açılır. Yəni orqanizm özü uzun müddətə onu qane edə bilən enerji alır, gözlənilməz enerji partlayışı və güc isə idmançıya irəli getməkdə kömək olur.

Bu frazeoloji birləşməni indi təkcə idmanda deyil, həmçinin insan fəaliyyətinin tamamilə başqa sahələrində də eşitmək olar. Hərəkət fəallığından asılı olmayaraq hamı, hətta mikroskopla və ya kağızlarla işləyib yorulan alimlər də günün müəyyən vaxtında «ikinci nəfəsin» açılmasından xəbər verən gümrahlıq hiss edə bilirlər.

Bu ifadə işgüzarlığını və bəlli iş keyfiyyətlərini hələ də saxlamış yaşlı adamlara münasibətdə daha tez-tez işlədilir.

Məsəllər, deyimlər

İLAHİ, MƏNİ DOSTLARIMDAN HİFZ ET, DÜŞMƏNLƏRİMLƏ ÖZÜM BACARARAM

►Yaxın olduğu, ürək qızdırdığı insanlardan, o cümlədən dostlarından gözlənilməz zərbə alanların, xəyanət görən adamların dilindən işlədilən ifadə.

İfadə həm dini kitablardan, həm də qədim ədəbi nümunələrdən qaynaqlanır.

Bu ifadə qədim zamanlardan bəri ayrı-ayrı mənbələrdə müxtəlif şəkillərdə işlənilmişdir; məsələn, Qədim Roma yazıçılarında, «Bibliya»da və bir sıra ərəb müəlliflərinin əsərlərində həmin ifadəyə müxtəlif variantda rast gəlmək mümkündür.

Şərqdə çox məşhur olan «Tutinamə»də göstərilir ki, bir din adamı – zahid tez-tez «İlahi, məni dostlarımdan saxla!» deyib zikr eləyirmiş. Onun bu sözləri təkrarladığını görən Platon (antik yunan filosofu, e.ə. 428–348) həmin adama belə deyir: «Ey zahid, dostlardan yox, düşmənlərdən ehtiyat etmək lazımdır». Zahid isə belə cavab verir: «Eh, düşməndən qorunmaq olar, dostdan isə yox».

Bu məşhur aforizmin fransız yazıçısı və filosofu Volterə (1694–1778) aid edilməsi öz təsdiqini tapmır. Bəzi mənbələrdə aforizmin müəllifi qismində bir çox tarixi şəxsiyyətlərin (XV Lüdovik (1715–1774), Polşa kralı Y.Sobeski (1629–1696), B.Napoleon (1769–1821) və b.) adları da çəkilir.

İfadəyə müasir varianta ən yaxın mənada alman ilahiyyatçı-alimi İohann Manliusun 1563-cü ildə yazılmış «Ümumi yerlər» («Loci communes») kitabında rast gəlinir. Manliusun sözlərinə görə, Makedoniyalı İsgəndərdən (e.ə. 356–323) sonra hakimiyyətə gəlmiş çar Antiqon (ləqəbi Təkgöz – e.ə. 382–301) kahininə Allaha qurban kəsməyi tapşırır ki, ilahi qüvvələr onu dostlarından qorusunlar. Kahin soruşur: «Niyə düşmənlərdən yox, dostlardan?» Çar cavab verir: «Düşmənlərdən mən özümü qoruyaram, dostlardan isə özüm qoruna bilmərəm».

Bu kontekstdə böyük rus yazıçısı F.Dostoyevskinin də belə bir fikri məşhurdur ki, mən bütün zərbələri dostlardan aldım, çünki müdafiə sədlərini düşmənə qarşı qurmuşdum.

Məsəllər, deyimlər

İLAN ULDUZ GÖRMƏSƏ, ÖLMƏZ

►«Hər şərin öhdəsindən gələ biləcək bir xeyirxah qüvvə var, pis adamın qənimi ondan güclü olan xeyirxah adamdır» mənasında işlədilən ifadə.

Məsəlin qədim Şərq əfsanələrindən qaynaqlandığı ehtimal olunur.

Şәrqdә çiyinlәrindә iki ilan olan hökmdar Zöhhak ilanın rәmzi olub «Avesta»dakı «Aji Dahhaq» – «Әjdaha» sözündәndir. Qәdim әfsanәlәrdә isә әjdaha göydәn bәla yağdıran qara bulud – әjdәr hesab olunurdu. Bu qara bulud (әjdaha, әjdәr, yәni ilan) son nәticәdə işıq (günәş, ulduz) tәrәfindәn mәһv edilir.

İlk baxışda belə sual yarana bilər ki, ilanın ölmәsinin ulduzla nә әlaqәsi vardır? Amma prof. M.Adilov izah edir ki, hәr iki sözün kökü «yıl» sözüdür: yıl-an, yıl-dız. Onun fikrincə, ən qәdim insanların tәfәkküründә bir-birinә zidd olan mәfhumlar eyni sözlә ifadә edilir. Qәdim «yıldız» işığın, «yılan» isә qaranlığın rәmzi idi. Şər qüvvәlәrin, şәrin rәmzi olan «Yılan» bizim dilimizdә «Yel baba» şәklindә, «yıl», «jıl» şәklindә isə bir sıra türk dillәrindә ifadә olunurdu. Canlı tәsәvvür edilәn «yıl» («Yel baba») ulduz görünәndә çәkilib gedir, «ölür». Sәbәblә nәticәni dolaşıq salan qәdim insan yıl//yel (vә nәhayәt, yıldız) ilə ilanın әlaqәsini belә başa düşürdü. Әslindә isə məhz yel, çovğun kәsәndә ulduz görünür. «Ölәn» ilan yox, ilanın rәmzi olan yeldir.

Müasir dilimizdә bu ifadә hәm hәqiqi, hәm dә mәcazi mәnada işlәdilir.

Məsəllər, deyimlər

İLK QARANQUŞ

►Nəyinsə yaranmasının, başlanmasının, oyanması və yenilənməsinin ilkin əlamətlərini bildirən ifadə.

İfadə qədim yunanların «bir qaranquşun gəlişi ilə hələ bahar gəlməz» qənaətindən yaranaraq yayılmışdır.

Mülayim iqlimin hakim olduğu ölkələrdə qaranquş baharın elçisi hesab edilirdi. Amma qədimdə yaşayanlar bir şeyə də diqqət yetirmişdilər ki, baharın gəlişinə tam əmin olmaq üçün bir qaranquş kifayət deyil – məhz ilk qaranquş çox vaxt aldadıcı olur. «Una hirundo non facit ver» – «Tək qaranquş baharı gətirməz» – hələ Qədim Romada deyirdilər.

Bununla bağlı Ezop da bütün sərvətini itirmiş axmaq oğlan haqqında təmsil yazmışdır. O yalnız plaşını saxlayır, amma ilk qaranquşu görən kimi onu da satır. Şaxtalar qayıdır və oğlan öz axmaqlığının cəzasını alır. İ.A.Krılovun Ezopun təmsilindən qaynaqlanan «Bayquş və Qaranquş» təmsili vardır. Orada çoxlu miras almış bir «ağıllı»dan və onun kürkdən başqa hər şeyi satıb xərcləməsindən bəhs edilir. Amma o, qaranquşu görən kimi kürkü də satır. Qəfildən şaxta gəlir, qaranquş ölür. «Ağıllı» isə soyuqdan dişi-dişinə dəyə-dəyə və onu «aldatmış» qaranquşu söyə-söyə çılpaq şəkildə gəzir.

Biz «Ah, ilk qaranquş!» deyəndə xoşagələn hadisələrin ilkin əlamətlərinə işarə edirik. Ehtiyatlı insanlar isə deyirlər: «Bir qaranquş baharı gətirməz» – onlar tez arxayın olmaq, hadisələri qabaqlamaq haqqında xəbərdarlıq edirlər.

«Bir qaranquş baharı gətirməz» ifadəsinin qarşılığı kimi dilimizdə «bir gül ilə bahar olmaz» deyimi işlənir.

Məsəllər, deyimlər

İNDİ DEYƏCƏK QATIR DA MƏNİMDİR

►Birinin hədsiz tamahkar və yalançı olduğunu bildirən ifadə.

İfadə Molla Nəsrəddinə aid bir lətifə ilə bağlıdır.

Molla Nəsrəddin hər səhər yuxudan duranda dua eləyib Allahdan yüz qızıl istəyirmiş. Çox varlı olan tacir qonşusu bir gün bunu eşidib Molladan soruşur:

– Bəlkə, Allah yüz qızıl yox, bir az qızıl yetirdi. Bəyəm az qızıl olsa, götürməyəcəksən?

Molla cavab verir:

– Əgər doxsan doqquz qızıl da olsa, yenə götürməyəcəyəm.

Qonşu bu məsələdə Mollanı sınamaq istəyir. O, bir kisəyə doxsan doqquz qızıl yığır. Gözləyir, Molla dua edib Allahdan yüz qızıl istəyəndə kisəni bacadan onun qucağına salır. Molla kisədə olan qızılları sayır, görür doxsan doqquzdur. Molla halını dəyişməyib deyir:

– Heç zərər yoxdur, doxsan doqquzunu verən birini də yetirər.

Molla qızılları yığışdırır. Qonşu da gözləyir, Molladan bir səs çıxmır, axırda gəlib deyir:

– Molla, o qızılları bacadan mən salmışam, tez özümə qaytar.

Molla deyir:

– Nə qızıl, dəli-zad olmamısan? Bu qızılları mənə Allah göndərib, birini də yetirəcək.

Axırda qonşu əlacsız qalıb deyir ki, gedək divanda məsələni aydınlaşdıraq.

Molla özünü sındırmadan deyir:

– Mən divandan qaçmıram. Ancaq piyada gedə bilmərəm. Həm də cübbəm köhnədir. Bir qatır gətir, bir də cübbə al, geyinim, gedək.

Qonşu gedib bir qızıla yaxşı cübbə alır, bir də yaxşı qatır gətirir. Molla cübbəni geyib qatırı minir, gəlirlər qazının yanına. Qonşu əhvalatı qazıya danışır. Qazı Molladan bu kişinin doğru, yoxsa yalan danışdığını soruşur. Molla qonşu tacirin dediklərinin hamısını təkidlə danır.

Qonşu məsələni qazıya bir də danışır və «mən onu sınamaq üçün qızılı bacadan saldım» deyə and-aman edir.

Molla isə tövrünü pozmadan deyir:

– Qazı ağa, mən pullarımı sayanda bu qonşu görüb. İstəyir pulları məndən alsın. Mən bunu yaxşı tanıyıram, utanmasa, deyər ki, mindiyin qatır da mənimdi.

Qonşu əsəbiləşib deyir:

– Əlbəttə, qatır da mənimdi, əynindəki cübbə də.

İşi belə görən qazı Mollanı haqlı bilib qonşunu haqsız hesab edir.

Məsəllər, deyimlər