►Çox sayda adamın iştirak etdiyi məclisdən və ya hər hansı bir toplantıdan bir kimsə ilə sağollaşmadan, o cümlədən dəvət etmiş şəxslə xudahafizləşmədən sakitcə getmək.
Bəzi ehtimallara görə, ifadə XVIII əsrdə Böyük Britaniya ilə Fransa arasında baş vermiş Yeddiillik müharibə zamanı yaranmışdır.
İfadənin yaranması isə fransız əsgərlərinin yerləşdikləri ərazini – döyüş mövqeyini özbaşına tərk etmələri ilə bağlı olmuşdur. İngilislərin ilk dövrlərdə fransızların ünvanına yumorla işlətdikləri ifadəni fransızlar onlardan əxz edərək «ingilissayağı getmək» şəklinə salmışlar. Başqa fərziyyəyə görə, bu ifadəni ingilislər özləri «fransızsayağı getmək» ifadəsindən düzəldərək yaymışlar. Bütün hallarda ifadə Avropada xeyli məşhurlaşaraq başqa dillərə də keçmişdir.
Bu ifadənin guya ingiliscədə «duman» sözünü bildirən leksik vahidin yazılışının hərf səhvindən də qaynaqlandığını iddia edənlər vardır. Lakin ifadənin etimologiyasını araşdıran alimlər bunun ağlabatan olmadığını iddia edirlər.
Məsəllər, deyimlər