Reklam
Reklam

Məsəllər, deyimlər

İCTİMAİ RƏY

►İctimai həyatda, cəmiyyətdə baş verən hadisə və proseslərə insanların münasibətini gizli, yaxud açıq şəkildə əks etdirən ifadə.

İfadə Amerika yazıçısı, jurnalisti və siyasi təhlilçisi Uolter Lipmanın (1889–1974) ötən əsrin 20-ci illərində çap olunmuş «İctimai rəy» (1921) adlı məşhur kitabından sonra geniş yayılmışdır.

Uşaqlıqdan qeyri-adi istedadı ilə diqqəti cəlb edən, 17 yaşında Harvard universitetinə daxil olub artıq 20 yaşında fəlsəfə üzrə elmi dərəcə almış U.Lipman həmin əsərində Platonun «Dövlət» traktatından uyğun epiqraf və istinadlar gətirməklə cəmiyyətdəki reallığı bilmək üçün ictimai rəyi əvəzsiz vasitə hesab edir. U.Lipmanın fikrincə, hər kəsin ictimai həyatın bir və ya bir neçə fraqmentini yaxşı bilməsi, hətta dar bir sahə üzrə yaxşı ekspert olması mümkündür, amma hamının hər şeyi yaxşı bilməsi mümkünsüzdür. Ona görə də bir şey barədə ən yaxşı bilgini və qiyməti ictimai rəy verir. Çünki ictimai rəydə həyat hadisələrinə, hökumətin, partiyaların, müxtəlif təsisatların fəaliyyətinə, ictimai çəkisi olan ayrı-ayrı şəxslərə insanların gerçək münasibəti öz əksini tapır.

Bəzi məlumatlara görə, «ictimai rəy» anlayışı ilk dəfə XVIII əsrdə yayılmışdır. İlk istifadə edən şəxs M. de Monten olmuşdur. Bütün hallarda müasir cəmiyyətlərdə artıq ictimai şüur forması kimi qəbul edilən ictimai rəy müəyyən hadisə, proses və ya problemlə bağlı ortaya çıxan xalq inamıdır, geniş mənada müəyyən bir zaman çərçivəsində xalqı maraqlandıran ümumi fikir və ya ortaq bir nəticədir.

Bu fenomenin əhəmiyyətini anlayan hakimiyyət qurumları, siyasi partiya və müxtəlif təşkilatlar tez-tez rəy sorğuları keçirməklə bu və ya başqa məsələ barədə cəmiyyətdəki ictimai rəyi öyrənməyə çalışırlar. Həmin sorğunun nəticələrindən sosioloqlar, politoloqlar və idarəçilər geniş istifadə edirlər.

Məsəllər, deyimlər