Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ara söz

Cümlə üzvü funksiyası daşımayan, danışanın ifadə etdiyi fikrə münasibətini bildirən söz və ya söz birləşmələri.

Xitab kimi ara sözlər də qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan söz və birləşmələr sırasına daxildir. Cümlədə ara sözlər, əsasən, modal sözlərlə ifadə olunur. Cümlənin əvvəlində, ortasında və ya sonunda işlənir; şifahi nitqdə nisbətən sürətlə, lakin aşağı tonda və zəif vurğu ilə tələffüz edilir, yazıda isə cümlə üzvlərindən vergüllə ayrılır; məs.: Doğrusu, sən belə danışanda mən özümü pis hiss edirəm (İ.Əfəndiyev). Ara sözlər formaca söz, söz birləşməsi və ya cümlə şəklində olur:

– söz şəklində: Məncə, sən bunu bilirsən.

– söz birləşməsi şəklində: Mənim fikrimcə, siz bu məsələdən agahsınız.

– cümlə şəklində: Necə deyərlər, həm ziyarət, həm də ticarət.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

arqo

Müəyyən təbəqənin və ya məhdud bir qrupun işlətdiyi, başqalarının başa düşmədiyi şərti söz və ifadə; məs.: sürücü arqosu, oğru arqosu, tələbə arqosu və s.

Bir çox hallarda “arqo” və “jarqon” terminləri eyniləşdirilir. Bəzi mənbələrdə isə arqonun oğru jarqonu olduğu bildirilir. Bədii ədəbiyyatda obrazların dilində arqodan istifadə edilməsi obraza qarşı maraq yaradır, onu daha təsirli və inandırıcı edir. Məsələn, V.Hüqonun “Səfillər” romanında arqodan geniş istifadə olunub.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

arzu ədatları

Ədatların məna növlərindən biri: kaş, təki, barı, gərək, kaş ki, bircə və s.

Arzu ədatları ilə işlənən feillər arzu şəklində olur; məs.: Kaş mən də böyüyüb Səttarxan qoşununa fədai yazılaydım (Mir Cəlal).

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

aşıq

Saz üstündə söz qoşan, şeir deyən, mahnı oxuyan, dastan danışan el sənətkarı.

Aşıq yaradıcılığı Türkiyə və Azərbaycanda geniş yayılıb. Müxtəlif dövrlərdə aşığa dədə, ozan, varsaq, baxşı, yanşaq da deyilib. Qurbani, Abbas Tufarqanlı, Aşıq Alı, Xəstə Qasım, Aşıq Әləsgər, Dədə Şəmşir Azərbaycan ədəbiyyatında dərin iz qoymuş məşhur aşıqlardır. Bir çox dastanların və poetik folklor nümunələrinin yaranmasında və qorunub saxlanılmasında xalq aşıqları həlledici rol oynayıb.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

aşıq ədəbiyyatı

Azərbaycan xalq yaradıcılığının mühüm qolu, aşıq sənətinin tərkib hissəsi.

Aşıq ədəbiyyatının əsa­sını aşıq poeziyasıdastanlar təşkil edir. Aşıq ədəbiyyatı şifahi yolla yayılması, dəyişkənliyi və çoxvariantlılığı ilə folklora, əksər hallarda müəllifin məlum olması ilə yazılı ədə­biyyata yaxındır.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

aşıq havaları

Aşıq şeir formalarına uyğunlaşdırılmış, əsasən, sazda ifa olunan melodiyalar, havacat.

Aşıq sənəti təd­qiqatçıları yüzdən artıq aşıq havaları qeydə alıblar. Məşhur aşıq havalarına aiddir: “Yanıq Kərəmi”, “Ruhani”, “Ayaq Sarıtel”, “Baş Sarıtel”, “Baş divani”, “Baş dübeyti”, “Dilqəmi” və s.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

aşıq sənəti

Şifahi xalq yaradıcılığının istiqamətlərindən biri: söz, musiqi və rəqsi özündə birləşdirən sinkretik sənət növü.

Qafqaz, İran və Anadoluda geniş yayılıb. Aşıq sənətinin əsasında saz aləti dayanır. Qədim dövrdə buna qopuz deyilib. Aşıq sənətində musiqinin müşayiəti ilə poetik mətnlər yara­dılır və avazla söylənilir. Aşıqlar dastan yaradıcıları, şifahi xalq ədəbiyyatı nümunələrini nəsildən nəslə ötürən el sənət­kar­larıdır. Yaradıcı aşıqlar həm söz qoşur, həm də onu musiqidə canlandırırlar. Onlara ustad aşıqlar da deyilir; məs.: Xəstə Qasım, Sarı Aşıq, Abbas Tufarqanlı, Aşıq Alı, Aşıq Ələs­gər, Aşıq Hüseyn Şəmkirli və b.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

aşırı qafiyə

Şeirin dördlük bəndlərində ikinci və dördüncü misraların, ikilik bəndlərdə ikinci misraların öz aralarında yaratdığı qafiyə.

Çarpaz qafiyədən fərqli olaraq aşırı qafiyədə tək misralar sərbəst buraxılır. Məsələn, qoşma, gəraylı, təcnis və s.-də 1-ci və 3-cü misralar, qəzəl, qəsidə, qitə və s.-də hər beytin 1-ci misraları qafiyələnmir. Nümunə:

Başımdan getmədi hərgiz səninlə içdiyim badə,

Nə badə, badeyi-məsti, nə məsti, məsteyi-sağər.

Əzəldən canim içində yazıldı surəti-məni,

Nə məni, məniyi-surət, nə surət, surəti-dəftər... (İ.Həsənoğlu)

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti