Pyeslərdə pərdələr daxilində işlənən şəkil, hissə.
Dramaturq, adətən, yeni surətlərin və ya əhvalatların səhnəyə gətirilməsi üçün pərdə daxilində kompozisiya vasitəsi yaradır. Məsələn, C.Cabbarlının “Almaz”, “Sevil” əsərlərində pərdəiçi gəlişlərdən istifadə edilib. Gəliş kompozisiya, konflikt və süjetin inkişaf xəttinə yardım funksiyası daşıyır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətietimologiyası musiqi aləti kərənay ilə əlaqələndirilir
Hər bəndi dörd misradan, hər misrası səkkiz hecadan ibarət olan şeir şəkli.
Müxtəlif mövzularda olan gəraylı qoşmadan misralardakı heca sayına görə fərqlənir. Əsasən, aşıq ədəbiyyatına məxsus olsa da, yazılı ədəbiyyatda da rast gəlinir. Gəraylı 3-5 bənddən ibarət olur. Qafiyə şəkli belədir: a.b.c.b, ç.ç.ç.b, d.d.d.b. Dodaqdəyməz gəraylı, sallama gəraylı, nəqəratlı gəraylı kimi növləri vardır. Gəraylının son bəndində şair öz adını və ya təxəllüsünü işlədir. Bu bəndə “möhür bəndi” və ya “tapşırma bəndi” də deyilir. Məsələn:
Xəstə Qasım qalıb naçar,
Bu sirri bəs kimlər açar?
Gələn qonar, qonan köçər,
Hey salarsan talan dünya.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiAşıq yaradıcılığında geniş yayılmış lirik şeir şəkli; el gözəllərinin tərənnümünə həsr olunan şeir (əsasən, qoşma və ya müxəmməs).
Gözəlləmələr həm dastan daxilində, həm də müstəqil əsər kimi ifa edilir. Bir çox gözəlləmələr konkret qadınlara, qızlara həsr edildiyindən burada onların adları çəkilir, haqqında məlumat verilir; məs.:
Sübhün çağı mah camalın görəndə
Xəstə könlüm gəldi saza, Müşkünaz!
Sonatək silkinib gərdən çəkəndə
Bənzəyirsən quba-qaza, Müşkünaz! (Aşıq Ələsgər)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHəyatda baş verən hadisələri müəyyən xronoloji ardıcıllıqla əks etdirən əsər.
Xatirə və ya memuar janrlarına yaxın yazı formasıdır. Gündəlik formasında yazılan əsərlər iki cür olur: ya yazıçı şəxsən iştirak etdiyi hadisələri ardıcıl surətdə yazır, ya da əsər yazıçının qəhrəmanı tərəfindən yazılan gündəlik şəklində qurulur. İ.Şıxlının “Cəbhə gündəlikləri” povesti yazıçının şahidi olduğu hadisələr əsasında yazılıb. Türkiyə yazıçısı Rəşad Nurinin “Çalıquşu” romanı baş qəhrəman Fəridənin (Çalıquşunun) gündəliyi əsasında yazılıb. Bəzən əsərin yalnız bir hissəsi gündəlik formasında yazılır. Məsələn, D.Defonun “Robinzon Kruzo” əsərində kimsəsiz adaya düşmüş qəhrəmanın başına gələnlər və düşüncələri onun gündəliyi şəklində qələmə alınır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti1) Əsas süjetdən və ya mühakimə mövzusundan yayınma, kənara çıxma.
Bədii ədəbiyyatda iki cür haşiyəyə rast gəlinir. Mühakimə tipli mətnlərdə – esse, didaktik ədəbiyyat və s.-də müəllif hər hansı fikrini əsaslandırmaq üçün kiçik süjetli mətnə müraciət edir ki, həmin nəqli xarakterli mətn haşiyə adlanır. Məsələn, “Qabusnamə”, “Gülüstan”, “Kəlilə və Dimnə” kimi əsərlərdə rəvayət, hekayət tipli haşiyələrə tez-tez rast gəlmək mümkündür. Digər haşiyə növü çox zaman lirik haşiyə və ya ricət adlanır. Bu cür haşiyələrə təhkiyə formasında yazılmış epik və ya lirik-epik əsərlərdə geniş yer verilir. Müəllif təhkiyəyə ara verərək təsvir etdiyi hadisəyə və ya obraza münasibətini bildirir, yaxud təhkiyədən təsvirə, nəsrdən nəzmə keçir. Bu halda fəlsəfi mühakimə və ya peyzaj xarakterli mətn haşiyə adlanır.
2) Mətndə işlənmiş müəyyən söz və ya ifadələri şərh etmək üçün səhifənin aşağı hissəsində verilən izah.
Adətən, kiçik şriftlə yığılır. Mətndə aid olduğu hissənin sonunda ulduz işarəsi və ya rəqəm qoyulur.
3) Kitab və ya əlyazma vərəqində mətn ətrafındakı boş yerlərdə yazılmış qeydlər.
Orta əsr şairlərinin elmi-fəlsəfi məzmunlu əsərlərinin əlyazma nüsxələrində şərh və təfsir şəklində haşiyələrə təsadüf edilir. Haşiyə müəllifin özü və ya əsərin oxucusu tərəfindən yazıla bilər. Hər iki halda qədim əlyazmalardakı haşiyələr mətnşünaslar üçün dəyərli araşdırma obyektidir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti1) Tələffüz zamanı sözün asanlıqla bölünə bilən hissəsi; bir sait əsasında formalaşmış nitq parçası.
Sözdəki hecalar saitlərin sayına görə müəyyən edilir. Sözlər sətirdən-sətrə hecalarla keçirilir: dəf-tər, dinc-lik, sen-tyabr, kon-kret, kək-lik-o-tu və s.
2) Nəzmlə yazılmış əsərlərdə ritm vahidi.
Heca vəznli poetik nümunələrdə ritm misralarda hecaların bərabər sayı, əruz vəznində isə uzun və qısa hecaların növbələşməsi hesabına yaranır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiYazılı ədəbiyyatda epik növün həcm etibarilə kiçik janrı; bu janrda yazılmış əsər.
Əsasən, nəsrlə yazılır. Lakin mənzum hekayələr də vardır. Hekayənin məzmunu çox zaman konkret bir hadisə üzərində qurulur. Bu janrın ən görkəmli ustaları sırasında P.Merimenin, C.Londonun, A.Çexovun adlarını çəkmək olar. Azərbaycan ədəbiyyatında hekayə janrı XIX əsrdə formalaşmış, XX əsrdə inkişaf etmişdir. Ədəbiyyatımızda nəsrlə yazılmış hekayə janrının banisi A.Bakıxanov (“Kitabi-Əsgəriyyə”) hesab edilir. Azərbaycanda bu janrın inkişafında S.S.Axundov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, İ.Şıxlı, M.Cəlal, Anar və b. böyük rol oynayıblar.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiDidaktik məzmunlu, qısa süjetli epik əsər; pritça.
Daha çox Şərq ədəbiyyatına (Çin, hind, ərəb, fars, türk xalqları) xasdır. İrihəcmli didaktik əsərlərdə (“Qabusnamə”, N.Tusinin “Əxlaqi-Nasiri”, S.Şirazinin “Gülüstan”, N.Gəncəvinin “Sirlər xəzinəsi”, “Yeddi gözəl” əsərlərində) hər hansı fikri, ideyanı əsaslandırmaq üçün geniş istifadə olunur. Əsas xüsusiyyəti müəyyən etik-mənəvi dəyəri bariz ifadə etməkdir, bu baxımdan təmsilə bənzəyir. Hekayətdə obrazlar dərin, ziddiyyətli xarakterə malik deyil və yalnız əsas ideyanın açılmasına xidmət edir. Klassik hekayətlər, əsasən, anonim olur. Lakin bu janra bir çox müəlliflər də müraciət ediblər. L.Tolstoy, F.Kafka, J.P.Sartr, A.Kamyu və b. ideya-məzmun və formaca fərqli hekayətlər yazıblar.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. hieros – müqəddəs + gluphoi – oyma, naxış
İdeoqrafik yazı sistemində səs, heca və ya anlayış bildirən işarə.
Bu işarələrin çoxu ifadə etdiyi anlayışı əks etdirir. Məsələn, qədim misirlilər “günəş” məfhumunu dairə çəkib içərisində nöqtə qoymaqla ifadə edirdilər.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiOrta əsr Şərq poeziyasında qəsidə, məsnəvi və s. formalarda yazılan, müəllifin acı taleyindən bəhs edən şeir növü.
Bəzən “zindaniyyə” də adlanır. Bu əsərlər bir müddət saray şairi olub hökmdarı və onun ailəsini mədh edən, lakin sonra bu və ya başqa səbəbə görə gözdən düşüb təqib və həbs olunan şairlərin həyatından bəhs edir. Böyük Azərbaycan şairi Ə.Xaqaninin Şirvan hökmdarı Axsitanın əmri ilə həbs olunan zaman yazdığı “Həbsiyyə” məşhurdur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSözün təsəvvür edilən ilkin mənası.
Sözün həqiqi mənası bilavasitə əşya, hadisə, hal, hərəkət və s.-ni adlandırmaq üçün işlədilir. Əsas nitq hissələrinin hamısının ilkin mənası həqiqi mənada olur. Sözün məcaziləşməsi isə həqiqi məna əsasında yaranır. Məsələn: göz, qaş insanın bədən üzvlərinin adı kimi həqiqi, bulağın gözü və üzüyün qaşı birləşmələrində isə məcazi mənada işlənmişdir. Həqiqi mənalı sözlərin məcaziləşməsi daha çox isim, sifət və feillərdə özünü göstərir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSadalama intonasiyası və ya intonasiya və tabesizlik bağlayıcıları ilə əlaqələnən, eyni üzvlə bağlı olan və eyni suala cavab verən bərabərhüquqlu cümlə üzvləri.
Bu cür üzvlər arasındakı əlaqə tabesizlik əlaqəsi, bərabərhüquqlu əlaqədir; məs.: Dünən biz doyunca gəzdik, əyləndik, yedik, içdik, dincəldik. Bütün cümlə üzvləri həmcins ola bilir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti