Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

varsağı

Türk xalqlarının şifahi poeziyasında geniş yayılmış şeir forması.

Ehtimala görə, “varsağı” termininin mənşəyi türk qəbilə birləşmələrindən birinin adı ilə bağlıdır. Şәkil etibarilə gəraylıya yaxındır. Xüsusi bir bəstə ilə oxunan 8 he­calı şeir formasıdır. 3-5-7 bənddən ibarət olur. Qafiyәlәri: a.b.c.b, ç.ç.ç.b, d.d.d.b, e.e.e.b... İlk bənddə isə bəhey, hey kimi nidalar söylənir:

Bəhey, ala gözlü dilbər,

Vaxtın keçər demədimmi?

Harami olmuş gözlərin,

Bəllər kəsər demədimmi?

                ***

Bax bu qaşa, bax bu gözə,

Ciyər kabab oldu közə,

Yaxasız köynəklər bizə

Fələk biçər demədimmi?..

               ***

Qaracoğlan der mərd ilə,

Sözüm yoxdur namərd ilə.

Zalım fələk bu dərd ilə

Bizi əgər demədimmi? (Qaracaoğlan)

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

vasitəli nitq

Başqasının nitqinin tabeli mürəkkəb cümlə for­masında verilməsi.

Vasitəli nitq özgə nitqini eynilə deyil, yal­nız məzmununu vermiş olur; məs.: Alı kişi dedi ki, bu olan­la­rın heç birindən xəbərim yoxdur.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

vagirə

fars. – təkrar

Növhə, mərsiyə, nəğmə, meyxana oxunarkən təkrar edilən son beyt, yaxud bənd, nəqərat.

Meyxanalarda, adətən, qafiyə kimi qoşulan ilk beyt sonradan V. funksiyasında işlədilir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

vaka

yap. – yapon nəğməsi

Yapon lirik şeir janrı; yapon beşliyi.

Janrın bu cür (yapon nəğməsi) adlandırılmasına səbəb bu şeir növünü o zaman daha geniş yayılmış çindilli kansi janrından fərqləndirmək idi. V. janrının bir neçə növü vardır: tanka (qısa nəğmə), toka (uzun nəğmə) və s. Beş misradan ibarət olan tankadan fərqli olaraq tokada 10-dan 20-yə qədər belə beşlik ola bilərdi. Dünyada ən qədim, ölçüsünə görə isə həm də ən qısalarından biri olan Yaponiya himninin mətni də V. janrında yazılıb.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti