Subyektin hərəkəti öz üzərində icra etdiyini bildirən feil.
Bu növdə subyekt eyni zamanda obyekt rolunda çıxış edir. Qayıdış növ feillər, əsasən, -ıl4, -ın4 (-n) şəkilçiləri vasitəsilə düzəlir; məs.: Gül aç+ıl+dı. Duman çək+il+ir. Uşaq yu+yun+ur, dara+n+ır. Qayıdış növ feillər təsirli feillərdən düzəlir, təsirsiz olur; məs.: çəkmək (nəyi?), çək+il+mək (haraya?) və s. Geymək və soymaq feillərindən düzəlmiş geyinmək və soyunmaq feilləri istisnadır. Bu feillər təsirli feillərdən düzəlir və yenə təsirli olaraq qalır. -lan2 şəkilçisi ilə adlardan düzələn bəzi feillər də qayıdış növ mənasını bildirsə də, məlum növə aid edilir; məs.: Quş qanad+lan+dı. Atam giley+lən+di. Bəzi feillər kontekstdən asılı olaraq həm qayıdış, həm də məchul növdə ola bilər; məs.: Qapı açıldı (məchul növ). Hava açıldı (qayıdış növ).
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHərəkət, onun subyekti və obyekti arasında müxtəlif qarşılıqlı əlaqələri əks etdirən feil növləri.
Feilin beş qrammatik məna növü var: məlum növ, məchul növ, qayıdış növ, icbar növ, qarşılıq-birgəlik növ. Feilin qrammatik məna növü bir neçə göstərici əsasında müəyyənləşir: şəkilçi, feilin təsirli və ya təsirsiz olması, hərəkətin icrasında subyektin və obyektin iştirakı. Məlum növün şəkilçisi yoxdur. Digər qrammatik məna növləri xüsusi şəkilçilərlə düzəldiyindən onlar heç vaxt sadə ola bilmir, ya düzəltmə, ya da mürəkkəb olur; məs.: İclasda gənc yazarlara da söz verildi (şəxssiz feil). Döyüşdük (qarşılıq mənalı). İçəri doluşdular (birgəlik mənalı). Məktubu qızıma yazdırdım (icbar növ).
Həmçinin bax:
İş və hərəkətin icrasının gələcəkdə lazım olduğunu bildirən feil şəkli.
Lazım şəkli feillərə -ası2, (-yası2) şəkilçisi artırmaqla düzəlir: oxu+yası+yam, gəl+əsi+dir və s. Lazım şəklinin inkarını düzəltmək üçün deyil sözündən istifadə olunur. Ona görə də lazım şəklinin inkarında şəxsə və kəmiyyətə görə dəyişən hissə deyil sözü olur; məs.: I şəxsdə: gəl-əsi-yəm, gəl-əsi deyil-əm, gəl-əsi-yik, gəl-əsi deyil-ik. II şəxsdə: gəl-əsi-sən, gəl-əsi deyil-sən, gəl-əsi-siniz, gəl-əsi deyil-siniz. III şəxsdə: gəl-əsi-dir, gəl-əsi deyil, gəl-əsi-dirlər, gəl-əsi deyil-lər.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİşin naməlum subyekt tərəfindən icra edildiyini bildirən feil növü.
Məchul növ feillər təsirli feillərə -ıl4, -ın4 (-n) şəkilçilərini artırmaqla düzəlir; məs.: Çadır qur+ul+du. İş gör+ül+dü. Zəng çal+ın+dı. Kitab oxu+n+du. Məchul növ feillər təsirsiz olur; məs.: Ağac əkildi. Qapı döyüldü. Məchul növ feillər də qayıdış növ feillər kimi -ıl4, -ın4 (-n) şəkilçiləri ilə düzəldiyi üçün ona oxşayır. Məchul növdən fərqli olaraq qayıdış növdə iş görən məlum olur; məs.: Yun darandı (məchul növ). Qız darandı (qayıdış növ). Top meydana atıldı (məchul növ). Əsgər irəli atıldı (qayıdış növ).
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSubyekti məlum olan hərəkəti ifadə edən, heç bir xüsusi növ şəkilçisi olmayan feil.
Bütün sadə, düzəltmə və mürəkkəb feil kökləri məlum feillər hesab olunur. Məlum növ feillər həm təsirli, həm də təsirsiz ola bilər; məs.: yaz, apar, götür, qaldır, get, göndər və s.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİş görənin (subyektin) görülən işə (hərəkətə) münasibətini bildirən feilin təsriflənən formaları.
Azərbaycan dilində feilin altı şəkli vardır: əmr şəkli, xəbər şəkli, arzu şəkli, vacib şəkli, lazım şəkli, şərt şəkli. Əmr və xəbər şəkillərinin xüsusi şəkilçiləri yoxdur. Ancaq xəbər şəklində zaman şəkilçiləri işlənir. Xəbər şəklindən başqa, feilin heç bir şəkli zaman şəkilçisi qəbul etmir. Yəni digər feil şəkilləri zamana görə dəyişə bilmir. Ancaq hamısının məzmununda gələcək zaman anlayışı olur. Feilin şəkillərinin sxemi:
Feil kökü (və ya başlanğıc forması) + şəxs şəkilçisi = Əmr şəkli (yaz-ım)
Feil kökü (və ya başlanğıc forması) + zaman şəkilçisi + şəxs şəkilçisi = Xəbər şəkli (yaz-dı-m)
Feil kökü (və ya başlanğıc forması) + a2 (-ya) + şəxs şəkilçisi = Arzu şəkli (yaz-a-m)
Feil kökü (və ya başlanğıc forması) + malı2 + şəxs şəkilçisi = Vacib şəkli (yaz-malı-yam)
Feil kökü (və ya başlanğıc forması) + ası2 + şəxs şəkilçisi = Lazım şəkli (yaz-ası-yam)
Feil kökü (və ya başlanğıc forması) + sa2 + şəxs şəkilçisi = Şərt şəkli (yaz-sa-m)
Həmçinin bax:
Hərəkətin icra olunmasının və ya olunmamasının müəyyən şərtlə bağlılığını bildirən feil şəkli.
Feil kökünə və ya başlanğıc formasına -sa2 və şəxs şəkilçisi artırmaqla düzəlir; məs.: oxu-sa-m, oxu-sa-n, oxu-salar və s. Şərt şəklinda olan feil III şəxsin təkində şəxs şəkilçisi qəbul etmir: oxu-sa. Adətən, şərt şəkli olan cümlədə əgər, hərgah bağlayıcıları işlənir: Əgər yağış yağsa, əkinə xeyri olar. Hərgah getmək istəsən, xəbər verərsən. Feilin şərt şəkli müstəqil sadə cümlədə işlənmir. O yalnız tabeli mürəkkəb cümlənin asılı tərəfini təşkil edən budaq cümlədə işlənir və budaq cümlənin xəbəri olur: Havalar yaxşı keçsə, məhsul bol olacaq.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHərəkətin icra olunmasının və ya olunmamasının vacib olduğunu bildirir.
Feilin kökünə və ya başlanğıc formasına -malı2 şəkilçisi artırmaqla düzəlir: qalx-malı-yam, qalx-malı-san və s. Feilin vacib şəklinin inkarı həm -ma2 inkar şəkilçisi, həm də deyil inkar hissəciyi ilə düzələ bilir; məs.: getməməliyəm, getməli deyiləm.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHərəkətin baş verdiyi zamanı ifadə edən qrammatik şəkilçilər.
Feilin üç zamanı var: 1. Keçmiş zaman: iki növü var: şühudi keçmiş zaman (-dı4) və nəqli keçmiş zaman (-mış4 və II və III şəxslərdə -ıb4): yaz-dı-m, yaz-dı, gəl-miş-əm, gəl-miş-dir, al-ıb-san, al-ıb-sınız və s. II şəxsin təkində və cəmində -mış4 şəkilçisinin son samiti bəzən buraxılır: al-mış-san (al-mı-san) və s. 2. İndiki zaman: -ır4 (-yır4) şəkilçisini və şəxs şəkilçilərini artırmaqla düzəlir: yaz-ır-am, yaz-ır-san və s. 3. Gələcək zaman: iki növü var: qəti gələcək zaman (-acaq2, -yacaq2) və qeyri-qəti gələcək zaman (-ar2 (-yar2): al-acağ-am, yaz-ar-am və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətifr. feuilleton > feuille – vərəq
Dövri mətbuatda dərc olunan satirik məzmunlu tənqidi məqalə.
Felyetonun əsası 1800-cü il yanvarın 28-də Fransada qoyulub. O zaman Parisdə nəşr edilən “Jurnal de deba” adlı qəzet bir vərəqdən ibarət əlavələr – feuille buraxmağa başlayıb ki, burada elanlar, teatr tamaşaları, musiqi əsərləri, moda haqqında məzəli və kəskin tənqidi məqalələr dərc olunub. Felyetonun mövzusu aktuallığı ilə seçilir. Həm nəsr, həm də nəzmlə yazılan felyetonda ictimai həyatın mənfi cəhətləri tənqid olunur, çirkin əməllərə lağ və istehza edilir. Azərbaycan ədəbiyyatında felyeton XX əsrin əvvəllərində “Molla Nəsrəddin” jurnalının fəaliyyəti sayəsində inkişaf etməyə və sürətlə yayılmağa başlayıb. Ədəbiyyatımızda nəsrlə yazılmış ilk felyeton C.Məmmədquluzadəyə, nəzmlə yazılanı isə M.Ə.Sabirə məxsusdur. Ә.Haqverdiyev, Ә.Nəzmi, M.Möcüz və başqaları da felyeton yaradıblar. Realist satiramızın tarixində felyeton janrı mühüm yer tutur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiAzərbaycan və Şərq ədəbiyyatında, əsasən, qəsidə janrında yazılmış tərif və tərənnüm məzmunlu şeir forması.
Məsnəvi, qəzəl və başqa şəkillərdə də yazılır. Burada şair öz ağlını, qabiliyyətini və poetik istedadını dəbdəbəli ifadələrlə tərifləyir; məs.:
Mənim bakir sözlərimdir xasiyyətdə ruh tilsimi,
Mənim qəlbim ruhlandırır ağılları işıq kimi.
Sehr düzən şairlərə sapı verən bil mənəm, mən,
Bütün şeir zərrabları hey qafiyə alır məndən. (Ə.Xaqani)
Fəxriyyələr həm müstəqil şeir, həm də poemaların giriş hissəsi kimi yazılırdı.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHər hansı sənətkarın yaradıcılığına məxsus dəstxət.
Fərdi üslub sənətkarın dünyagörüşünü, onun ədəbi-estetik baxışlarını, yaradıcılıq metodunu, mövzu seçimini, spesifik təsvir və ifadə vasitələrini, obrazlı təfəkkür, dil və üslub özünəməxsusluğunu özündə əks etdirir. Fərdi üslub bir şəxsə və ya bir qrupa aid olur. Məs.: Sabir üslubu, mollanəsrəddinçilər üslubu və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti