Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

çap dəzgahı

Çap məhsullarının kütləvi şə­kildə çoxaldılması üçün istifadə edilən poliqrafiya avadanlığı.

İş prinsipinə, tətbiq sahəsinə, texniki göstəricilərinə görə fərq­lənən müxtəlif növ Ç.D.-ları təsviri, mətni, qrafik informasiyanı elektron formatdan, yaxud xüsusi lövhələrdən maddi daşıyıcı (əsasən, kağız) üzərinə köçürür.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

çap məhsulu

Poliqrafiya müəssisələrində çap üsulu ilə hazırlanan dövri mətbu nəşr­lər, habelə elektron nəşrlərdən başqa, bütün nəşriyyat-poliqrafiya məhsullarının məc­musu.

Jurnalistika terminləri lüğəti

çap üsulu

Vahid nüsxənin çoxaldılmaq üçün maddi daşıyıcılar üzərinə köçü­rül­məsi üsulu.

Vahid nüsxə metal forma, yaxud elektron informasiya şəklində ola bilər. Yüksək çap, dərin çap, ofset çapı, fotoqrafiya, trafaret çapı, rəqəmsal çap və bu kimi onlarca Ç.Ü. var. Bu üsullar istifadə ­olunan texnologiyalara, çapın sürətinə, mürəkkəbliyinə, keyfiyyətinə, xarici mü­hitin təsirinə davamlılığına, maddi daşıyıcı üzərində qoyduqları izlərə görə bir-birin­dən fərqlənir.

Jurnalistika terminləri lüğəti

çapa imzalanma vaxtı

Mətbu nəşrin ti­rajın çap olunmasına tam hazır vəziyyətdə çoxaldılmaq üçün poliqrafiya müəssisəsinə göndərildiyi vaxt.

Ç.İ.V. istehsal prosesini nizamlamaq üçün mətbəə ilə redaksiya ara­sında razılaşma əsasında öncədən qra­fiklə təyin olunur. Qanunvericiliyə görə, Ç.İ.V. (qrafiklə təyin olunmuş və faktiki vaxt) istinad məlumatlarından biri kimi mətbu nəşrin hər buraxılışında göstəril­məlidir.

Jurnalistika terminləri lüğəti

çat

ing. chat – qeyri-rəsmi söhbət

İnter­netdə real vaxt rejimində informasiya mü­ba­diləsi aparmaq üçün vasitə, həmçinin bu vasitədən istifadə imkanı yaradan proqram təminatı.

Ç.-ı forumlardan, kompüterlə digər ünsiyyət vasitələrindən fərqləndirən cəhət onun real vaxt rejiminə maksimal yaxınlığıdır. Ç.-da əlaqə eyni zamanda xət­də olan istifadəçilər arasında mümkündür. Ç. dedikdə, adətən, qrup şəklində ünsiyyət nəzərdə tutulur, lakin burada təkbətək ani informasiya mübadiləsi üçün də şərait var. «Tolkomatik» adlanan ilk çat sistemi 1973-cü ildə ABŞ-ın İllinoys universitetində tət­biq edilib. 1988-ci ildə Internet Relay Chat (IRC) proqramı yaradılıb və internetdə Ç. termini meydana gəlib. 1991-ci ildə Fars körfəzində «Səhrada tufan» əməliyyatı za­manı müharibə xəbərləri IRC-də toplana­raq yayılıb, bundan sonra Ç.-ların (veb Ç.-lar, video Ç.-lar, audio Ç.-lar) xüsusi po­pulyarlıq dövrü başlanıb.

Jurnalistika terminləri lüğəti

çəkiliş meydançası

Televiziya və video istehsalat prosesi üçün nəzərdə tutulmuş, xüsusi çəkiliş avadanlığı və işıqlandırma sistemi ilə təchiz olunmuş məkan.

Bu mey­dançanın yeri verilişin, proqramın rejissoru tərəfindən ssenari planına əsasən müəy­yən­ləşdirilir. Rejissor çəkiliş planları epizod­la­rını, onların ardıcıllığını, montaj kadrlarının uzunluğunu təyin edir. Meydançada dekorasiyalar, müvafiq avadanlıq qurulur, ehti­yac olduqda pirotexniki, müxtəlif effektlər yaradan digər qurğular qoyulur.

Jurnalistika terminləri lüğəti