Filmin, verilişin çəkilişi, yaxud nümayişi vaxtı vahid zaman kəsiyində dəyişən kadrların sayı.
Bu anlayışdan hərəkət edən obyektin çəkilişini ilk dəfə həyata keçirən ingilis fotoqrafı Edvard Maybric 1870-ci illərdə istifadə edib. Ümumi qəbul olunmuş K.T. vahidi bir saniyə ərzində dəyişən kadrların sayıdır. 1926-cı ildə K.T. Amerika kino kompaniyaları tərəfindən standartlaşdırılıb – saniyədə 24 kadr. Standart seçilərkən çəkiliş vaxtı böyük lent sərfiyyatına yol vermədən ekranda hərəkətin, səsin təbiiliyini təmin etmək vəzifəsi əsas götürülüb. Avropa standartı ABŞ standartından minimal dərəcədə fərqlənir – saniyədə 25 kadr. Televiziyada isə müxtəlif sistemlərdən (saniyədə 25–30 kadr) istifadə olunur. Buna görə də kino əsərlərini televiziyada nümayiş üçün hazırlayarkən onların K.T.-ni mürəkkəb texnologiya üzrə «redaktə» edirlər. Eyni zamanda çəkiliş vaxtı K.T.-ni qəsdən artırmaq, yaxud azaltmaqla televiziyada xüsusi effektlərə nail olurlar.
Jurnalistika terminləri lüğəti