Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ARSLAN türk.

arslan sözü şir, aslan mənasındadır. Aslan adının qədim formasıdır.

Türk qəbilələrindən olan Qaraxanilərdə, həmçinin Səlcuqlarda titullarla da işlənməsinə rast gəlinir. Qızıl Arslan, Alp Arslan və s. Bununla yanaşı qeyd etməliyik ki, Arslan adına- VIII əsr ərəb məxəzlərində də təsadüf edilir. VII-VIII əsrlərə aid edilən “Kitabi-Dədə Qorqud” dastanlarında surətlərdən birinin adı Qara Arslan Məlikdir. Tarixi mənbələrdə qeyd edilir ki, Arslan şah Səlcuq hökmdarı Sultan Məsudun (1135-1152) qardaşı II Toğrulun oğlu olmuşdur. II Toğrulun ölümündən sonra Sultan Məsud Eldəgizi azyaşlı oğlu Arslan şahın atabəyi təyin etmiş və Arana göndərmişdir. Atabəy Eldəgizin Arslan şahın İraqda sultan olmasında özünəməxsus xidmətləri olmuşdur. Əvvəllər müstəqi ad kimi, həmçinin titullarla işlənən Arslan hazırda dilimizdə çox nadir hallarda təsadüf edilən adlardandır. Əsasən Aslan (bax: ad – ASLAN) kimi işlənir. Bu gün həm Arslan, həm də Aslan adları rəsmi adlar olsa da, Arslan antroponimi şifahi danışıqda Aslan kimi tələffüz edilir. Qeyd etmək lazımdır ki, dünya dillərinin əksəriyyətində ya aslan, ya da aslanla əlaqəli isim, sifət bildirən adlar var. Məsələn, alman dilində Lion, fransız dilində Lion, ingilis dilində Li, Lion, Lyon, Lionell, Lyonell, ərəb dilində Əsəd (bax: ad – ƏSƏD), Heydər (bax: ad – HEYDƏR), rus dilində Lev və s. Rus dilində bu gün də mövcud olan Ruslan adı da Arslan adındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ASƏF qəd. yəhudi.

yoasaf (həmçinin yehoasaf, yosafat) sözü bu gün həm ərəb dilində, həm də Azərbaycan dilində asəf formasındadır.

Asəf ərəb dilinə çox erkən dövrlərdə keçmişdir. Dilimizə birbaşa deyil, ərəb dilindən keçdiyinə görə həmin dildə olduğu kimi tələffüz edilmişdir. Asəf müasir Azərbaycan dilində bir neçə məna ifadə edir: 1. Allah mühakimə etdi; Tanrı hökm verdi; Allah toplayıb apardı; Tanrı yığdı, apardı. 2. Ağıllı, tədbirli. Asəf kişi adı sözün ikinci mənası ilə əlaqədar olub, ağıllı, tədbirli anlamlarını ifadə edir.

“Qurani-Kərim”də Səba məlikəsi Bilqeyisin taxtını Yəməndən Fələstinə göz açıb yummadan Həzrət Süleymanın yanına gətirmiş birisinin onun vəzirlərindən Asəf olduğu deyilən, amma adı ifadə edilməyən (peyğəmbər olmayan) bir şəxs barədə bəhs edilmişdir. Qədim dini rəvayətlərdə Süleyman (yəhidilərdə Solomon) Peyğəmbərin çox ağıllı, tədbirli vəzirinin adı Yosafat olmuşdur. Lüğətlərdə “nazir”, “vəzir” anlamına gəldiyi də göstərilir. Adın daşıyıcılarından XX əsrin musiqiçilərindən biri, görkəmli bəstəkarlardan Q.Qarayev və T.Quliyevin müəllimi olmuş, Azərbaycan musiqi tarixində ilk romansların müəllifi Asəf Zeynallıdır (1909-1932). İstedadlı bəstəkar “Uşaq süitası” əsəriylə Azərbaycan uşaq musiqisinin əsasını qoymuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ASLANBƏY azərb.

Aslan adı və mürəkkəb adların yaranmasında iştirak edən arxaikləşmiş bay titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Aslanbəy (bax: ad – ASLAN; BƏY) kişi adı Aslan bəy mənasındadır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Aslanbəy bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ASLANXAN azərb.

Aslan adı və mürəkkəb adların yaranmasında iştirak edən arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Aslanxan (bax: ad – ASLAN; XAN) kişi adı Aslan xan mənasındadır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Aslanxan bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

AŞURBƏY ərəb.

mürəkkəb adların tərkibində işlənən Açur adı və arxaikləşmiş bay titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Aşurbəy (bax: ad – AŞUR; BƏY) kişi adı Aşur bəy anlamındadır. Azərbaycan tarixində Aşurbəyov soyadı məşhur adlar sırasındadır. Nəslin kökündə Aşur bəy Avşar dayanır. Məşhur Nadir şahın da aid edildiyi Avşar elindən olması barədə məlumatlar mövcuddur. Aşurbəyovlar nəslinin tariximizdə iz qoymuş bir çox parlaq nümayəndələri də məşhurdur. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Aşurbəy bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti