►Bəxtsizliyi, fərdin daimi uğursuzluğa düçar olduğunu bildirən ifadə.
İfadə gözübağlı təsvir edilən səadət ilahəsi ilə bağlı yaranmışdır.
Adi danışıqda, el-oba arasında «flankəsin bәxti kor çıxıb» ifadəsini tez-tez eşitmək olur. İnsan uğursuzluğa düçar olanda, bəxti, taleyi gətirməyəndə bu ifadəni işlədirlər.
İnsan həyatı ilə bağlı olduğu üçün «kor tale (bəxt)» ifadәsi bir sıra xalqların dilindә yayılmışdır. Qәdim romalıların fikrincә, insan taleyi heç bir başqa sәbәbdәn deyil, tәsadüflәrdәn asılıdır, hәr bir sәadәt müvәqqәtidir. Çünki sәadәt ilahəsi hesab olunan Fortuna öz qanadlı arabasında göy üzәrində uçur vә öz һәdiyyәlәrini paylayır. Gәnc qadın olan Fortuna (tәrcümәdә «Sәadәt» demәkdir) gözlәri bağlı halda tәsәvvür olunur. O heç bir yerdә dayanmır, çox sürәtlә çәkilib gedir. Odur ki sәadәtә bel bağlamaq olmaz: o, ötәridir, keçicidir.
Məsəllər, deyimlər►Adi standartlara sığmayan, normadan çox böyük olan ölçü vahidi haqqında işlədilən ifadə.
İfadə məşhur «Koroğlu» dastanından qaynaqlanır.
Rəvayətə görə, Koroğlu tacirlərdən şalı, parçanı özünün 3 metrlik arşını ilə ölçüb alırmış. Qubadlı və Zəngilan rayonları ərazisində «Cavanşir ata» günbəzindən başlayan bir düzənlik vardır. Bu düzəngah da «Koroğlu arşını» adlanır. Guya Koroğlu malı alanda nizə boyunu bir arşın hesab edərmiş. Koroğlunun bir qoşmasında deyilir:
Qızıb coşmamışam hələ,
Cidayla qumaş ölçülə...
Burdan da parçanı cida ilə ölçdüyü aydınlaşır. Bütün hallarda «Koroğlu arşını» qəbul olunmuş normadan artıq ölçü kimi qəbul edilir.
Məsəllər, deyimlər►Hər hansı bir işdə sınanmış, təcrübəli insanların, istənilən sahədə veteranların xüsusiliyini vurğulayan ifadə.
İfadə Napoleon ordusunda veteranlardan ibarət yaradılmış xüsusi döyüş dəstəsinin adından götürülərək yayılmışdır.
1804-cü ildə I Napoleon imperator qvardiyasını yaratdı. Qvardiya xüsusi seçilmiş adamlardan təşkil olundu, onlara yüksək maaş kəsildi və çox yaraşıqlı hərbi paltar verildi. Onları başqalarının öhdəsindən gələ bilmədiyi tapşırıqları yerinə yetirmək üçün qoruyub-saxlayırdılar.
Napoleon özünü məğlubedilməz hesab etməyə başlayana qədər ard-arda çox qələbələr qazanırdı. Lakin o, İspaniyada apardığı müharibəni başa vurmamış Rusiyaya hücuma keçdi və bu onun süqutuna gətirib çıxartdı.
1814-cü ildə taxt-tacdan əl çəkməli olan Napoleonu Fransadan cənubda yerləşən kiçik Elba adasına sürgün etdilər. Ancaq 1815-ci ildə qayıdaraq yenidən Fransa taxtına çıxdı. Bundan sonra bütün Avropa silaha sarıldı və Napoleon Vaterloo ətrafında Vellinqtonun komandanı olduğu müttəfiq ordularla döyüşdə öz «köhnə qvardiya»sını döyüşə atmalı oldu, lakin qvardiyanın səyləri də döyüşü qələbə ilə başa vurmağa kifayət etmədi. Napoleon ordusu məğlub oldu. Geri çəkilərkən mühasirəyə düşən «köhnə qvardiya»ya ingilis polkovniki təslim olmağı təklif etdi. General de Kambron bu təklifə nalayiq sözlə cavab verdi. Ancaq sonralar onun cavab olaraq «Köhnə qvardiya ölür, amma təslim olmur» dediyi bildirildi.
O vaxtdan öz baxışlarını, bu baxışlar zamanla ayaqlaşmasa belə, hətta məğlub olacaqlarını bilərək müdafiə edən və heç bir güzəştə getməyən insanlara «köhnə qvardiya» deyilir.
Məsəllər, deyimlər►Ötüb-keçmiş və bir daha geri qaytarılması mümkün olmayan dövr, zaman, keçmiş əyyam.
İfadə 1789-cu ildə bəşər tarixində ən böyük hadisələrdən biri olmuş Fransa burjua inqilabı ilə bağlı yaranmışdır.
Həmin ilə qədər artıq səkkiz əsrə yaxın idi ki, Huqo Kapetin nəvə-nəticələrindən ibarət bir sülalə Fransada hökmranlıq edirdi. Bu müddət ərzində ölkə müharibə və qiyamlar, qələbə və məğlubiyyətlər, çiçəklənmə və yoxsulluqdan keçmiş, amma kral hakimiyyəti, zadəganlıq və kəndli sinfi toxunulmaz qalmışdı. Yüz ildən artıq bir müddətdə kral mütləq monarx olmuş və heç kimin onun hakimiyyətini məhdudlaşdırmağa cürəti çatmamışdı.
Nəhayət, 1789-cu ildə ölkə iflasın astanasına çatanda inqilab nəticəsində burjuaziya hakimiyyətə gəldi və bir neçə il ərzində Fransada hərc-mərclik hökm sürməyə başladı. Kralın səlahiyyətləri məhdudlaşdırıldı, 1792-ci ildə o, taxtdan salındı, bir il sonra edam edildi. Amma nəticədə inqilabi hökumətin yerini Napoleon Bonapartın diktaturası tutdu.
1815-ci ildə Napoleonun tam məğlubiyyətindən sonra isə edam edilmiş XVI Lüdovikin qardaşı XVIII Lüdovik taxta çıxdı. Ancaq kralın hakimiyyəti 1789-cu ilə qədər olduğu kimi qeyri-məhdud deyildi. Onun əvvəlki səlahiyyətləri bir daha özünə qaytarılmadı.
İnsanların yeni yaranmış vəziyyəti əvvəlki ilə müqayisə etmələri təbii idi və fransızlar 1789-cu ilə qədər olan həyatları barədə söz açanda daim «köhnə rejim» ifadəsini işlədirdilər. Bu ifadə dilə düşərək keçmiş və bir daha qayıtmayacaq dövrləri ifadə etmək üçün işlədilir.
Məsəllər, deyimlər►Nizamın pozulduğunu, hər hansı məsələnin həqiqi həlli yolundan nə qədər uzaq olduğunu, məsələlərin dolaşdırıldığını bildirmək üçün işlədilən ifadə.
İfadə ilk dəfə «Əkinçi» qəzetinin 29 fevral 1876-cı il tarixli 4-cü buraxılışında dərc olunan məqalədə işlədilmişdir.
Məqalənin müəllifi gəncəli Hacı Məhəmmədsadıq qəzetə göndərdiyi məktubda cəmiyyətdəki kəskin sinfi bərabərsizlikdən bəhs etməklə yanaşı, keçmişə rəğbətin tərəqqi və inkişaf yolunda əngəl törətdiyini ərz edir. Cəmiyyətin inkişafını, elmi-mədəni tərəqqi yolunu qarşılıqlı anlaşma və yardımlaşmada, milli birlikdə görən müəllif millətimizin bu yoldan hələ də çox uzaq olduğunu təəssüflə qeyd edir.
Haqqında danışdığımız ifadə məktubun yekun hissəsində bu cür işlədilir:
«...Amma, qardaşlar, bilin ki, körpü sudan uzaq qalıb, necə ki sabiq ərz oldu, əql itib, hər kəs bir təriq ilə özünə çıxıb: həmçinin kəmal da itib hər kəs özünə çıxır...»
«Əkinçi»nin nəşrindən, bu məktubun işıq üzü görməsindən 140 ildən çox keçsə də, gəncəli Hacı Məhəmmədsadığın sətirlərə hopdurduğu məsəl hələ də öz aktuallığını saxlayır.
Bəzi hallarda bu ifadə «körpü sudan uzaq düşüb» şəklində də işlədilir.
Məsəllər, deyimlər►Münasibətləri ciddi şəkildə korlamaq, əvvəlki münasibətlərə qayıda bilməmək.
İfadənin yaranması birbaşa müharibələrlə, hərb tarixi ilə bağlıdır.
Müharibə tarixində çoxlu nümunələr var, belə ki, qətiyyətli sərkərdə öz əsgərlərinin cəsurluğuna ümid bəsləmədən suda olan maneələri keçərkən geriyə çəkilməmək üçün yolları kəsmək məqsədilə öz gəmilərini, yaxud körpüləri yandırırdı; məsələn, normanların başçısı Fateh Vilhelm 1066-cı ildə qoşunu İngiltərəyə çıxardıqdan sonra gəmiləri yandırır. Geri çəkilmə yolunu kəsərək ingilis-sakson kralı II Haroldun qoşununun külünü göyə sovurur və tezliklə ingilis taxt-tacına sahib olur. Rus şahzadəsi Dmitri Donskoy Kulikovo çölündəki döyüş zamanı – 1380-ci il 8 sentyabr gecəsində Don çayını keçdikdən sonra bütün keçidləri və körpüləri dağıdır.
Hazırda bir çox dillərdə işlənən «körpüləri yandırmaq»la «gəmiləri yandırmaq» ifadələri heç də eyni mənanı vermir; ikinci ifadədən fərqli olaraq «körpüləri yandırmaq» hansısa münasibətin qəti şəkildə pozulduğunu, yenidən bərpasının mümkünsüzlüyünü bildirir.
«Gəmiləri yandırmaq» frazeologiyası isə yalnız irəli getməkdən və döyüşüb qələbə çalmaqdan başqa çıxış yolunun qalmadığını bildirir.
Məsəllər, deyimlər►Övladlığa götürmәk, başqasının oğul vә ya qızını özünә övlad olaraq qәbul etmәk.
İfadə qədim yunan mifologiyasından qaynaqlanaraq yayılmışdır.
Siciliyalı Diodorun (e.ə. 90–30-cu illər) nәql etdiyinә görә, Zevslə arvadı qısqanc Hera qәrara gәlirlәr ki, Heraklı oğulluğa götürsünlәr. Bu mәqsәdlә Hera yatağa uzanır, boylu-buxunlu, cüssәli Heraklı sinәsinә sıxıb onu öz paltarından keçirir vә hәqiqәtәn doğduğunu nümayiş etdirir. Diodor göstәrir ki, bu cür övladlığagötürmә üsulu o dövrdә bütün digәr xalqlarda da olmuşdur. Hәmin adәtә Bolqarıstanda vә Bosniya türklәri arasında da rast gәlinir. Övladlığa götürülәn uşağı qadın qucağına alıb paltarından keçirir. Yalnız bundan sonra uşaq onun hәqiqi övladı hesab olunur.
Övladlığagötürmә adәtlәri barədə «Bibliya»da da mәlumat verilir. «Bibliya» tәdqiqatçıları göstәrirlәr ki, qәdim Şәrq xalqlarının adәtincә, ana vә ya atanın uşağı dizinin üstünә qoyması bu uşağın övladlığa götürülməsi üçün kifayət idi.
Azərbaycanın nağıl və dastanlarında da köynək yaxasından keçirərək övladlığagötürmə var; məsələn, «Koroğlu» dastanının «Eyvazın Çәnlibelә gәtirilmәyi» qolunda tәsvir olunur ki, Nigar xanım Eyvazın gözlәrindәn öpdü, köynәyinin yaxasından keçirib özünә oğul elәdi.
Övladlığagötürmә adәti dünyanın bir çox xalqlarında da vardır vә adәtәn, övladlığa götürülәn kәs yeni ananın – analığının ətəyindən keçirilir vә bu yolla qadının onu һәqiqәtәn doğduğu nümayiş etdirilir.
Məsəllər, deyimlər►Hamının eyni mənfi şeyi gördüyünü, lakin riyakarlıq edərək həqiqəti demədiyini bildirən ifadə.
İfadә Danimarka yazıçısı Hans Xristian Andersenin (1805–1875) «Kralın tәzә paltarı» vә ya «Şahın tәzә libası» nağılından götürülərək yayılmışdır.
Nağılda göstәrilir ki, iki fırıldaqçı sözləşib kral üçün ən zәrif parçadan paltar tikәcәklәrini vәd edir. Guya bu paltarı yalnız axşamlar vә ağlı «yerindә olmayanlar» görә bilmәzlәr. Bu yalançı paltarı kral əyninə keçirdikdә bütün saray әhli geyimi tәriflәmәyә başlayır. Әslindә isә heç bir paltar yox idi vә onlar bu geyimi görmürdülәr.
Tәzә paltar geyinmiş kral (әslindә, lüt halda) da heç nəyin fərqində deyildi. O, «zərif» parçadan olan paltarını «geyinib» tez-tez təntәnәli şәkildә şәhәrdә gәzirmiş. Heç kәs axmaq adını özünә götürmәk istәmәdiyindәn onun lüt olduğunu demirdi. Yalnız bir uşaq «kral lütdür ki» dedikdә hamı aldadıldığını başa düşür.
Son illər mətbuatdakı publisistik yazılarda və siyasi şərhlərdə bu deyimə tez-tez rast gəlinir.
Məsəllər, deyimlər►Ölkənin birinci şəxsi ölsə və ya hakimiyyətdən uzaqlaşsa da, taxt-tacın yiyəsinin, hakimiyyətin yeni sahibinin olduğunu vurğulamaq məqsədilə işlədilən ifadə.
İfadə ilk dəfə 1422-ci ildə Fransada VII Karlın tacqoyma mərasimi zamanı səsləndirildikdən sonra yayılmışdır.
Hersoq Monmoransinin edamından sonra mərhum monarxın cənazəsi olan tabut Sen-Deni abbatlığının sərdabəsinə endirilən kimi qocaman hersoq d’Yuzens «Kral öldü, yaşasın kral!» şüarını səsləndirmişdi. İfadə əvvəlki monarxın ölüm anında ali hakimiyyətin bilavasitə ötürülməsini tənzimləyən qanunun mətnindən törəyir. Birinci cümlə – «Kral öldü» – vəfat edən monarxın ölümü haqqında elandır. İkinci – «Yaşasın kral» cümləsi isə onun həmin an monarx taxtına varis olan xələfinə aiddir.
Əslində, əvvəllər də hakimiyyətin bu şəkildə – dinc yolla ötürülməsi hadisəsi olmuşdur; məsələn, 1272-ci ildə I Eduard səlib yürüşündə iştirak etdiyi zaman İngiltərənin kralı III Henrix vəfat etdi. Ali hakimiyyətin ötürülməsi zamanı mümkün çətinliklərdən qaçmaq üçün taxt-tac mirasının qaydalarına uyğun olaraq gizli şura elan etdi ki: «Kral taxtı heç vaxt boş qalmamalıdır, ölkə heç vaxt monarxsız ola bilməz». Beləliklə də I Eduard özünün də xəbəri olmadan dərhal kral elan edilir.
Müasir dövrümüzdə də bəzi ölkələrdə dövlət başçısı, yaxud digər ali vəzifələrə təyinat zamanı hər hansı postun boş qalmadığını bildirmək üçün bu ifadə işlədilir.
Məsəllər, deyimlər►Etibarsız, sözündәn dönәn, vәfasız adamlar haqqında işlədilən ifadə.
İfadə İmam Əlinin bu şəhərdə öldürülməsindən sonra yayılmışdır.
Böyük Azərbaycan şairi Əli Nəzminin «Amandır» şeirində «İnanma qovmi-kəmnamə, bu əhli-Kufə və Şamə» kimi bir ifadə də işlənir. Məlum olur ki, Kufə əhlinin etibarsızlığı barədə neçə əsrlərdən bəridir danışılır. Bәzәn «Kufә xalqı», «Kufә camaatı» da deyilir.
Kufә İraqın әn mәşhur vә böyük şәhәrlәrindәn biridir, bir zaman Ərəb xilafәtinin mәrkәzi olmuşdur. Dini rәvayәtlәrә görә, İmam Әli Kufәnin bir mәscidindә öldürülmüşdür. Ona kömәk edәcәklәrinә vәd verәn kufәlilәr sonralar öz sözlәrinә әmәl etmәmiş, vәdә xilaf çıxmışlar.
Kufәlilәrin etibarsızlığı haqqında cürbəcür rәvayәtlәr də vardır.
Məsəllər, deyimlər►Bütün istәklərini yerinə yetirmәk, əzizləmək, nazı ilə oynamaq, şıltaqlıqlarına dözmәk, ərköyün öyrətmək.
İfadə qədim Azәrbaycan xalq nağılı «Mәlik Məhəmmәd»dən qaynaqlanaraq yayılmışdır.
Məlik Mәhəmməd qardaşlarının xəyanəti nəticəsində qaranlıq dünyaya düşür. Zümrüd quşu onun köməyinə yetib işıqlı dünyaya çıxaracağına söz verir. Bu şәrtlә ki, Mәlik Məhəmmәd qırx şaqqa әt, qırx tuluq su hazır etsin.
Məlik Mәhəmməd deyilən azuqəni vaxtında hazırlayır. Sonra xilaskar Zümrüd quşunun belinə minib qaranlıq dünyadan uzaqlaşmağa başlayır. «Elə quş nə vaxt «qa» dedi, Məlik Mәhəmməd ətdən verdi, «qu» dedi – sudan verdı».
İfadə eyni mənanı saxlamaqla həm adi danışıqda, həm də bədii və publisistik yazılarda geniş işlədilir.
Məsəllər, deyimlər►Cavabını vermək, üstün gəlmək, qalib çıxmaq, yerində oturtmaq.
İfadə qədimdən xalq arasında hesablama üsulu ilə əlaqədar yaranmışdır.
Әşyaların köməyi ilә hesablama işindә mnemonik (yaddaş) işarәlәrdən bütün dünya xalqları bu vә ya başqa dәrәcәdə istifadә etmişlәr. Bu hesablama üsullarından әn sadәsi vә daһa geniş yayılanı heyvanları saymaq üçun qamışlardan istifadə olunması üsuludur. Bundan başqa, hələ hesab-kitabın olmadığı zamanlarda həm dә noxud, daş, balıqqulağı, qoz və s. vasitәsilə hesablama aparılırdı. Danışıq dilində «say, yerinə qoz qoy» ifadәsi işlənir ki, bu da elә hәmin hesablama tәrzi ilә bağlıdır. Bu ifadə ilə, əslindә, һesablama işindә real әşyaları deyil, bu әşyaları әvәz edən yaddaş işarәlәrini nәzәrә çarpdırmaq mәqsәdi güdülür.
Dilimizdəki «sanılı qoz kimi» ifadәsi dә göstərilәn hesablama üsulu ilә әlaqәdar formalaşmışdır və müasir dilimizdə geniş əksini tapır.
Məsəllər, deyimlər►Uzun müddәt görünməmək, adam içinə çıxmamaq, gözə dəyməmək.
Adәtәn, giley vә ya zarafat tәrzindә ərklə işlədilən bu ifadə Azәrbaycan xalq qәhrәmanı Qaçaq Nәbinin (1854–1896) adı ilə bağlıdır.
«Qaçaq Nəbi» dastanından götürülmüş bu ifadə ümumilәşәrәk, bәzәn dә, ümumiyyәtlә, «qaçaq düşmək» mәnasında işlәdilir.
XIX əsrin axırlarında Zəngəzurda qaçaq hərəkatına başçılıq etməsi, yoxsul xalq kütlәlәrinə qahmar çıxması, ədalətsizliyə qarşı mübarizə aparması Qaçaq Nәbini el arasında çox mәşhur etmişdi. Onun haqqında bir sıra rәvayәtlәr, qoşmalar, mahnılar, qanadlı sözlәr yayılmışdır.
Bəzən yaxın adamlar, daha çox dostlar gec-gec görüşәndә ərklə «Ay balam, sən lap Qaçaq Nəbiyə dönmüsən» deyirlər.
Məsəllər, deyimlər►Maraqlı, cazibədar, arzulanan, amma istifadəsinə icazə verilməyən bir şey haqqında işlədilən ifadə.
İfadə xristian dini və «İncil» əfsanələrindən qaynaqlanır.
Əfsanəyə görə, Allah ilk insanlar olan Adəm və Həvvaya yaşamaq üçün xüsusi hazırlanmış cənnət – gözəl bir məkan vermişdi. İnsanların həyatı şadlıq və firavanlıqla keçirdi: hər şeyləri var idi, cənnət ağaclarının meyvələri ilə qidalanırdılar. Onlara xeyir və şərin nə olduğunu bildirən behişt ağacının meyvəsini yemək qadağan edilmişdi. Amma ilk insanların cənnətdəki həyatına həsəd aparan İblis ilan cildinə girərək Həvvanı qadağan olunmuş meyvənin dadına baxmaq üçün yoldan çıxarda bildi, həm də nəfs onlara güc gəldi.
Meyvələri yeyəndən sonra insanlar xeyir və şərin nə olduğunu anladılar və rahatlıqlarını itirdilər. Bu günaha görə Allah Adəmlə Həvvanı cənnətdən qovdu. O vaxtdan bəri insanlar böyük əziyyətlə yemək üçün çalışır və uşaq dünyaya gətirirlər.
İfadənin əsas mənası odur ki, əlçatmaz şeylər çox maraqlı və cəlbedici olur, amma onlara qadağa qoyulur.
Məsəllər, deyimlər►İncə və zərifliyinə baxmayaraq qadının mənən güclü, çox şeyə təsir göstərmək imkanının olduğunu bildirən ifadə.
Bəzən zarafatla işlənən ifadə «Əhməd haradadır» filmindən (1968) sonra geniş yayılmışdır.
İfadə filmin qəhrəmanı Əhmədin otaq yoldaşı Oqtayın dilindən işlədilmişdir. Belə ki, Əhməd Leyla ilə kəndə geri qayıtmağa qərar verərək onun çantasını Oqtayın əlindən alıb özü götürür. Dostlarının «Hara?» sualına Əhmədin cavabı «Ayağım hara, başım da ora!» olur. Əhməddə baş verən hal dəyişikliyinə şahid olan dostları təəccüb və heyranlıqla onların arxasınca baxır və Oqtay uzaqlaşan cütlüyə işarə edərək Ramizə çoxmənalı bir şəkildə: «Qadın böyük qüvvədir!» – deyir. Elə bu an yoldan keçən yaşlı iki qadından biri Oqtaya çırpılır. Qadının «böyük qüvvə» olması bu epizodda, həm də məzəli şəkildə təqdim edilir.
Ümumiyyətlə, qadın iradəsi və mənəvi gücü haqqında dünyanın bir çox ədibləri, siyasətçiləri, tarixçiləri, bir sözlə, «böyük kişilər» gözəl aforizmlər bəxş ediblər. Onlardan qadın gücünü yaxşı mənada ən dəqiq göstərən ifadələrdən biri də teoloq, filosof Avreli Avqustinə (354–430) aiddir: «Qadın elə bir mələkdir ki, bizi uşaq olarkən qoruyur, gəncliyimizdə xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir».
Daha bir maraqlı aforizm isə Fransa kralı XVI Lüdovikə (1754–1793) məxsusdur: «Mənim üçün Avropa ölkələrini barışdırmaq bir neçə qadını barışdırmaqdan asandır».
Məsəllər, deyimlər