Reklam
Reklam

Məsəllər, deyimlər

BERMUD ÜÇBUCAĞI

►Bir yerin gedər-gəlməz olduğunu, orada işlərin müəmmalı şəkildə dolaşığa düşdüyünü bildirən ifadə.

İfadə Atlantik okeanında sirli hadisələrin baş verdiyi üçbucaqşəkilli Bermud adalarındakı müəmmalarla bağlı yaranmışdır.

Bermud üçbucağı Atlantik okeanının şimalında Florida, Bermud adaları və Puerto-Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi üçbucaq formasında bir ərazidə yerləşir. İnsanlarda belə bir təsəvvür yaranıb ki, guya bu ərazidən keçən gəmilər, təyyarələr heç bir iz qoymadan sirli şəkildə yoxa çıxır, hətta rəqəmlər göstərilir ki, son bir əsrdə məhz bu ərazidə 100-dən çox gəmi və təyyarə qeybə çəkilmişdir. Ona görə də planetimizin möcüzələr, dəhşətlər və müəmmalarla dolu olan bu hissəsini «Atlantik qəbiristanlığı», «ölüm və ya şeytan üçbucağı» da adlandırırlar. Tarixi məlumatlara görə, bu üçbucağın ilk qurbanı Xristofor Kolumbun donanması olub.

Təqribən XX əsrin ikinci yarısından sonra dünya mətbuatı bu təbii fenomenə diqqət yetirməyə başlamışdır. «Bermud üçbucağı»nın müəmmalarına maraq göstərən tədqiqatçılar qəzet səhifələrində və kitablarda «Minlərlə insanın yox olduğu, bir-birinin ardınca bir çox sirlər saxlayan bu möcüzənin səbəbi nədir? İnsanlar hara yox olur? Naməlum dünyaya düşür, yoxsa sirli kosmik varlıqlar tərəfindən əsir götürülür? Yoxsa bu, sadəcə fırtınalar nəticəsində baş verən dəniz qəzalarıdır?» kimi suallar səsləndirməyə başladılar. Bu barədə xeyli kitab yazıldı və bunların içərisində daha çox populyar olan «Bermud üçbucağı: miflər və reallıqlar» (1975) əsərinin müəllifi Devid Lourens topladığı faktlar əsasında sübut etdi ki, bu ərazidə heç bir möcüzə baş vermir, sirli və ya qorxulu mistik qüvvə məsələsi də uydurmadır. Bermud adalarında baş verənlər sadəcə təbiət anomaliyalarıdır.

Məsəllər, deyimlər

BEŞGÜNLÜK DÜNYA

►Dünyanın fani, gəldi-gedər, müvәqqәti olduğunu təlqin edən ifadə.

İfadənin ili-günü müxtəlif üsullarla hesablayan qədim təqvimlərlə bağlı yarandığı ehtimal olunur.

Qədim zamanlarda ayları vә illәri hesablamaq üçün ilin uzunluğu vә ayrı-ayrı ayların günlərinin miqdarı haqqında xalqların təsəvvürləri müxtәlif idi. Odur ki bir-birindən fərqlənən tәqvim sistemlәri yaranmışdı: yunan tәqvimi, Afina təqvimi, Makedoniya tәqvimi, Misir təqvimi, Roma təqvimi vә s.

Başqalarından fәrqli olaraq Babilistan tәqvimi әsasında düzәldilmiş Qәdim Misir tәqvimində ilin uzunluğu nisbәtәn dәqiq nәzәrә alınırdı. Bu təqvimdə il 365 gün һesab olunur vә һәr biri 30 gündən ibarət olan on iki hissәyә bölünürdü. Qalan beş gün isә ilә әlavә һesab edilirdi. Belәliklә, hələ yeddi min il bundan qabaq misirlilәr 12 x 30 = 360 gün hesab etdiklәri ilin qalan beş gününü «artıq» sayır, bu günlәri bayrama, günahların bağışlanmasına, ölülәr üçün dua oxumağa hәsr edirdilәr. Misir tәqvimi Kopernik dövrünә qәdәr çox geniş ərazidə yayılmışdı.

Tarixçi əl-Biruninin məlumatına görә, bu beşgünlük ay orta fars tәqviminə səkkizinci aydan sonra, Xarәzm tәqviminә isә on ikinci aydan sonra әlavә edilirdi.

Beləliklә, hәmin beşgünlük ayı öz ölülәri ilә «ünsiyyət saxlayan», müqәddәslәrin, әzizlәrin ruhları ilə ünsiyyәti bir sәadәt sayan qәdim insanlarda dünyanın ötәriliyinә, faniliyinә, әslindә, hәmin bu beş gündən ibarәt olduğuna inam yaranmışdı.

İfadә tədricən deformasiyaya uğrayıb, xalq dilinә mәxsus әlavә emosionallıq mәqsәdilә buraya «beşi dә qara» tәrkibi artırılıb: «bu dünya beş gündür, beşi dә qara». Bundan başqa, dilimizdə «hәr aşığın beş gün dövranı var», «küllüyün külü beşgünlükdür» və bu kimi ifadələr də işlənir.

Məsəllər, deyimlər

BEŞİNCİ KOLON (DƏSTƏ)

►Ölkə içərisində xarici dövlətlərə xidmət edərək hər an təhlükə törədə bilən qruplara, casuslara, gizli agentlərə aid edilən ifadə.

İfadə XX əsrin 30-cu illərinin sonlarında İspaniyada başlamış vətəndaş müharibəsi illərində yaranmışdır.

«Beşinci kolon» general Frankonun 19361939-cu illərdə İspaniya Respublikasında vətəndaş müharibəsi zamanı fəaliyyət göstərən casusluq təşkilatının adıdır. Hazırda bu termin altında geniş mənada düşmənin istənilən məxfi casusu (təxribatçılar, casuslar, terrorçular, təhrikçilər) başa düşülür.

«Beşinci kolon» termininin müəllifi vətəndaş müharibəsi zamanı frankoçular ordusuna başçılıq edən general Emilio Mola hesab edilir. O, 1936-cı il oktyabrın əvvəllərində Madridə hücumu zamanı paytaxt sakinlərinə radio vasitəsilə müraciətində həvaləsindəki dörd ordu kolonundan savayı, Madridin özündə yerləşən və həlledici məqamda daxildən zərbə endirəcək beşinci kolonun da onun ixtiyarında və əmrə müntəzir dayandığını bildirmişdi.

«Beşinci kolon» vahimə yayır, təxribatla, casusluqla məşğul olurdu. Buna görə də E.Mola jurnalistlər qarşısında lovğalanaraq şəhərin tezliklə təslim olacağını bildirirdi. O rəhbərlik etdiyi dörd dəstənin Madridə doğru irəlilədiyini və lazım olan vaxt şəhərdə Frankoya rəğbət bəsləyənlərdən ibarət beşinci dəstənin də hərəkətə keçəcəyini bəyan edirdi. Lakin Mola səhv edirdi. Beşinci dəstə ya orada yox idi, ya da ki hərəkətə keçmədi. Madrid hələ iki il yarım üsyançılara müqavimət göstərdi. «Beşinci dəstə» kəlamı isə «arxada düşmənlə gizlicə əlbir olan, ona rəğbət bəsləyən satqın qrup» mənasında dilə düşdü.

H.Tomasın fikrincə, E.Moladan bir neçə həftə öncə bu ifadəni baron Sent-Osvald işlətmişdir. O dövrdə İspaniyada müxbir işləyən E.Nolte özünün «Faşizm onun dövründə» adlı kitabında bu söz birləşməsinin tarixini Mussolini ilə bağlayır. Belə ki, Mussolini hələ I Dünya müharibəsi zamanı Almaniyanın Mərkəzi Dövlətlər İttifaqı rəqiblərinin arxa cəbhəsində yaratdığı «beşinci kolon»dan bəhs etmişdi.

Məsəllər, deyimlər

BƏS ZINQIROVU PİŞİYİN BOYNUNDAN KİM ASACAQ?

►Yarımçıq qərar verib bununla da öz işini bitmiş sayan, qərarın həyata keçəcəyinin real olub-olmadığına məhəl qoymayan adamlarla bağlı mənfi çalarda işlədilən ifadə.

Məsəl el arasında yayılmış maraqlı bir rəvayətlə bağlıdır.

Bir gün siçanlar toplaşıb pişiyin zülmündən xilas olmaq məsələsini müzakirə edirlər. Çox götür-qoydan sonra belə qərara gəlirlər ki, bir üsulla pişiyin yaxınlaşdığını əvvəlcədən müəyyən edə bilsələr, onun əlindən qaçıb qurtarmaq asan olar. Bunun üçünsə bir böyük zınqırov tapıb pişiyin boynundan asmaq kifayətdir, siçanlar uzaqdan zınqırovun səsini eşidən kimi pişiyin gəldiyini duyub gizlənə bilərlər.

Bu qərarı yekdilliklə bəyənib, qəbul edib arxayınlaşan siçanlardan biri qəflətən öz yoldaşlarına deyir:

– Ay qardaşlar, qəbul etdiyimiz qərar çox yaxşı qərardır, amma bir şey məlum deyil: bəs zınqırovu pişiyin boynundan kim asacaq?

Bu el deyimi müəyyən bir qərar qəbul edərkən söz deyib təklif verməklə öz vəzifəsini bitmiş hesab edən, lakin işin reallığını nəzərə almayan adamlar barədə deyilib.

Ümumiyyətlə, «zınqırov bağlamaq» üsulundan ta qədimlərdən müxtəlif məqsədlər üçün istifadə ediblər; məsələn, maldarlar heyvanların boynuna zınqırov taxırdılar ki, itəndə sahibləri zınqırovun səsi ilə onların yerini təyin edib tapsınlar. El arasında «Zınqırovlu dəvə itməz» kimi atalar sözü də var.

Məsəllər, deyimlər

BİLƏNLƏR BİLMƏYƏNLƏRƏ DESİN

►Hər hansı situasiyada gedən söhbətin məğzini bilməyən adamın vəziyyətdən çıxmaq üçün zarafatla işlətdiyi ifadə.

İfadə Molla Nəsrəddinin məşhur bir lətifəsindən qaynaqlanır.

Bir gün minbərə çıxıb nə deyəcəyini bilməyən Molla üzünü camaata tutaraq soruşur:

− Camaat, heç bilirsiniz, sizə nə deyəcəyəm?

Məsciddəkilər bir ağızdan «xeyr, bilmirik» cavabını verirlər.

Molla deyir:

− Madam ki bilmirsiniz, daha mən sizə nə deyim, dağılın gedin evinizə!

Sabahı gün o, yenə həmin sualı verdikdə dünənki cavabın nəticəsindən ibrət dərsi almış kənd camaatı «bəli, bilirik» cavabını verir.

Molla bunu eşidən kimi deyir:

− Çox gözəl, indi ki mənim deyəcəyim sözləri əvvəlcədən bilirsiniz, daha mənim deməyim artıqdır. Dağılın evinizə və mənim deyəcəyim sözlərə əməl edin!

Camaat naəlac qalaraq yenə öz evinə qayıtmalı olur.

Sabahı gün məscidə toplaşmazdan əvvəl kəndlilər belə qərara gəlirlər ki, onların bir qismi Mollanın sualına mənfi, bir qismi isə müsbət cavab versin.

Molla yenə minbərə çıxıb:

− Ey camaat, mənim bu gün sizə vəz edəcəyim sözləri bilirsinizmi? − deyə soruşduqda məsciddəkilərin bəzisi «bəli, bilirik!», bəzisi isə «xeyr, bilmirik!» cavabını verir.

Molla bu dəfə də ustalıqla vəziyyətdən çıxaraq deyir:

− Çox gözəl, onda bilənlər bilməyənlərə öyrətsin.

Bu ifadə həm şifahi nitq zamanı, həm də yazılı nümunələrdə işlədilir.

Məsəllər, deyimlər