►Hər hansı bir sənədi imzalamaq, qol çəkmək, nəyəsə razılıq vermək.
İfadə vaxtilə sənədə imza atmaq əvəzinə baş barmağı mürəkkəbə batırıb kağıza basmaq ənənəsi ilə bağlı meydana çıxmışdır.
Hələ qədim zamanlardan bəri deyilirdi ki, insanın barmaqları və ovuclarındakı xətlərin quruluşu fərdidir və bütün ömürboyu həmin quruluş dəyişmir. Ona görə də insanın kağız üzərində olan əl izi onun identifikatoru – yalnız həmin insana xas olması kimi çıxış edə bilər.
İnsanların imzası da olduqca fərdi və təkrarsızdır, yəni iki insan eyni imzaya sahib ola bilməz. İnsanın imzasını da onun əl izi kimi saxtalaşdırmaq mümkün deyil. Buna görə də keçmişdə savadsız adamlar imza əvəzinə sənəd üzərində barmaq izini qoyurdular və buna «barmaq basmaq» deyilirdi.
İfadə uzun müddət öz ilkin mənasında işlədildiyinə görə hətta savadlı adamlar da imza atanda «o, barmaq basıb» deyirdilər.
Məsəllər, deyimlər►Günahını danmaq, özünü təmizə çıxarmaq üçün aldatmaq, yalan satmaq, verdiyi sözün üstündə durmamaq.
İfadə el arasında dolaşan əmanətə xəyanət edən bir çoban haqqındakı rəvayətlə bağlıdır.
Həmin rəvayətə görə, bir varlı kişi çobana yüz qoyun tapşırır. Belə şərt kəsir ki, doğulan quzuları və qoyunların yununu özünə götürərsən, amma yüz qoyunu bir ildən sonra salamat qaytararsan. Çoban tamahkar olduğuna görə qoyunların bir qismini satır, bir qismini də kəsib yeyir. Vaxt tamama yetəndə əliəyri çoban hiyləyə əl atır. Axırıncı qoyunu da kəsib yedikdən sonra dərisini çiyninə salıb qoyun sahibinin yanına gedir. Qoyun sahibi çobanı gülərüzlə qarşılayır, qoyunların vəziyyətini soruşur. Çoban yazıq görkəm alıb barmaqlarını qatlaya-qatlaya sayıb qoyunların hesabını verməyə başlayır. Deyir ki, dolamadan dovdaq uçdu, həştadı ürküyə düşdü. Sonra dörd toğlu qayadan uçdu, dalınca da beşi getdi. Qoyun sahibi soruşur ki, bəs heyvanların qalanı necə oldu? Çoban halını pozmadan bu suala şeirlə cavab verir:
Burdan getdik Muğana,
Üçün verdik soğana.
Beşini verdim Fatı üçün tumana,
Biri yanı üstə yatdı,
Biri palçığa batdı.
Dünən ölüb birisi,
Bu da onun dərisi!
İndi də el arasında biri başqasını aldatmaq, yol verdiyi qəbahəti ört-basdır etmək üçün yalan satmaq istəyəndə «mənə barmaqhesabı göstərmə» ifadəsini işlədirlər.
Məsəllər, deyimlər►Bərkdən-boşdan çıxmamış, həyatda çətinliklər görməmiş adam haqqında işlədilən ifadə.
İfadə dini rəvayətlərdən qaynaqlanaraq yayılmışdır.
Rəvayətə görə, ölü basdırıldıqdan və onu basdırmağa gəlmiş adamlar qəbirdən yeddi addım uzaqlaşdıqdan sonra yerindən qalxır və qəbirdən çıxıb getmək istəyir, lakin onun başı qəbrin yuxarı hissəsinə qoyulmuş əlhəd daşına dəyir və yalnız bu zaman o, həqiqətən öldüyünü başa düşüb rahat uzanır.
Burada «əlhәd» sözü ərəb dilindəki «ləh(ə)d» (qəbir, ölü basdırılan quyu) sözündən yaranıb. «Әlһәd daşı» ölünün qəbirdə başının söykəndiyi daşdır. Məcazi mənada bu məsəl çətinlik görməmiş, hər şeyə səthi, qeyri-ciddi yanaşan adamlara aid edilərək «hələ bərkdən-boşdan çıxmayıb» mənasında işlədilir, bir hadisədən ibrət götürməyi, çətinliyə düşüb ondan nəticə çıxarmağı bildirir.
Bu ifadə istər yazılı ədəbiyyatda, istərsə də danışıq dilində geniş istifadə olunur.
Çağdaş Azərbaycan dilində «başı әlhәd daşına dәymәk» daha çox işlənsə də, ötən əsr ədəbiyyatında «ləh(ə)d» sözü də işlədilib.
Dilimizdə eynilə bu mənanı bildirən «başı daşdan-daşa dəymək» ifadəsi də işlənir.
Məsəllər, deyimlər►Fitri istedada, yüksək ağıl və dərrakəyə malik olan, lakin öz qabiliyyətini mənasız, gərəksiz işlərə sərf edən adamlar haqqında işlədilən ifadə.
İfadə Nəsirəddin Tusi (1201–1274) ilə bağlı bir rəvayətdən yaranaraq yayılmışdır.
Rəvayətdə deyilir ki, bir gün Xacə Nəsirəddin Marağaya gedərkən bir bostançının evində gecələməli olur. Bostançı onu qarpıza qonaq edir. Qarpızları hörmətli qonağın qarşısına düzən bostançı onları kəsməmişdən qabaq hər bir qarpızın rəngi və dadı haqqında təfsilatı ilə məlumat verir. Qarpızları kəsərək deyilənlərin doğru çıxdığını görən Xacə Nəsirəddin təəccüblənir və təəssüflə deyir:
– Qoca, başın yaxşı başdır, heyif ki, qarpıza işləyir.
– Qurban, qarpız da Allah nemətidir, – deyə qoca nəzakətlə cavab verir.
– Orası elədir, lakin mən ayrı cəhətdən düşünürəm. Düşünürəm ki, görəsən, öz kamalı ilə xariqələr yaratmaq qüdrətində olan nə qədər adam başını bostanda işlədir, ömrü boyu bir qarpızı o birisindən seçə bilməyənlər də saraylarda, yüksək məqamlarda mövqe tuturlar?..
Bu rəvayətdən çıxan qənaət həm də odur ki, cəmiyyətə fayda vermək üçün qabiliyyəti, bacarığı olan insanlar layiq olduqları mənsəbi tutmalıdır.
Məsəllər, deyimlər►Bədxərclik etmək, mənfəəti olan bir şeyi əldən çıxarmaq, boş yerə tələf etmək, puç etmək, itirmək, korlamaq.
Bu frazeoloji birləşmə dini rəvayətlə bağlıdır.
Həmin rәvayәtә görә, 570-ci ildә – Mәhәmmәd peyğәmbәr anadan olan ili xristian hәbәşlәr mәşhur fil yolu ilә Kәbәni dağıtmağa gedirlәr. Onlar ziyarәt (hәcc) yeri olaraq Sәna şәhərindә kilsә tikmişdilәr vә Kәbәni artıq hesab edirdilәr. Hәbәşlәrin qoşununda çoxlu fil var idi vә getdiklәri yol da fil yolu hesab olunurdu.
Allahın әmri ilә әfsanәvi әbabil quşları cәnnәtdә olan mәrcimәkdәn kiçik, xırda daşları dimdiklәrinә alıb Kәbә üzәrinә yürüş edәn hәbәş qoşununun üstünә uçur, fillərin başına daş yağdırmağa başlayırlar. Fillәrinin başına daş salınmış hәbәşlәr qorxuya düşür və Kәbә səfərindən əl çәkmәli olurlar. Buna görә dә tarixdə hәmin il «fil ili» adı ilә mәşhurdur.
«Qurani-Kərim»də bu yürüş haqqında belə deyilir: «Görmәdinmi, Allaһ fillәri gәtirәnlәri neylәdi?! Onların üzәrinә әbabil quşları göndәrdi».
Dilimizdə işlək ifadələrdən olan «başına daş düşsün», «Allah başına daş salsın» kimi qarğışlar da bu rəvayətdən qaynaqlanır. «Başına daş salmaq» ifadəsi bəzi məqamlarda «əmanətə xəyanət eləmək», «başqasının malına xor baxmaq, yeyib üstündən də su içmək» mənalarında da işlədilir.
Məsəllər, deyimlər►Birini həddindən artıq əzizləmək, nəvaziş göstərmək, qayğısına qalmaq.
İfadə qədim zamanlarda hər hansı yaxşılığa görə minnətdarlıq etmək ənənələrindən qaynaqlanmışdır.
İslam dinindәn çox-çox əvvəl – qәdimlәrdә insanlar hansısa fәlakәtdәn xilas olduqda kasıb-kusuba sәdәqәlər verirdilәr və bu sәdәqə həmin şәxsin başı üzәrindә vә ya әtrafında üç dəfә dolandırılırdı; mәsәlәn, pul sәdәqәsini baş üzərindә, heyvan sәdәqәsini şәxsin әtrafında dolandırırdılar. Vaxtilә azad edilәn qullar da minnətdarlıq əlaməti olaraq onların azadlığa çıxmasını təmin etmiş şәxsin әtrafına dolanırdılar.
Bu ifadәlәrin qәdim şamanizmlә әlaqәdar olduğunu göstәrәn Nәsir Rzayev yazır ki, şamanizm Azәrbaycan dilinin lüğәt tәrkibinә dә qüvvәtli tәsir göstәrib. «Başına dolanım», «qadan alım», «qurban olum» kimi ifadәlәr şamanların müalicә mәqsәdini güdәn prosesini tәmsil edir; məsələn, şaman xәstәliyi naxoşdan göyәrçinә, yaxud toyuğa köçürәrkәn quşları üç dәfә xәstәnin başına dolandırırmış. Bu zaman qada (xəstəlik) insandan göyәrçinә, yaxud toyuğa keçirmiş. Bəzən də sonuncu – üçüncü prosesdә göyәrçin xəstәnin qadasını alandan sonra kәsilir, yәni xәstәnin qurbanı olurmuş. Qeyd etdiyimiz «qurban olum» ifadәsi dә buradan qaynaqlanır.
Nәzәrdәn keçirilən bu üç frazeologizmin әsasında «başına dolandır, ver» ifadәsi də yaranıb. Adamlar öz xәstәliklәrindәn vә başqa ziyanlardan yaxa qurtarmaq üçün nәzir vermәyi әhd edir. Onlar nәziri verәrkәn üç dәfә başlarına dolandırırlar ki, bu onların qurbanlığı olsun, onları (şaman ayinindә olduğu kimi) xәstәlikdәn, hәr cür xata-baladan qorusun.
Dilimizdə bu ifadə ilə eyni məna kəsb edən «qurban olmaq», «ağrısını almaq», «qadasını almaq» kimi frazeoloji söz birləşmələri də vardır.
Məsəllər, deyimlər►İstəməmək, sevməmək, ölümünü arzulamaq, pisliyinə çalışmaq.
İfadə qədim zamanlarda bəzi xalqlarda quduzluğa tutulmuş adamlardan xilas olmaq məqsədilə həyata keçirilən amansız bir adәtlә bağlı yaranmışdır.
Həmin dövrlərdə quduzluq tutmuş adamları müalicә edә bilmәdiklәrindәn onlarla çox qәddarcasına davranırmışlar. Quduz adamı qapısı bağlı zağaya, yaxud quyu kimi yerə salır, hər gün yuxarıdan (bacadan) onun üstünə gün ərzində bir neçə dəfə әlәklә kül yağdırırmışlar. Bu yolla xəstəni boğurlarmış ki, tez ölsün.
Hazırda dilimizdə işlənən «Allah başına kül ələsin» qarğışı da bu adətin «məhsulu»dur.
Məsəllər, deyimlər►Bədbəxtliyə düçar olmaq, qiymətli bir şeyin əldən çıxmasına kədərlənmək, özünün, yaxud əziz adamlarının bədbəxtliyinə yanmaq.
İfadənin qədim yunan kitabələrindən və «İncil»dən qaynaqlandığı güman edilir.
Qədim zamanlarda bir çox xalqlar arasında adət halı almış bir rituala görə, insanlar özünün və ya başqasının halına, bədbəxtliyinə yananda, sonsuz kədərlə üzləşəndə başlarına kül (və ya torpaq) tökərmişlər; məsələn, Homerin «İliada»sında ən yaxın dostu Patrokl öləndə Axillesin hər iki əli ilə külü götürüb başına tökməklə öz kədərini ifadə etdiyindən bəhs olunur.
Bəzi tədqiqatçılar bu ifadənin Şərq dillərinə keçməsini Firdovsinin «Şahnamə»si ilə əlaqələndirirlər. Həmin əsərdə göstərilir ki, İrəcin ölüm xəbərini eşidən bütün qoşun əhli ağlayıb başına kül tökür.
Dilimizdə «başına kül qoyum», «kül başına», «başıma nə kül töküm?» kimi ifadələr də geniş yayılıb. Bundan başqa, birisini aldatmağı, tovlamağı, başını bişirməyi bildirmək üçün «başını külləmək» söz birləşməsi də işlədilir.
Məsəllər, deyimlər►Başını qatmaq, aldatmaq, hiylə işlətmək, kəlәk gәlmәk.
Xalq arasında əvvəllər də mövcud olmuş bu ifadənin M.F.Axundzadənin «Sәrgüzәşti-vәziri-xani-Lәnkәran» əsərindən sonra geniş yayıldığı güman edilir.
Bu səhnə əsərində göstərildiyi kimi, vәzirin baldızını sevәn Teymur ağa pәrdәnin arxasında gizlәnir ki, ev sahibi onu görüb qəzəblənmәsin. Qayınanası Pәri xanım hiylə işlədərək vәzirin başının ölçüsünü götürmәk lazım olduğunu söylәyir. Bildirir ki, bu iş füqәraya paylamaq mәqsәdilә sәmәni qoymağa lazım olan buğdanın miqdarını müәyyәnlәşdirmәk üçündür. Badyanı vәzirin başına keçirirlәr vә bundan istifadә edәn Teymur ağa aradan çıxır.
Dilimizdə eynilə bu mənanı bildirən «başına torba tikmək», «torbasını tikmək» kimi ifadələr də geniş yayılıb.
Məsəllər, deyimlər►Kimisə bәrk incitmәk, ələ salıb dolamaq, ağır, gülünc vəziyyətə salmaq.
İfadənin xalq arasında qədimdən mövcud olmuş meydan tamaşasından qaynaqlandığı ehtimal edilir.
1906-cı ildә Hәmidә xanım Məmmədquluzadənin nәşr etdiyi «Asari-Əhməd bәy (türkcә şeirlәr)» adlanan kitabda «Tәnbәki oyunu» adlı xüsusi bir mənzumədə bu oyunun qısa mәzmunu aşağıdakı kimi açıqlanır.
Vilayətin avam obalarına misgәr, ya bir qeyri-sәnәtkar, ya bir xam qonaq gәlәndә adamlar onun yanına yığışar, başına tәnbәki oyunu gәtirәrdilər. O oyunlardan biri belә olub: Fәsadlı kәndinə gәlmiş bir neçә hәllac (pambıq satan) yerlilәr üçün yaxşı bir keçә salırlar. Onlar iyirmi gün yağı, qaymağı yeyib işlәyir, sonra da qırx manat tәlәb edirlər. Pulu olmayan fәsadlılar borclu qaldıqları hәllacların başına tәnbәki oyunu açmaq qәrarına gәlirlər. Bu dәfә fәsadlılar sözarası hәllaclara eşitdirirlәr ki, onlara xәlәt verәcәklәr. Bunun üçün elçi yolunda yatan qәflәni soymaq, onların xurma, kişmiş yüklәrini qarәt etmәk qәrarına gәlmişlәr. Hәllaclar hey and-aman edirlәr ki, bizə görə zəhmət çәkmәyin. Onlara qulaq asan olmur.
Gecә oğurluğa getmәk üçün hәllaclardan birini də aparmalı olurlar. Qaranlıqda içi qoyun qığı ilə dolu bir çuvalı xurma adı ilә gətirib hәllaca verirlәr. Bu әsnada atışma düşür. Oğurluğa gedәnlәr qaçırlar. Guya fәsadlılardan biri atışmada ölür və onu tabuta qoyurlar. Bütün oba tökülüşüb şivәn salır: kimi üzünü cırır, kimi başını yolur. Eyni zamanda düşünürlәr ki, divan bu işi bilsә, vəziyyət ağır olacaq, divana isә bu işi yalnız hәllaclar xәbәr verә bilәrlәr. Odur ki hәllac qırılmasa olmaz, kәsilәn baş danışmaz. Sonra guya hәllacları öldürmәk üçün qabaqlarına qatıb qaranlıq bir yerә aparırlar, әslindә isə onların qaçıb canlarını qurtarmasına imkan verirlәr. «Ölümün» әlindәn qaçan hәllacların yadına isə alacaqları pul düşmür.
Dilimizdə bu ifadə ilə eyni mənada işlənən «başına it oyunu açmaq», «başına kişmiş oyunu açmaq», «başına oyun açmaq» kimi söz birləşmələri də vardır.
Məsəllər, deyimlər►Bir işdәn zәrәr çәkmәk, hәr hansı işin ağır nәticәsi ilə üzləşmək.
İfadәnin birinci hissәsi «baş çanağı/başın çanağı» dilimizdə işlənən «cavan baş bir çanaq qandır» atalar sözündən törәyib.
Prof. M.Adilova görə, bu ifadə dil vahidlәrinin semantikasının paradiqmatik vә sintaqmatik aspektlәrdә fәrqli şәkildә tәzahürü nəticəsində meydana çıxıb. Yuxarıdakı tәrkibdә işlәnәn «çanaq» sözü, әslindә, «baş çanağı» sintaqmasının tәrkibindәn ayrıldığı üçün başqa mәna almaq ehtimalı var. Bu mәcazi mәnalılığa meyil ilә әlaqәdar «qan çanağı» («gözlәri qan çanağına dönüb», «qan çanağını başına alıb gəzdirir») ifadәsi yaranıb.
«Baş çanağı» tәrkibindәn ayrılan «çanaq» sözü «alәt» mәnasını bildirir vә buna görә dә semantik saһəsinә daxil olan başqa alәt adları ilә әvәzlәnә bilir: «başında tabaq sınmaq».
Dildә bir söz һәmişә başqa bir sözü nitqә çәkib gәtirir. «Çatla(t)maq» feili hәmin tәrkibә daxil olandan sonra onun öz sinonimi «sındırmaq» feili ilә әvәz olunması tәbiidir. «Sındırmaq» feili isә hәm çanaq, hәm dә qoz ilә әlaqәlәnә bilәr. Buradan isə «başında qoz sındırmaq» ifadәsi meydana çıxır.
Məsəllər, deyimlər►Birisini yol verdiyi xətaya görə ciddi cəzalandırmaq.
İfadə Bəhlul Danəndənin ibrətamiz bir lətifəsindən qaynaqlanır.
Bəhlul bir gün təraş olunmağa gedir, dəllək onun geyiminə baxıb belə zənn eləyir ki, bu adam dəlidir. Ona görə də başını korşalmış ülgüclə qırxmağa başlayır. Kor ülgüc, nazik dəri və insafsız dəllək. Bəhlulun başının dərisi beş-on yerdən kəsik-kəsik olur, qanı axmağa başlayır. Zalım dəllək hər kəsdikcə də qan çıxan yerə pambıq basır.
Ağrıdan üz-gözünü turşudan Bəhlul dəlləkdən soruşur:
– Ay dəllək, neyləyirsən?
Dəllək özündənrazı halda irişə-irişə:
– Başında pambıq əkirəm, gələn il qozalayanda mənə deyərsən.
Bəhlul bir söz demir, amma ürəyində and içir ki, bunun heyfini dəlləkdən çıxsın.
Bir gün xəbər yayılır ki, xəlifə camaatdan bəxşiş yığır, əvəzində çoxlu daş-qaş bağışlayır. Dəllək öyrənir ki, xəlifə başını kəsib doğradığı adamın – Bəhlulun qardaşıdır. Ona görə gedib Bəhluldan soruşur ki, xəlifəyə nə aparsa onun ürəyincə ola bilər?
Bəhlul dəlləyi yadında yaxşı saxlamışdı, odur ki belə deyir:
– Xəlifə ən çox sarımsağı xoşlayır. Əgər yaxşı yetişmiş iri sarımsaq aparsan, sənə o qədər daş-qaş verər ki, heç yığıb-yığışdıra bilməzsən.
Dəllək sevinə-sevinə gəlib bir xurcun sarımsaq götürüb xəlifənin yanına gedir. Sən demə, xəlifənin sarımsaqdan zəhləsi gedirmiş. Dəlləyin ona bu qədər sarımsaq gətirdiyini gördükdə xəlifə qəzəblənib əmr edir ki, sarımsaqları bir-bir dəlləyin başına çırpsınlar. Fərraşlar sarımsaqların hamısını bir-bir dəlləyin başına vururlar. Sarımsaqların zərbəsindən dəlləyin başı şişib qoz-qoz olur. Dəllək qayıdıb evlərinə gələndə Bəhlulla rastlaşır, hirsli-hirsli ondan soruşur:
– Bəhlul, bu nə işdir mənim başıma gətirdin?
Bəhlul deyir:
– Dəllək, yadındadırmı, keçən il mənim başımda pambıq əkmişdin? Onun əvəzində mən də sənin başında sarımsaq əkdirdim.
Dilimizdə bu ifadənin «başında turp əkmək» kimi variantı da mövcuddur.
Məsəllər, deyimlər►Qәddarlığın, amansızlığın ən yüksәk həddini bildirmək üçün işlədilən ifadə.
İfadə məşhur türk hökmdar Əmir Teymurun hərbi yürüşləri və onun qəddarlığı ilə bağlı meydana çıxmışdır.
Tarixdәn mәlum olduğu kimi, XIV әsrin sonu – XV әsrin әvvәllәrindә sərtliyi, qәddarlığı ilә mәşһur olan Əmir Teymur (Teymurlәng) insan kəllәlәrindәn minarә qurdurub vә mənbələrdə bu ifadәnin də məhz həmin olaydan qaynaqlandığı bildirilir.
Teymuru hәrbi yürüşlәrdә müşayiәt edәn tarixçi Qiyasәddin Әlinin yazdığına görә, 1387-ci il noyabrın 17-də Teymurun әmri ilә İsfahan әhalisi başdan-başa qılıncla doğranmışdı. Şәhәrdә leşlərdәn böyük dağlar yaranmışdı, şәhәrdәn kәnarda isə ölәnlәrin başlarından uca minarәlәr düzәltmişdilәr ki, bunlar әn uca binalardan da hündür idi.
Məsəllər, deyimlər►Bəd danışmaq, bədbəxtlik, uğursuzluq gətirmək, niyyəti, məramı pis olmaq.
İfadə zәrdüştiliklә bağlı bir əhvalatdan yaranmışdır.
Zәrdüştiliyə aid olan həmin əhvalata görə, ilk insan sayılan Kәyümәrs əziz oğlu Hüşәngi bir dağda qoyub getmişdi vә onu divlәr öldürmüşdü. Kәyümәrs oğlunu yoluxmağa gedәndә yol üstünә qonub tez-tez ötәn bir bayquşa tәsadüf edir. O yaxın gәlәndә quş uçub bir az uzağa qonur, yenә ötmәyә başlayır. Kәyümәrs deyir:
– Ey quş, xeyir xәbәr isә sәn insanlar üçün mübarәk fallı ol, sәni yaxşı, müsbәt fal һesab etsinlәr, әgәr verdiyin xәbәr pis isә sәni ta dünya durduqca pis fal hesab etsinlәr.
Kәyümәrs gәlib oğlunun hәlak olduğunu görür. Ona görә dә bayquş pis fal hesab olunur. Bunun isə islam dini ilә heç bir әlaqәsi yoxdur. Eyni zamanda «bay-quş» sözünün «bәy quş», «quşların bәyi» vә bu kimi izah olunması da yanlışdır. Klassik әdәbiyyatımızda bu söz bayqu//bequ şәklindә dә işlәnib. Ehtimallara görə, bu söz, әslindә, quşun sәsinә tәqlid olan bequ/pequ/piqu sözündәn törәyib.
«Bayquş xərabəlik, qurd dumanlıq sevər» Azərbaycan atalar sözü bayquşun xalqımızın inanclarında hansı yeri tutduğunu aydınlaşdırmaq baxımından çox ibrətamizdir. Təsadüfi deyil ki, özünü cəmiyyətdən təcrid edən, insanlardan qaçıb təkcə yaşayan adamlar haqqında el arasında «bayquş kimi adam arasında görünmür», «bayquş kimi həyat yaşayır» kimi ifadələr geniş yayılıb.
Klassik ənənələrdən və qədim inanclardan qaynaqlanan bu düşüncə tərzi zaman-zaman dilimizdə müxtəlif frazeoloji söz birləşmələrinin, o cümlədən «bayquş kimi ulamaq», «bayquş kimi nəhs gətirmək» ifadələrinin yaranmasına səbəb olub.
Məsəllər, deyimlər►Həftənin birinci günündə işə marağın olmadığını, yaxud həmin gün başlanmış işin uğursuzluğa düçar olacağını bildirən ifadə.
İfadənin bəzi dini təsəvvürlərdən qaynaqlandığı ehtimal olunur.
Çoxları üçün bazar ertəsinin niyə ağır olması müəmmalı görünə bilər, çünki çox adam həmin gün xüsusi enerji və yaxşı əhvali-ruhiyyə ilə işə başlayır. Təbii ki, bu adamlar ifadənin bütpərəst xurafatından qaynaqlandığını bilmir. Həmin dində bazar ertəsi – cadugərliyin, hiyləgərliyin, ifritəliyin hamısı bir yerdə olan gündür. Buna görə də belə ehtimal edilir ki, bazar ertəsi işə başlayan adam cadugərlərin müqaviməti ilə üzləşə bilər.
Deyilən səbəbdən bazar ertəsi ilə bağlı «qara» fikirlər bir çox xalqların məişətində yaşayır. Buna görə də əksəriyyət bazar ertəsini hələ də qara, ağır gün hesab edir. Qatı mövhumatçılar bu gündə işə başlamaz, müqavilə bağlamaz, elçi getməz, səfərə çıxmaz, ümumiyyətlə, heç bir ciddi iş planlaşdırmazlar.
Məsəllər, deyimlər