Reklam
Reklam

Məsəllər, deyimlər

ÇAĞIRILMIŞ BAYATI

►Əvvəllər deyilmiş, çoxdan məlum olan, artıq əhəmiyyətini itirmiş və köhnәlmiş bir şeyi vurğulamaq üçün işlədilən ifadə.

İfadə qədim yazılı mənbələrimizdə geniş işlənmiş «bayat» sözünün fərqli izahlarından qaynaqlanmışdır.

Prof. M.Adilovun fikrincə, əslində, «bayat» Allahın şәrәfinә deyilmiş, yeni olmayan mahnı, vәsfi-hal, tәrifdir. XI әsr tәdqiqatçısı Yusif Balasaqunlu «Kutadqu bilik»dә dәfәlәrlә «bayat» sözünü «allah», «tanrı» mәnasında işlәdib: «Bayat, birdi, kulka iki köz kylak biri dünya baksa biri ükbi bak» (Tanrı//Allah qula iki göz, iki qulaq verdi; biri ilә dünyaya baxarsa, biri ilә dә axirәtә baxmalıdır). Әsәrdә «bayat ati birle» (bayat adı ilә) ifadәsi ilә mәktublar başlanır ki, bu zaman «bismillah» sözü işlәnmir. Odur ki hәmin ifadә «bismillah» sözünün qarşılığı hesab olunur.

Sonralar «bayat» sözü tayfa adı kimi işlәnmәyә başlayıb ki, bu proses – allahı, totemi ifadә edәn sözün etnonimә çevrilmәsi tәbiidir. «Kitabi-Dәdә Qorqud»da «Bayat boyu»nun adı çәkilir: «Rәsul әleyһüssәlam zamanına yaxın Bayat boyundan Qorqud ata derlər bir әr qopdu». Eləcə də bu dastanda bir şablon kimi işlənәn «boy boylamaq» ifadәsi «şәninә nәğmə//dastan qoşmaq» mәnasındadır.

Demәli, «bayatı» da bay//bayat şәninә deyilmiş sözlәr, mahnılardır. Qәdim allah, onqon adlarının mahnı, nәğmә, musiqi adına çevrilmәsi – «mahnıbaşı» olması hadisәsi bir çox xalqlarda müşaһidә edilir.

«Çağırılmış bayatı» söz birləşməsi uzun illərin sınağından keçərək el arasında çoxdan məlum olan, artıq deyilmiş və əhəmiyyətini itirmiş bir şey haqqında danışmaq anlamını ifadə etməyə başlamışdır.

Məsəllər, deyimlər

ÇIRAQ YANDIRAN

►Xələf, bir işi davam etdirən, bir nəslin davamçısı, təmsilçisi.

İfadə zərdüştilikdə mövcud olmuş adətlərdən qaynaqlanır.

Qәdim zәrdüştiliyә görә, ölәn adamın yanında (atәşpәrәstliyә görә, meyit basdırılmırdı, üç gün evdә qaldıqdan sonra daxmaya qoyulur vә quşlara yem olurdu) üç gecə fasiləsiz çıraq yandırılmalı idi. Bu, ölәndәn yalnız üç gün sonra ruhun bədəni tәrk etməsi ilə izah olunurdu. Odur ki sahibsiz qalmış cəsədә bәdxah ruhların sahib ola bilmәmәsi üçün ölәnin başı üstündә üç gün üç gecә çıraq yandırılırdı. Bu müddətdә ölәn üçün çıraq yandırıb onun yanında qalmaq, onun ruhunu qorumaq, adәtәn, övladların borcu idi. Odur ki şәxsin övladı varsa, onun dәrdi yoxdur, çünki onun «ölәndәn sonra çırağını yandıranı» vardır. Әn qәdimdә bu çıraq mütlәq meyitin baş tərəfində və tәdricәn qәbri üzәrindә yandırılırdı.

Göründüyü kimi, «çıraq yandıran» ifadəsi «çıraq yandırmaq» ifadəsinin birbaşa mənasından fərqli olaraq frazeoloji söz birləşməsi kimi tam başqa məna kəsb edir və bir işin davamçısı, bir nəsli davam etdirmək anlamında işlədilir. Bu ifadə «goruna (qәbrinә) çıraq tutmaq (yandırmaq)», «qәbri üstә çıraq yandırmaq» kimi də işlədilir.

Dilimizdə fərqli mənalar ifadə edən «çırağı sönmək» (sonu çatmaq, məhv olmaq), «çıraq yanan vaxt» (hava qaralan vaxt, axşamüstü), «çıraq sönən vaxt» (yatmaq vaxtı, adamlar yatan vaxt), «çıraqla axtarsan, tapa bilməzsən» (çox çətin tapılan, az ələ düşən şey haqqında) kimi ifadələr və «Gündüz çıraq yandıran axşam qaranlıqda qalar» atalar sözü də var.

Məsəllər, deyimlər

ÇOX YEMƏK ADAMI AZ YEMƏKDƏN DƏ QOYUR

Hər hansı şəraitdə insanın öz nəfsinə yiyəlik etmədiyini, artıqtamahlığa və qudurğanlığa yol verdiyini bildirən ifadə.

İfadə böyük rus şairi A.S.Puşkinin «Balıqçı və qızılbalıq» əsərindən qaynaqlanmışdır.

Qoca balıqçının toruna düşmüş qızılbalıq dənizə buraxılmasının müqabilində qocanın bütün arzularını yerinə yetirəcəyinə söz verir. Balıqçı heç bir şey istəmədən balığı dənizə atıb evinə qayıdır. «Heç olmasa, sınıq təknəmizin əvəzinə təzəsini istəyəydin», – deyə ərini qarısı bu «qəbahətinə» görə məzəmmət edir. Kişi sahilə qayıdıb qızılbalığı çağırır, ondan təzə təknə istəyir, evə dönüb xahişinin yerinə yetirildiyini görür. Lakin acgöz, tamahkar qarı ərini bir neçə dəfə qızılbalığın yanına göndərməklə ona əvvəl təzə ev, sonra zadəganlıq, daha sonra isə çarlıq verməsini tələb edir.

Tamahkar və qudurğan qarı bütün bunlarla kifayətlənməyərək bütün dənizlərin hakimi olmaq istədiyini və qızılbalığı da öz yanında xidmətçi kimi görmək niyyətini bildirir. Qoca balıqçı dəniz sahilinə gəlir və qızılbalığı çağırıb qarısının istəklərini ona çatdırır. Bu sözləri eşidən balıq quyruğunu tərpədib heç bir cavab vermədən dalğalar arasında gözdən itir. Balıqçı əlacsız qalıb evə dönür, amma əvvəlki cah-calaldan bir iz belə qalmadığını, sarayın yerində köhnə daxmalarını, qarını isə sınıq təknə ilə birlikdə qəmgin-qəmgin oturub ağladığını görür.

Məsəllər, deyimlər

ÇOR DEMƏK

►Acılamaq, xətrinə dəyən söz demək, incitmək, qəlbini qırmaq.

İfadə qədim türk etnoslarındakı Çor adlı ruhla bağlı yaranıb yayılmışdır.

Qədim mənbələrə görə, Çor əvvəlcə bədxah ruhlardan biri olmuş, sonra etnik ada çevrilmişdir. Yəni türk etnoslarından biri özünü sitayiş etdiyi bu ruhun adı ilə adlandırmışdır. Sibirdəki bəzi xalqların inancına görə, Çor Aza adlı qorxunc bir ruh insanların bədəninə girib yoluxucu xəstəliklər törədir (bəzən indi də heyvan sürülərinə düşən xəstəliyə «çor» deyirlər).

Mənbələrdə qeyd olunur ki, «Çor» həm də indiki İran ərazisində yaşayan türk tayfalarından birinin adı olmuşdur. Onlar Gürcüstanda və Azərbaycanda sonralar «qaraçorlu» adı ilə tanınmışlar. Onların bir qismi sonradan Pənahəli xanın vaxtında Qarabağa köçmüşdür. Bunlar barədə məlumat verən professor İlhami Cəfərsoy «İber və hay folklorunda türk mifik təfəkkürünün izləri» (2014) kitabında göstərir ki, çorlar qədim dünyanın zəngin şəhər mədəniyyəti yaratmış xalqlarından biri olmuşdur. Lakin onların xristianlıqdan əvvəlki tarixi öyrənilməmişdir.

Bütün hallarda ilkin mənasında «qanlı-qadalı yer» anlamında işlədilmiş «çor» sözü bu gün də dilimizdə mənfi çalar daşıyır. Dilimizdəki «cəhənnəmə-çora getmək», «çər (çor) dəymiş», «çor vurmaq» və s. ifadələr də bununla bağlı yaranmışdır.

Məsəllər, deyimlər

ÇÖRƏK TAPMIRLAR, PİROJNA YESİNLƏR

►Birinin dərd-sərini bilməməyi, onun probleminə etinasızlıq göstərməyi, başqasının pis vəziyyətindən xəbərdar olmamağı istehza ilə bildirən ifadə.

Bu məşhur ifadənin Fransa kraliçası Mariya Antuanettaya (1755–1793) məxsus olduğu iddia edilir.

1789-cu ildə ac, yoxsul təbəqə çörək tələbi ilə üsyana qalxmışdı. Xəbəri Mariya Antuanettaya çatdıranda o, üsyanın səbəbini soruşur, ona «xalq çörək tapmır» cavabını verirlər. Kraliça isə çiyinlərini çəkir və varlıların kasıb təbəqələrin problemlərinə etinasızlığının simvoluna çevrilmiş «qəribə adamlardır, çörək tapmırlar, pirojna yesinlər» sözlərini deyir.

Araşdırmalara görə, aforizmin kraliçaya bağlanması və Fransa inqilabı dövrünə aid edilməsi tamamilə yanlışdır. Çünki eyni əhvalat böyük yazıçı və filosof Jan Jak Russonun (1712–1778) inqilabdan 30 il əvvəl yazılmış «Etiraf» əsərində təsvir olunur. Russo yazır: «Çörək almaq üçün nə edim?.. Özüm gedə bilmərəm. Belində qılınc gəzdirən sanballı cənab bir tikə çörəkdən ötrü durub dükançının yanına getsin? Olmaz! Axırda bir şahzadə xanımın təklif etdiyi çıxış yolu yadıma düşdü: kəndlilərin çörəksiz qaldıqlarını ona xəbər verəndə şahzadə deyir: «Qoy brioş (fransız pirojnası ) yesinlər» və mən brioş almağa başladım».

Əsərdə şahzadənin kim olduğu göstərilmir. Amma məsələ bundadır ki, Russo həmin sətirləri qələmə alanda (1769) Mariya Antuanettanın cəmi 14 yaşı var idi və o, Avstriyada yaşayırdı. Fransaya isə şahzadə 1770-ci illərin ortalarında, kral XVI Lüdovikə ərə getdikdən sonra gəlmişdi.

Ehtimal ki, Russonun sözləri Fransa inqilabının məlumatlı liderlərindən kiminsə yadına düşüb və o, nifrət bəslədiyi kraliçanı xalqın gözündən daha da salmaq üçün bundan istifadə edib. Mariya Antuanettanın dəbdəbəli həyata, qumara meyli Fransa xəzinəsinə çox baha başa gəlmişdi, kraliça həm də inqilabçılarla qəddar davranmağın tərəfdarlarından idi.

Məsəllər, deyimlər

ÇÖRƏK və TAMAŞA

►Hər hansı avtoritar cəmiyyətdə hakimiyyət və kütlə münasibətlərini mənfi qiymətləndirmək üçün işlədilən ifadə.

Latıncadan («Panem et circenses!») alınmış bu ifadənin müəllifi Roma satirik şairi Yuvenal (60–127) hesab olunur.

Qədim dünyanın bu məşhur şairi öz müasirlərini, onların naqisliklərini, mənəviyyat üçün deyil, qarınları üçün yaşadıqlarını davamlı tənqid edirdi. Şair 7-ci satirasında göstərirdi ki, hökmdarın həmin adamları ələ alıb özünə tabe etməsi çox asandır. Həm də bunun üçün çox xərc çəkməyə də ehtiyac yoxdur. Bu iş üçün çörək və əyləncəli tamaşalar kifayətdir. Çünki bu adamların ali məqsədi qarnını doyurmaq və mənasız şeylərlə əylənməkdir.

Həqiqətən, Qədim Romada hakimiyyətə can atanlar belə hesab edirdilər ki, kütləyə pul, ərzaq paylamaqla, onların başını qladiator döyüşü və vəhşi heyvanların qanlı savaşları ilə qatmaqla çox şeyə nail olmaq mümkündür.

Roma tarixində «çörək və tamaşa» siyasətinin ən parlaq nümunələri imperator Neronun hakimiyyəti dövrünə aiddir. Geniş kütlə imperatoru dəstəkləmək müqabilində ondan müftə yemək və pulsuz əyləncə istəyirdi. Həmin dövrdə «çörək və tamaşa» anlayışı plebeylər kütləsinin marağını bir rəmz olaraq ifadə edirdi.

Müasir siyasətdə bu məşhur ifadə daha çox seçki kampaniyasında və populist davranışlardakı mənfi halları təsvir etmək üçün işlədilir.

Məsəllər, deyimlər

ÇÜNKİ OLDUN DƏYİRMANÇI, ÇAĞIR GƏLSİN DƏN, KOROĞLU!

►İnsanın düşdüyü qeyri-adi, xoşagəlməz vəziyyətlə barışmaqdan başqa çarəsi olmadığını bildirən ifadə.

İfadə «Koroğlu» dastanının geniş yayılmış «Həmzənin Qıratı aparması» qolundan qaynaqlanır.

Qıratı oğurlamaq məqsədilə Koroğlunun yanına göndərilmiş Keçəl Həmzə, işlətdiyi hiylə nəticəsində Koroğlunun mehtəri olur. Qıratı əldə etmək mümkün olmadığından o, gecə ikən Düratı götürüb qaçır. Bundan xəbər tutan Koroğlu Qıratı minib onun dalınca çapır. Həmzə Qırxdəyirmanlara yaxınlaşarkən arxadan Koroğlunun onu təqib etdiyini başa düşür və yeni bir hiylə işlədir. Qarşıdakı dəyirmana girib dəyirmançı ilə paltarını dəyişir, onun paltarını geyib üz-gözünü unlayır və dəyirmanı işlətməyə başlayır.

Bu vaxt Koroğlu gəlib çıxır, atlının hara getdiyini soruşur. Sonra Qıratdan düşüb «dəyirmançı»dan atı saxlamağı xahiş edir. Koroğlu dəyirmana girən kimi dəyirmançı paltarı geymiş Həmzə Qıratın üstünə atılır. Koroğlu bayıra çıxıb əhvalatı başa düşür, lakin Qırata çatmağın mümkünsüzlüyünü görüb Həmzəni izləməkdən vaz keçir. O, Həmzəni səsləyib yalnız Qıratı incitməməsini və ucuz satmamasını xahiş edir. Həmzə getdikdən sonra «dəyirmançılıq» etməyə məcbur olan Koroğlu «çünki oldun dəyirmançı» misrası ilə başlanan məşhur qoşmasını oxuyur:

Çünki oldun dəyirmançı,

Çağır gəlsin dən, Koroğlu!

Verdin Qırı, aldın Dürü,

Döy başına, yan, Koroğlu!

İfadə bizim günlərdə kifayət qədər işləkliyini saxlayır. Hər hansı işi görməyə məcbur olan, düşdüyü vəziyyəti alın yazısı kimi qəbul edənlər öz durumlarını məhz bu ifadə ilə anlatmağa çalışırlar.

Məsəllər, deyimlər