Morfoloji əlaməti (şəkilçisi) olmayan təsirlik hal.
Qeyri-müəyyən təsirlik halda olan sözlər cümlədə obyekt rolunda çıxış edir və yalnız təsirli feilin yanında olur. Adlıq halın sualına cavab versə də, bu cür sözlərə asanlıqla müəyyən təsirlik hal şəkilçisi artırmaq olur: Əli kitab(ı) oxudu. Qeyri-müəyyən təsirlik halda olan söz cümlədə yalnız tamamlıq olur; məs.: Keçən il kəndimizdə ikimərtəbəli məktəb tikdilər.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiYiyəlik hal mənasına malik olub onun qrammatik funksiyasını yerinə yetirən, lakin şəkilçi ilə işlənməyən hal.
Qeyri-müəyyən yiyəlik halda olan sözlər II növ təyini söz birləşməsinin birinci tərəfini təşkil edir; məs.: ağac yarpağı, məktəb direktoru, kitab vərəqi və s. İsmin bu halı formaca adlıq hala oxşayır (şəkilçisiz işlənir, nə? sualına cavab verir). Qeyri-müəyyən yiyəlik halda işlənən sözə müəyyənlik bildirən hal şəkilçisini əlavə etdikdə bu sözdə mənaca və sintaktik funksiyaca dəyişiklik yaranmır: sinif rəhbəri – sinfin rəhbəri, ana vəsiyyəti – ananın vəsiyyəti və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiAsılı tərəfi mənsubiyyət şəkilçisi, yönlük, təsirlik, yerlik, çıxışlıq hal şəkilçisi qəbul edən, əsas tərəfi isə adlarla ifadə olunan ismi birləşmələr; məs.: camalı solğun, vətənə məhəbbət, təbiəti müşahidə, üzündə kədər, tələbələrdən ikisi və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSüjet xəttinin əsasını qəhrəmanların igidliyi və göstərdiyi şücaətlər təşkil edən xalq dastanları.
Qəhrəmanlıq dastanları ədəbiyyatımızda ən qədim dastan növüdür. “Kitabi-Dədə Qorqud” ana dilimizdə yaranmış ən qədim qəhrəmanlıq dastanları hesab edilir. “Koroğlu”, “Qaçaq Nəbi”, “Qaçaq Kərəm”, “Səttarxan”, “Qatır Məmməd” dastanları da qəhrəmanlıq dastanlarıdır. Bu dastanlarda xalqımızın azadlıq mübarizəsi ifadə olunub. “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanı həcmcə ən böyük qəhrəmanlıq dastanlarıdır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSüjetli bədii əsərdə son epizod, tamamlayıcı səhnə; final.
Qətdə süjet daxilində olan ziddiyyət və münaqişələr həll olunur, düyünlər açılır. Bu mərhələ əsərin bundan əvvəlki hissələri ilə üzvi surətdə bağlanmalı, əvvəlki hadisələrin təbii, məntiqi nəticəsi olmalıdır. H.Cavidin “İblis” faciəsinin sonunda İblisin monoloqu ilə, demək olar, bütün ziddiyyətlər açılır. Həmin hissədə yazıçının əsərdə çatdırmaq istədiyi ideya tam göstərilir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBir işin gələcəkdə icrası haqqında hazırda qətiyyətlə xəbər verən zaman forması.
Qəti gələcək zaman feillərə -acaq, -əcək (-yacaq, -yəcək) şəkilçisi artırmaqla düzəlir və hərəkətin icra olunacağını qətiyyətlə bildirir; məs.: I şəxsdə: qal-acağ-am, qal-acağ-ıq; II şəxsdə: qal-acaq-san, qal-acaq-sınız; III şəxsdə: qal-acaq, qal-acaq-lar və s. Qəti gələcək zamanda III şəxsin təkində feil şəxs şəkilçisi qəbul etmir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKlassik Şərq, eləcə də Azərbaycan şeirinin ən geniş yayılmış janrlarından biri.
Qəzəl, əsasən, 5, 7, 9, 11 beytdən ibarət olur. Qəzəlin 1-ci beyti həmqafiyə olur. Qalan beytlərdə isə 1-ci misra sərbəst buraxılır, 2-ci misra isə qəzəlin 1-ci beyti ilə həmqafiyə təşkil edir:
Olsaydı məndəki qəm Fərhadi-mübtəladə, (a)
Bir ah ilə verərdi min Bisütunu badə. (a)
Versəydi ahi-Məcnun fəryadımın sədasın, (b)
Quşmu qərar edərdi başındakı yuvadə?.. (a)
Gər görməmək dilərsən rəsmi-cəfa, Füzuli, (d)
Olma vəfaya talib dünyai-bivəfadə. (a)
Qəzəlin lirik şeir janrı olaraq uzun bir təşəkkül və inkişaf tarixi vardır. İzzəddin Həsənoğlunun «Apardı könlümü bir xoş qəmər yüz, canfəza dilbər» qəzəli anadilli şeirimizin ilk nümunəsidir. Ədəbiyyatımızda bu janrın ən gözəl nümunələrini N.Gəncəvi, İ.Nəsimi, M.Füzuli, S.Ə.Şirvani, Ə.Vahid və başqaları yaradıblar.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiQəzəl janrında yazılmış şeirin beytlərində hər misraya bir qısa misranın (müstəzad misra) əlavə edilməsi.
Nümunə:
Zahid, bu fəna mülkdə dövran sənin olsun,
verdim sənə yeksər.
Zöhdü vərəvü taətü iman sənin olsun,
məcmuyi sərasər...
Bixud ki məlamətlərə xəlq içrə boyandı,
yatmışdı, oyandı,
Get, dəhrdə, zahid, sərü-saman sənin olsun,
əl çək dəxi, kafər. (Molla ağa Bixud)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiAşıq deyişməlәri zamanı söylənilən tapmaca məzmunlu şeir; bağlama.
Bu zaman deyilən şeirlər məzmun, qafiyə, hətta rədif baxımından eyni olmalıdır. Forma baxımından, әsasәn, qoşma janrında olur. Aşıqlardan biri sual ifadə edən bir bənd deyir, digər aşıq şeirin formasını saxlamaqla həmin suala cavab verir. Qıfılbənd aşıqdan poetik istedadla yanaşı, bilik və məntiq tələb edir. Aşıqlar bir-birinin fəhmini, istedadını yoxlamaq üçün qıfılbənddən istifadə edirlər; məs.:
Aşıq Ələsgər:
Məğrurluq eyləyib ustadam deyən,
O hansı ağacdı, tağı yeddidi?
O ağacda bir quş yuva salıbdı,
Çarpaz sinəsinin dağı yeddidi.
Aşıq Bəhrəm:
Ustadam deyənlər məğrur olmasın,
Cəsəd damarının səri yeddidi.
Sinə yuvasında məskən salıbdı,
Ürək bir quş olsa, pəri yeddidi.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiər. – parça, hissə
Klassik Azərbaycan poeziyasında ictimai-siyasi, əxlaqi-tərbiyəvi məzmunlu lirik janr.
Qafiyə quruluşu qəzəl və qəsidəyə oxşasa da, ilk beytə görə fərqlənir. Qitədə ilk beytin misraları qafiyələnmir, bütün beytlərin ikinci misraları qafiyələnir: a.b, c.b, ç.b, d.b, ... Qitənin sonunda şair adını, təxəllüsünü işlətmir. Ədəbiyyatımızda Q.Bürhanəddin, İ.Nəsimi, S.Ə.Şirvani qitənin gözəl nümunələrini yaradıblar. M.Füzulinin “Padşahi-mülk...”, “Müəllim” qitələri ədəbiyyatımızda məşhurdur; məs.:
Ey müəllim, aləti-təzvirdir əşarə elm,
Qılma əhli-məkrə təlimi-məarif, zinhar.
Hiylə üçün elm təlimin qılan müfsidlərə,
Qətli-am üçün verir cəlladə tiği-abidar.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiDastanın bitkin süjetə malik bir hissəsi.
Şifahi xalq ədəbiyyatımızda bu termin daha çox “Koroğlu” dastanı ilə bağlı işlənir: “Durna teli” qolu, “Әrzurum səfəri” qolu və s. Qol dastanın üzvi tərkib hissəsi olsa da, çox vaxt konkret, bitkin bir süjetə malik olur. Aşıq məclislərində çox zaman bu və ya başqa qol müstəqil bir əsər kimi də ifa edilir. Ustad aşıqlar dastanın ümumi süjet xəttini inkişaf etdirərək ona yeni qollar da artırıblar. Qolu “Kitabi-Dədə Qorqud”dakı boyun analoqu hesab etmək olar.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiOzanların ifa etdiyi ən qədim simli çalğı alətlərindən biri.
Güman ki, qədim türk sözlərinin birləşməsindən yaranıb: “qop” (uca, yüksək) + “uz” (avaz). Sözün başqa etimoloji açıqlamaları da var. Qopuzun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. Bu alət türk xalqlarının yaşadığı coğrafi ərazilərdə geniş yayılıb. Ozan sənəti yüzilliklər və minilliklər boyu böyük təkamül yolu keçərək aşıq sənətinə çevrildiyi kimi, qopuz da təkamül nəticəsində indiki saz şəklini alıb.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBiri digərinin yuxarısında qoyulan iki nöqtədən ibarət durğu işarəsi (:).
Əsasən, aşağıdakı hallarda işlənir: 1) həmcins üzvlərdən əvvəl gələn ümumiləşdirici sözdən sonra: İkincidərəcəli üzvlər: tamamlıq, təyin və zərflik xəbərlə sintaktik əlaqəyə girir; 2) aydınlaşdırma əlaqəli bağlayıcısız tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında: Tərəflər razılığa gəldilər: sülh danışıqları davam etdiriləcək; 3) vasitəsiz nitqli cümlələrdə müəllifin sözlərindən sonra: Xətib Təbrizi demişdir: “Şeiri tənqid etmək onu yazmaqdan çətindir”.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSözdə iki saitin yanaşı gəlməsi.
Qoşasaitli sözlər iki qismə ayrılır: 1.Eynicinsli qoşasaitli sözlər. Belə sözlərdə qoşa sait bir uzun sait kimi tələffüz olunur. Qoşa saitlər sözün ortasında və söz sonunda gəlir; məs.: maaş, camaat, əmtəə, təbii, zoopark, məəttəl və s. Bu sözlərin hamısı alınma sözlərdir. 2. Müxtəlifcinsli qoşasaitli sözlər. Bura tərkibində ai, əi, iə, io, ia, aü, əa, üə, üa, ua, au, ao, eə, eo, ea hərf birləşmələri olan sözlər daxildir. Bu sözlərin tələffüzü zamanı ya saitlərdən biri düşür, digəri isə uzun tələffüz edilir, ya da iki saitin arasına samit əlavə edilir; məs.: səadət [sa:dət], teatr [tiyatr]. Bunlardan bəzilərinin yazılış və tələffüzü fərqlənmir: fauna, sauna, sual, memuar, kakao, fəal, mətbuat və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti