Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

haşiyə

1) Əsas süjetdən və ya mühakimə mövzusundan yayınma, kənara çıxma.

Bədii ədəbiyyatda iki cür haşiyəyə rast gəlinir. Mühakimə tipli mətnlərdə – esse, didaktik ədə­biyyat və s.-də müəllif hər hansı fikrini əsaslandırmaq üçün kiçik süjetli mətnə müraciət edir ki, həmin nəqli xarakterli mətn haşiyə adlanır. Məsələn, “Qabusnamə”, “Gülüstan”, “Kəlilə və Dimnə” kimi əsərlərdə rəvayət, hekayət tipli haşiyələrə tez-tez rast gəlmək mümkündür. Digər haşiyə növü çox zaman lirik haşiyə və ya ricət adlanır. Bu cür haşiyələrə təhkiyə formasında yazılmış epik və ya lirik-epik əsərlərdə geniş yer verilir. Müəllif təhkiyəyə ara verərək təsvir etdiyi hadisəyə və ya obraza münasibətini bildirir, yaxud təhkiyədən təsvirə, nəsrdən nəzmə keçir. Bu halda fəlsəfi mühakimə və ya peyzaj xarakterli mətn haşiyə adlanır.

2) Mətndə işlənmiş müəyyən söz və ya ifadələri şərh etmək üçün səhifənin aşağı hissəsində verilən izah.

Adətən, kiçik şriftlə yığılır. Mətndə aid olduğu hissənin sonunda ulduz işarəsi və ya rəqəm qoyulur.

3) Kitab və ya əlyazma vərəqində mətn ətrafındakı boş yerlərdə yazılmış qeydlər.

Orta əsr şairlərinin elmi-fəlsəfi məzmunlu əsərlərinin əlyazma nüsxələrində şərh və təfsir şəklində haşiyələrə təsadüf edilir. Haşiyə müəllifin özü və ya əsərin oxucusu tərəfindən yazıla bilər. Hər iki halda qədim əl­yaz­malardakı haşiyələr mətnşünaslar üçün dəyərli araşdırma obyektidir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

hekayə

Yazılı ədəbiyyatda epik növün həcm etibarilə kiçik janrı; bu janrda yazılmış əsər.

Əsasən, nəsrlə yazılır. Lakin mənzum hekayələr də vardır. Hekayənin məzmunu çox zaman konkret bir hadisə üzərində qurulur. Bu janrın ən görkəmli ustaları sırasında P.Merimenin, C.Londonun, A.Çe­xovun adlarını çəkmək olar. Azərbaycan ədəbiyyatında hekayə janrı XIX əsrdə formalaşmış, XX əsrdə inkişaf etmişdir. Ədəbiyyatımızda nəsrlə yazılmış hekayə janrının banisi A.Bakıxanov (“Kitabi-Əsgəriyyə”) hesab edilir. Azərbaycanda bu janrın inkişafında S.S.Axundov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, İ.Şıxlı, M.Cəlal, Anar və b. böyük rol oyna­yıblar.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

heroqlif

yun. hieros – müqəddəs + gluphoi – oyma, naxış

İdeoqrafik yazı sistemində səs, heca və ya anlayış bildirən işarə.

Bu işarələrin çoxu ifadə etdiyi anlayışı əks etdirir. Məsələn, qədim misirlilər “günəş” məfhumunu dairə çəkib içərisində nöqtə qoymaqla ifadə edirdilər.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

həbsiyyə

Orta əsr Şərq poeziyasında qəsidə, məsnəvi və s. formalarda yazılan, müəllifin acı taleyindən bəhs edən şeir növü.

Bəzən “zindaniyyə” də adlanır. Bu əsərlər bir müddət saray şairi olub hökmdarı və onun ailəsini mədh edən, lakin sonra bu və ya başqa səbəbə görə gözdən düşüb təqib və həbs olunan şairlərin həyatından bəhs edir. Böyük Azər­ba­y­can şairi Ə.Xaqaninin Şirvan hökmdarı Axsitanın əmri ilə həbs olunan zaman yazdığı “Həbsiyyə” məşhurdur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

həmcins cümlə üzvləri

Sadalama intonasiyası və ya into­nasiya və tabesizlik bağlayıcıları ilə əlaqələnən, eyni üzvlə bağlı olan və eyni suala cavab verən bərabərhüquqlu cümlə üzvləri.

Bu cür üzvlər arasındakı əlaqə tabesizlik əlaqəsi, bərabərhüquqlu əlaqədir; məs.: Dünən biz doyunca gəzdik, əyləndik, yedik, içdik, dincəldik. Bütün cümlə üzvləri həmcins ola bilir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

hərbə-zorba

Azərbaycan aşıq poeziyasında, daha çox deyişmələrdə təsadüf edilən şeir növü.

Hərbə-zorbada yumor elementləri üstünlük təşkil edir. Aşıqlar, adətən, de­yişmə prosesində rəqib qarşısında öz üstünlüyünü gös­tərmək məqsədilə hərbə-zorbaya müraciət edirlər. Daha çox qoşma formasında yaradılır; məs.:

İstəmirəm sənə dəyəm, dolaşam,

Bağırsam, qulağın kar olar onda!

Әlindən alaram telli sazını,

Gen dünya başına dar olar onda! (Aşıq Hüseyn Bozalqanlı)

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

hərf

Danışıq səslərini yazıda əks etdirən qrafik işarə.

Belə işarələrin müəyyən sistemlə ardıcıl olaraq düzülüşü əlifba adlanır. Eyni bir hərf sözdən və sözdəki yerindən asılı olaraq müxtəlif səsləri əks etdirə bilir. Məsələn, Azərbaycan əlif­basında k hərfi kömür, kart, bitki sözlərində müxtəlif səsləri əks etdirir: [k], [k`] [g].

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

həzəc

Əruz vəzninin Azərbaycan klassik poeziyasında geniş istifadə olunan bəhrlərindən biri.

Təfiləsi məfAİlün-dür; onun dörd dəfə təkrarı ilə düzəlir: “Məni candan usandırdı, cəfadan yar usanmazmı(M.Füzuli). Klassik ədəbiyyatımızda bir çox poemalar həzəc bəhrində yazılıb: “Leyli və Məcnun” (M.Füzuli), “Xosrov və Şirin” (N.Gəncəvi), “Dəhnamə” (Ş.İ.Xə­tai) və s.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti