Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

fantastika

yun. phantastike – təsəvvür, təxəyyül bacarığı

Gerçəkliyin irrasional, mistik, fövqəltəbii şəkildə təsviri.

F.-ya xas olan əsas cəhətlər bədii şərtiliyin yüksək dərəcəsi, təsvir olunan gerçəklikdə real məntiqi əlaqənin və obyektiv qanunauyğunluğun pozulmasıdır. Bununla yanaşı, F., sadəcə, “təxəyyül sərbəstliyi” deyil; yazıçının qələmə aldığı fantastik dünyada oxucunun real aləmdə qarşılaşdığı sosial fenomenlər və mənəvi dəyərlər aydın sezilir. F.-nın poetikası real aləmin ikiləşməsi ilə bağlıdır. Burada baş qəhrəman ya tamamilə mistik, qeyri-adi bir aləmə düşür (məsələn, C.Sviftin “Qulliver”ində və ya L.Kerrollun “Alisa möcüzələr ölkəsində” əsərlərində olduğu kimi), ya da o, fantastik, irreal hadisələrlə üzləşir (H.Uelsin “Görünməz adam” və ya Anarın “Əlaqə” povestlərində olduğu kimi). Fantastik obrazlılıq şifahi və yazılı ədəbiyyatın bütün dövrlərində müxtəlif janrlarda (nağıl, əfsanə, epos, qrotesk, satira və s.) bu və ya digər dərəcədə özünü göstərib.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

fantasmaqoriya

yun. phantasma – xəyal + agoreuo – danışıram

Bədii əsərdə təsvir olunan mistik, qeyri-real hadisələr, obrazlar, qarabasmalar; bu cür epizodlarla zəngin bədii əsər.

F. fantastikanın bir növüdür və elmi fantastikadan kəskin surətdə fərqlənir. Burada müəllif baş verən mistikanın izahı qayğısına qalmır, əksinə, onu tamamilə normal bir hadisə kimi qələmə alır. Bu cür əsərlər, adətən, ümumilikdə realist üslubda yazılır və fantasmaqorik obraz və ya hadisə əsərin ideyasının qabardılmasına xidmət edir. F. elementləri bədii əsərlərdə həmişə mövcud olub. Lakin ədəbiyyatşünaslıqda bu termin XX əsrin sonlarında M.Bulqakovun “Usta və Marqarita” əsəri məşhurlaşdıqdan sonra meydana gəlib. Azərbaycan ədəbiyyatında Y.Səmədoğlunun “Qətl günü” romanı, eləcə də Anarın “Əlaqə” povesti F. elementləri ilə zəngindir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

fləşbək

ing. flash – parıltı + back – geri

Bədii üsul: hadisələrin xronoloji ardıcıllıqla təhkiyəsinə fasilə verərək keçmişdəki hadisələrin nəql edilməsi.

Fləşforvard kimi F. də bədii ədəbiyyatla yanaşı, kinematoqrafiyaya xas olan üsuldur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

fləşforvard

ing. flash – parıltı + forward – irəli

Bədii üsul: hadisələrin xronoloji ardıcıllıqla təhkiyəsinə fasilə verərək gələcək hadisələrin nəql edilməsi.

F. süjetfabula arasında fərq yaradan üsullardandır. Bu zaman süjet xətti kəsilir və çox sonradan baş verəcək hadisələrdən söhbət açılır. Çox zaman bu hadisələr qəhrəmanın yuxusu və ya öncəgörməsi şəklində təqdim olunur. Modernizm cərəyanı üçün xas olan üsullardan biridir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti