Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

şərəf və ləyaqətin ləkələnməsi

Əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ­ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında və­təndaş barəsində mənfi rəy yaradan ya­lan məlumatların yayılması.

Şərəfləyaqəti ləkələyən məlumat üç xassəyə malikdir: o, insan haqqında mənfi rəy ya­radır, yalan olur və başqa şəxsə (şəxslərə) bildirilməklə, yaxud KİV-də yayılmaqla ictimailəşir. Ş.L.L.-nə bu tərifi vermiş Azər­baycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına görə (1999), yol verdiyi nöqsanlarla bağlı və­təndaşın tənqid edilməsi «ləkələnmə» kimi qiymətləndirilə bilməz. KİV qanunvericiliyi vətəndaşların şərəf və ləyaqətinin mediada alçal­dıl­masına yol vermir. Belə hallarda və­tən­daşlar cavab hüququndan yararlana, tək­zib tələb edə, yaxud ləkə­ləyici məlumat yaymış tərəfin cərimə­lən­məsi, başqa formada məsuliyyətə cəlb olunması üçün məhkəmədə iddia qaldıra bilərlər.

Jurnalistika terminləri lüğəti

şərhsiz

1. Telejurnalistikada videosüjetin, kadrın, çap mediasında fotoşəkillərin çıl­paq fakt kimi izahsız təqdim olunması for­ması.

İngilis dilində «No comment» kimi səslənən bu xəbərçilik forması Qərb jur­nalistikasında geniş yayılıb. «Ş.» rubrikası altında ən son hadisələrdən məzmunlu, emosional, əslində, həqiqətən şərhə eh­tiyacı olmayan «danışan» şəkillər və kadrlar yerləşdirilir. 

2. Jurnalistlərin suallarına cavab verə bilmədikdə, yaxud bunu is­tə­mədikdə siyasətçilərin tez-tez işlətdikləri ifadə.

Ş. ifadəsi siyasi leksikona II Dünya müharibəsindən sonra daxil olub. Bir çox mənbələrə görə («Frazeologiya lü­ğəti», Moskva, 2013; «Tanrı Amerikanı ­qo­rusun. Patriotik söz və ifadələrin mən­şəyi», Nyu-York, 2013 və s.), onu İn­­gil­tərənin baş naziri Uinston Çörçill dəbə salıb. 1946-cı il fevralın 12-də Ağ evdə ABŞ prezidenti Harri Trumenlə görüşdən çıxanda Çörçill jurnalistlərin suallarını belə cavablandırıb: «Məncə, «Ş.» gözəl ifadədir. Mən onu dönə-dönə təkrarlayıram». Baş nazir bu ifa­dəni amerikalı diplomat Samner Uells­dən götürdüyünü də deyib.

Jurnalistika terminləri lüğəti

şərikli əsər

Kollektiv əsərlər istisna ol­maq­la iki və ya daha çox müəllifin birgə ya­rat­dığı əsər – kitab, məqalə, ssenari, film, veriliş və s.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

şərikli müəlliflik

İki və ya daha çox şəxsin birgə əməyi ilə yaradılan əsərə müəlliflik hüququ.

Bu hüquq şərikli əsərin bütöv­lüyündən və ya müstəqil əhəmiyyətə malik ayrı-ayrı hissələrdən tərtib edilməsindən asılı olmayaraq birlikdə şərik müəlliflərə məxsusdur. Şərikli əsərin müəlliflərinin heç birinin əsaslı dəlil olmadan digərinə həmin əsərdən istifadəni qadağan etməyə ixtiyarı yoxdur. Şərikli əsərlərə müəlliflik hüququ müəlliflərin həyatı boyu və onlardan sonuncusunun vəfatından sonra 70 il müd­dətində qüvvədə qalır.

Jurnalistika terminləri lüğəti