Ya dost olma, ya zəhmətdən incimə,
Dost yolunda boran, qar olacaqdı.
Ələsgər, üsyanın çıxıbdı sandan,
Öldürsən zənburu, əl çəkməz şandan.
Hərcayıdan, müxənnəsdən, nadandan,
Nə söz qaldı sənətkara dəyməmiş.
Aşıq olub diyar-diyar gəzənin,
Əzəl başdan pür-kamalı gərəkdi.
Oturub durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdi.
Bir mərd ilə ağı yesən – şirindir,
Yüz namərdlə şəkər yesən – dad olmaz.
Əl vurma gücün çatmayan daşa,
Qaldıra bilməzsən, zora düşərsən.
Təzə aşnalıqla köhnə dostluğun
Fərqi var qış ilə yaz arasında.