Mao Tszedunun (1893–1976) ideoloji tezislər sisteminə əsaslanan siyasi nəzəriyyə və praktika.
Marksizm, stalinizm və ənənəvi Çin fəlsəfəsinin (əsasən, konfusiçilik) təsiri altında formalaşmış M. XX əsrin 60–70-ci illərində Çinin rəsmi ideologiyası olub. Qeyri-iqtisadi məcburiyyət və əməyin mənəvi-ideoloji stimullaşdırılması metodlarına üstünlük verilməsi, şəxsiyyətə pərəstiş, daxili imkanlar və fiziki əməyə əsaslanaraq iqtisadi inkişaf sürətini artırmaq cəhdləri, siyasətdə volyuntarizm onun ən səciyyəvi cəhətləri sayılır. Beynəlxalq kommunist hərəkatında M.-in çoxsaylı tərəfdarları mövcud olub. Müasir dövrdə bu ideologiya dünyanın bir çox ölkələrində, əsasən, tələbə gənclər və ziyalı təbəqəsinin müəyyən qrupları arasında yayılıb. Onlar M.-ə istehlakçı Qərb sivilizasiyasının real alternativi kimi baxırlar. Asiya və Latın Amerikasının bəzi ölkələrində isə uzun illərdir ki, maoçu silahlı qruplaşmalar fəaliyyət göstərirlər.
Tarix terminləri lüğəti