Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏFSƏR alman.

offizier sözündəndir. Alman dilindən bir çox dillərə keçmişdir. Dilimizdə zabit mənasındadır, rus dili vasitəsilə keçmiş antroponimlərdəndir. Rus dilində ofiser (офицер – zabit) kimi səslənən bu söz dilimizdə təhrif olunmuş şəkildə, əfsər kimi işlənmiş, sonradan xüsusi ismə çevrilmişdir.Hələ XX əsrin əvvəllərində Əfsər şəxs adına rast gəlinirdi. Bəzi mənbələrdə fars dilində olan efsər sözü ilə əlaqələndirilir. Dilimizə tərcümədə daş, bər-bəzəkli, qiymətli daş-qaşla bəzədilmiş baş geyimi mənasındadır.

Türk dilində olan şəxs adları lüğətlərində də sözün həm fars dilindəki, həm də alman dilindəki mənası (fars dilindən daş, alman dilindən əsgər) verilir. Bu gün artıq gənc və orta nəslin nümayəndələri arasında Əfsər adına rast gəlinmədiyini nəzərə alaraq deyə bilərik ki, məişətimizdə unudulmaqda olan adlardandır. Adın daşıyıcılarından görkəmli bəstəkar Əfsər Cavanşirov (1930-2006) Azərbaycan Rеspublikası Dövlət Tеlеradiо Vеrilişləri Şirkətinin “Bənövşə” uşaq xоru və rəqs ansamblının bədii rəhbəri olmuşdur. XX əsrin 70-90-cı illərində fəaliyyət göstərmiş ”Bənövşə” uşaq xorunda bu gün Azərbaycanda məşhur istedadlı vokalçılar və xanəndələr yetişmişdir. Məhz bu səbəbdən hələ sağlığında Əfsər müəllim “Uşaqların maestrosu” adına layiq görülmüşdü.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏHLİMAN ərəb.

ahl-iman sözündəndir.

Əhliman (bax: ad – ƏHL; İMAN) kişi adı iman əhli, dindar, imanlı adam, din əhli mənalarını ifadə edir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏHMƏD ərəb.

ahmad (əslində hamida) sözündən olub, tərifə layiq, bəyənilmiş, mədh edilməyə layiq, tərifləmək anlamlarını ifadə edir.

 

Adətən lüğətlərdə Əhməd “daha çox tərifə layiq olan” kimi izah edilir. Əhməd Şərq ölkələrində, eləcə də türk dünyasında geniş yayılmış kişi adlarındandır desək, yəqin ki, yanılmarıq. “Şəfa” kitabının müəllifi Qazı İyaza görə: “Rəsulullah (s.ə.s.) Məhəmməd adı verilməmişdən əvvəl Əhməd idi. Çünkü keçmiș səmavi kitablarda (“Tövrat” və “İncil”də) Əhməd adı ilə adlandırılırdı. “Qurani-Kərim”də isə onun adı Məhəmməd kimi verilir. İslam dini ilə bağlı mənbələrdə qeyd edildiyi kimi, o, insanlar onu (Rəsulullahı) öymədən əvvəl Rəbbini mədh etmişdir, Ona həmd etmişdir. O, axirətdə Rəbbinə həmd edəcək, Allah da onun șəfaətini qəbul edəcək. O, “Həmd” surəsi (“Fatihə”), Livaul-Həmd (Həmd bayrağı) və Məqami-Mahmud kimi hədiyyələrlə şərəfraz edildi; müxtəlif davranıșlardan sonra həmd etmək ona şəriət hökmü kimi əmr edildi; ümməti “hammadun” adlandırıldı və onda həmdin bütün mənaları cəmləndi”. Beləliklə, dini mənbələrdən də məlum olur ki, Əhməd Məhəmməd Peyğəmbərin adlarındadır. Müsəlman aləmində əvvəllər ailələrdə qardaşların adları çox vaxt Əhməd və Məhəmməd olardı. Tarixdən məlum olduğu kimi, XII əsrin sonları, XIII əsrdə də Marağa hakimi olmuş Əlaəddin Körpə Arslanın oğlanlarının adları Əhməd və Məhəmməd olmuşdur. Adın Şərqdə məşhur daşıyıcılarından misirli əsgər və milli lider Əhməd Ərəbi (1839-1911), Əfqanıstan dövlətinin banisi və birinci monarxı Əhməd Şah Durani (1724-1773), yaxud XVII-XVIII əsrlərdə yaşamış Türkiyə sultanlarından Sultan Əhməd, Azərbaycanda XX əsrin əvvəllərində yaşayıb-yaratmış Əhməd bəy Ağayev kimi məşhurlar var. İrəvan xanlığının tarixində Əhməd xan 1806-1807-ci illərdə İrəvan xanı olmuşdur. Azərbaycan ərazisində Əhməd şəxs adı ilə əlaqədar Əhmədabad, Əhmədavar, Əhmədbəyli, Əhmədli və s. toponimlər də geniş yayılmışdır. Əhmədov, Əhmədli, Əhmədzadə soyadları da Azərbaycanda geniş yayımışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏHMƏDAĞA ərəb.

mürəkkəb adların tərkibində işlənən Əhmad və azərb. arxaikləşmiş ağa titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Əhmədağa (bax: ad – ƏHMƏD; AĞA) kişi adı Əhməd ağa anlamındadır. Azərbaycan ərazisində, Ağdam bölgəsində, dağətəyi düzənlikdə keçmişdə Bəylik, bu gün isə Əhmədağa şəxs adı ilə əlaqədar Əhmədağalı kəndi yerləşir. Əhmədağalı toponimi həmin bəylərin mənsub olduqları nəslin adından, yəni Əhmədağa adından götürülmüşdür.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ƏHMƏDƏLİ ərəb.

mürəkkəb adların tərkibində işlənən Əhmad Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Əhmədəli (bax: ad – ƏHMƏD; ƏLİ) kişi adı hörmətli, yüksək nüfuz sahibi Əhməd mənasındadır. Adın təhrif olunmuş forması Əhmədalı da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Azərbaycanda Əhmədalı adı ilə əlaqədar toponimlər də az deyildir. Füzuli bölgəsində Əhmədalı şəxs adı ilə əlaqədar Əhmədalılar kəndi vardır. Müqəddəs ocaq sayılan Əhmədalı türbəsi də həmin kənddə yerləşir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti