Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

CANSEVƏR fars.

mürəkkəb adların tərkibində işlənən can sözü və azərb. Sevar adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan antroponimikasında mürəkkəb adların tərkibində iştirak edən can sözü bir neçə məna ifadə edir. Cansevər (bax: ad – CAN; SEVƏR) kişi adının tərkibindəki can sözü həyat, varlıq, yaşayış mənalarını ifadə edir, ad da müvafiq olaraq həyatsevər anlamına gəlir. Məişətimizdə nadir şəxs adlarından olan Cansevər adı digər türk xalqlarında geniş yayılmış antroponimlər sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

CARULLA ərəb.

car (civar – qonşu sözündəndir) və Üllah sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Əslində Carullah (bax: ÜLLAH) olan kişi adı Tanrıya, Allaha yaxın olan (adam) mənasındadır.

Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar şəxs adları sırasındadır. İslamda müqəddəs hesab edilən şəhərlərdən olan Məkkə şəhərinin sakinlərinə bir vaxtlar Carullah deyilmişdir. Adın təhrif olunmuş forması Cərulla da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Məişətimizdə Carullah adı bu gün yalnız Cərulla formasında mövcuddur. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Carul- la/Cərulla bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

CAVAD ərəb.

cavad (əslində cavad) kəramət, əliaçıq, səxavətli, comərd mənasındadır. Ərəb dilində cəvad həm də at mənasındadır.

Dilimizin ahəng qanununa uyğun Cavad formasındadır. Cavad saf, qüsursuz anlamlarında olan Cevdət şəxs adı (bax: ad – CEVDƏT) ilə eyni kökdəndir. Amma nədənsə lüğətlərdə ad sözün yalnız səxavət, kəramət, səxavətli, comərd mənaları ilə əlaqələndirilir. Adın daşıyıcılarından 1785-1804-cü illərdə Gəncə xanlığının hakimi olmuş, sərkərdə, sonuncu Gəncə xanı Cavad xan (1748-1804) hakimiyyətdə olarkən 30 minlik yaxşı silahlanmış atlı və piyada qoşunu ilə daim Rusiya və qonşu gürcü Kartli-Kaxetiya knyazlığının hücumlarına qarşı mübarizə aparmışdır. Rus qoşunlarının komandanı Sisyanovun qoşunu ilə Qala divarları uğrunda döyüşlərdə oğlu ilə birlikdə ruslar tərəfindən öldürülmüşdür.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

CAVANŞİR fars.

mürəkkəb adların tərkibində işlənən Cavan adı və çir sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Cavanşir (bax:ad – CAVAN; ŞİR) kişi adı şir kimi igid gənc, cavan, aslan ki- mi möhkəm, məğrur, qüvvətli cavan, cəsur, cəsarətli, qorxu bilməyən, şir ürəkli cavan anlamlarını ifadə edir.

Məişətimizdə, tariximizdə qədim şəxs adlarındandır. Adın daşıyıcılarından Cavanşir (-681) Azərbaycan Alban dövlətinin hökmdarı, görkəmli dövlət xadimi və sərkərdəsi, məşhur Mehranilər sülaləsinin ən qüdrətli nümayəndəsi olmuşdur. VII əsrdə məşhur Albaniya hökmdarı Arranşah Cavanşirin dövründə ölkə yadelli işğalçılara qarşı uğurla döyüşmüş, öz müstəqilliyini saxlaya bilmişdir. Tarixdə eyni məzmunlu Körpə Arslan adı da mövcud olmuşdur. Məlum olduğu kimi, Nizami dövründə bu adı Marağa hakimi daşımışdır. Cavanşir kişi adı XX əsrdə məişətimizdə çox geniş yayılmış şəxs adları sırasında olsa da, bu gün müşahidəediləcək dərəcədə azalmışdır. Hazırda Azərbaycanda Cavanşir adını daşıyanlar əsasən orta və yaşlı nəslin nümayəndələridir desək, yəqin ki, yanılmarıq.

Azərbaycan şəxs adlarının izahlı lüğəti