Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BƏYLƏR azərb.

mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş bay titulu və lar kəmiyyət şəkilçisinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Bəylər (bax: ad – BƏY; LƏR) kişi adı hərtərəfli bəy olan, oturuşundan, duruşundan, rəftarından,özünü aparma tərzindən, bir sözlə, hər cəhətdən bəy olan mənasındadır.

Qeyd etmək lazımdır ki, Cənubi Qafqazın digər respublikalarında da (Beqler, Beqleri formasında) mövcud şəxs adlarındandır. Adın daşıyıcılarından Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş (ölümündən sonra) Bəylər Ağayev (19691992) I Qarabağ müharibəsində Xanalılar kəndi uğrunda gedən ağır döyüşlərdə əsgərlərimizlə birlikdə düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmiş, özü də qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BƏYLƏRBƏYİ azərb.

Baylar adının və mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş bay (III şəxs məns. ş.) titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır. 

Bəylərbəyi (bax: ad BƏYLƏRBƏY) kişi adı fövqəladə, çox böyük imtiyazlara malik bəy mənasındadır. Keçmiş dövrlərdə Azərbaycanda, eləcə də İranda vilayət hakimi, vali, başçı anlamına gəlir. Bəylərbəyi kişi adı Cənubi Qafqaz xalqlarının dilinə keçmiş adlardandır. Qonşu Qafqaz xalqlarının dilində Bəylərbəyi bu günümüzdə də Beqlerbeq kimi işlənməkdədir. Adın təhrif olunmuş forması Bəylərbəy də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Bəylərbəyi bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BƏYZADƏ azərb.

mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş bay titulunun və zada sözünün birləşməsindən yaranmış addır.

Bəyzadə (bax: ad – BƏY; ZADƏ) kişi adı bəy oğlu, bəy nəvəsi, bir sözlə, bəy nəslindən olan, zadəgan, əsilzadə, kübar anlamlarını ifadə edir. Vaxtilə yalnız Azərbaycanda deyil, ümumiyyətlə Cənubi Qafqazda və İran üçün səciyyəvi titullardan biri də Bəyzadə olmuşdur. Məlum olduğu kimi, Azərbaycan şəxs adları sistemində tituldan formalaşmış kifayət qədər antroponim mövcuddur. Bəyzadə də bu qəbildən olan kişi adları sırasındadır. Bu gün artıq dilimizin antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan, yalnız soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BİNNƏTƏLİ ərəb.

Binnat və mürəkkəb adların tərkibində işlənən Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Binnətəli (bax: ad – BİNNƏT; ƏLİ) Tanrı tərəfindən bəxş edilən övlad, Tanrı tərəfindən bağışlanmış övlad anlamını ifadə edir. Adın təhrif olunmuş forması Binnətalı da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti