Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

XANÇOBAN azərb.

mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş xan titulu və Çoban adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Azərbaycan antroponimikasında qədim şəxs adları sırasında olan Xançoban (bax: ad – XAN; ÇOBAN) xan çoban, çobanların rəhbəri, baş çoban anlamındadır. Xalq arasında məşhur “Apardı sellər Saranı” rəvayətinın, eləcə də xalq tərəfindən çox sevilən, eyniadlı xalq mahnısının qəhrəmanlarından birinin adı Xançobandır. Sonradan bir çox folklor mətnlərini hekayələri üçün əsas seçən Xalq Yazıçısı, görkəmli nasirdramaturq İ.Əfəndiyevin (1914-1996) bütün əsərləri kimi, “Apardı sellər Saranı” adlı hekayəsi də xalq tərfindən çox sevilmişdi. Bütün bu amillər Xançoban adının məişətimizə daxil olmasında özünəməxsus rol oynamışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

XANDƏMİR azərb.

mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş xan titulu və Damir adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Xandəmir (bax: ad – XAN; DƏMİR) şəxs adı bu gün də Azərbaycanda kifayət qədər rast gəlinən kişi adlarındandır. Xandəmir antroponimi dəmir kimi xan, dəmir kimi möhkəm xan anlamlarını ifadə edir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

XANLAR azərb.

mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş xan titulu və -lar cəm şəkilçisindən yaranmış şəxs adıdır.

Xanlar (bax: ad – XAN; -LAR) kişi adı xanlar xanı, adına layiq xan,əsl xan anlamındadır. XX əsrdə məişətimizdə geniş yayılmış kişi adlarındandır. Adın daşıyıcılarından Xanlar Həsən oğlu Səfərəliyev (1885-1907) Azərbaycanda əsrin əvvəllərində fəhlə hərəkatının üzvü, N.Nərimanovun təşkil etdiyi “Hümmət” təşkilatının fəallarından olmuşdur. Sovet dövründə Xanlar rayonu (indiki Göygöl bölgəsi), Bakıda Xanlar körpüsü onun adını daşımışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

XANMURAD azərb.

mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş xan titulu və ərəb. Murad adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Xanmurad (bax: ad – XAN; MURAD) kişi adı xan əzəmətli Murad, Murad xan mənalarını ifadə edir. Adın daşıyıcılarından XIX əsrdə yaşamış Qarabağ bəylərindən olmuş Xanmurad bəy Xıdır oğlu Qaraçöplü (1800-?) Azərbaycan tarixində özünəməxsus iz qoymuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

XANPAŞA azərb.

mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş xan paça titullarını bildirən sözlərin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

İki ünvanın, iki fəxri adın birləşməsi ilə yaranan mürəkkəb Xanpaşa (bax: ad – XAN; PAŞA) kişi adı özündə bir əzəmət, amiranəlik, zabitə ehtiva edir desək, yəqin ki, yanılmarıq. Xanpaşa xan Paşa, paşaların ən üstünü olanı, ən əzəmətli hökmdar, ən zabitəli xan anlamlarını ifadə edir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

XANPOLAD azərb.

mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş xan titulu və fars. Polad adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Xanpolad (bax: ad – XAN; POLAD) mürəkkəb şəxs adının tərkibində ikinci komponent bənzətmə mahiyyətlidir. Yəni öz xanlığını polad kimi qoruyan, polad kimi xan, polad qədər möhkəm, əyilməz xan mənalarını ifadə edir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti