Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

KƏRİM ərəb.

Karim sözü dilimizdə ulu Tanrıya aid kərəm və səxavət sahibi, lütf və ehsan sahibi, mərhəmətli, inayətkar mənasındadır.

Allahın məlum 99 adından biri olan əl-Kərim çox comərd mənasındadır. Keçən əsrdə olduğu kimi, bu gün də Kərim məişətimizdə çox geniş yayılmış kişi adları sırasındadır. Adın daşıyıcılarından mühəndis xidməti general-leytenantı Kərim Kərimov (1917-2003) 1945-ci ildən iyirmi il SSRİ Müdafiə Nazirliyinin aparatında müxtəlif vəzifələrdə işləyərək, böyük mühəndisdən kosmik vasitələr idarəsinin rəisliyinə qədər yüksəlmişdir. 1965-ci ildə sahə sənaye nazirlikləri yarandıqda K.Kərimov Ümumi Maşınqayırma Nazirliyində Baş kosmik idarəyə rəhbərlik etmişdir. Sovet sənayesi “Soyuz” uçan pilotlu gəmilərin istehsalında böyük səy göstərən dövrdə K.Kərimov bu gəmilərin uçuşu üzrə dövlət komissiyasının sədri təsdiq olunmuş, bu vəzifədə fasiləsiz olaraq 25 il xidmət etmişdir. Kərimov bir sıra orden və medallarla təltif olunmuşdur. Yerin zondlaşdırılması üçün oriyentirli peykləri yaratdığına görə Lenin, bir sıra beynəlxalq uçuşların müvəffəqiyyətlə həyata keçirilməsinə görə SSRİ Dövlət mükafatlarına layiq görülmüşdür.

Azərbaycan şəxs adlarının izahlı lüğəti